“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Turkustan.az-ın məlumatına görə, təyyarə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilib.
Təyyarənin uzunluğu 36,24, hündürlüyü 1.55 metrdir. Təyyarənin maksimum sərnişin sayı 100 nəfərdir.
2014-cü ildə Azərbaycan "Embraer-190" tipli iki təyyarənin alınması üçün ümumi dəyəri 95,4 mln. dollar təşkil edən müqavilə imzalayıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Aktauda baş verən təyyarə qəzasından sonra yaranan yanğını tam şəkildə söndürüblər. Hazırda hadisə yerində həkimlər fəaliyyət göstərir./modern.az