Tik-Tokun pulları kimin cibinə axır? – Baxma, iqnor et!


Daxili İşlər Nazirliyinin “tik-tok” sosial şəbəkəsində keçirdiyi əməliyyat ictimai rəyin əsas müzakirə mövzusudur. Bütün sosial şəbəkələrdə insanlar polisə bu əməliyyat üçün təşəkkür edir. Hamı əməliyyatı təqdir edir. Sosial şəbəkədə hər cür mənəvi kriteriyanı ayaq altına atan bu adamların uzun illər həbsdə saxlanılmasını istəyənlər də var. Hətta tik-tok-un bağlanması üçün çağırış edənlər də az deyil…

“Dəstəkçilər” kimlərdir?

“Tik-tok”da bütün kriteriyaları aşan, ictimai hörmətsizlik nümayiş etdirən bu dəstənin saxlanılması əlbəttə ki yaxşı addımdır. Kimlər üçünsə diqqət cəlb edən bu vasitələr keçirdikləri müxtəlif “şoular”, tərbiyəsiz, qeyri-etik davaranışları ilə cəlb etdikləri auditoriyanı manipulyasiya edirlər. Bunun nəticəsində böyük auditoriya yığırlar və birdən-birə onminlərlə dəyəri olan hədiyyələr alırlar.

İndi əsas məsələ bu “hədiyyələrin” mənbəyini araşdırmaqdır. Çox təəssüf ki, tik-tok çirkli pulların yuyulması üçün alətlərdən birinə çevrilib. Bir çox ölkələrdə “tik-toku”un fəaliyyətinə qoyulan qadağada əsas səbəblərdən biri də bu olub. Bir daha xatırlatmaq yerinə düşər ki, internet bir çox ölkələrdə tik-tokdakı bu cür mütəşəkkil dəstələrə qarşı böyük əməliyyatlar keçirilməsi barədə xəbərlərlə doludur.

Çox sadə izah edək: İlhamə adlı qadın orda tullanıb-düşür, tərbiyəsiz ifadələrlə diqqət cəlb edir və yarışmanın sonunda dəyəri 10-20 min manat olan hədiyyələrlə “qalib” olur, növbəti günə keçid edir. Sizə də maraqlı deyilmi, bu qadına hansı keyfiyyətinə görə minlərlə manat hədiyyə göndərilir? Gözəl qadındır? Yox. İstedadı dəyərləndirilir? Olmayan məsələ dəyənləndirilə bilməz. Onu bu cür oynatmaq üçün bir saatı 100 manatdan qonorar verib hansısa çayxanalara, kafelərə dəvət edirdilər axı. Belə bir adama hər saata 10-20 min manatı kim, niyə versin? Bu “dəstəkçilər”in məqsədi nədir? Hardan çıxıb bu “dəstəkçilər”? Və onlar bu pulları haradan qazanıblar? Bu adamların olmayan başına onminlərlə manat hardan yağıb ki, onu da tik-tokda ilhamələrin, ləmanların başına tökürlər?

İkinci sual, əgər bu pullar ilhamələrə, ləmanlara qalırsa, bunlar niyə hələ də kirayə evlərdən ağlaşma videoları çəkib, boş soyducularını göstərirlər? Bəs axı hamının gözünün qabağında “dəstəkçiləri”i bunlara “şir”lər, “pələnglər” göndərir?

Məsələ bu qədər sadə və açıqdır: Bir məsələni 100-200 manata həll etmək olursa, o məsələyə 10 min manat xərcləyən adam dəli olmalıdır. Ölkədə bu qədər dəli ola bilməz. Dəli adamda yüzminlərlə “çölə töküləsi” vəsait də ola bilməz. O zaman bu adamlar kimlərdir? Kimdir bu “dəstəkçilər”? Doğrudanmı, ölkədə bu qədər harın, pulunun yerini bilməyib onu İlhaməyə, Ləmana, Tosuya, Mosuya xərcləyən var? Əgər yoxdursa, o zaman bu pullar hansı məqsədlə göndərilir? Maraqlı sualdı, eləmi?

Məsələ budur ki, bu sualın cavabı tapılıb, “dəstəkçi”lərin axırına çıxılmasa, yenə də 5-3 manata hoppanıb düşən İlhamə, 2-3 manata qaynanasını söyən Ləman, Tosu, Mosu tapılacaq.

O şirkətlər kimlərindir?

Azər Zahidin “şousunda” ortaya bir maşın qoyulmuşdu, maşının üstündə şirkət adından əl qoymağa yer yox idi. “Studiyası” hər cür məişət texnikası ilə (işin harasıdı ki, studiyaya direl də gəlib çıxmışdı) doldurulmuşdu. O şirkətlərdən bir sosial layihədə iştirak barədə xahiş edilsə, istedadlı, imkansız bir uşağın təhsil haqqının ödənilməsi gözləntisi olsa, ağlaşma qurarlar. Canları çıxar, yenə də bir manat xərcləməzlər. Bəs Azər Zahidin şousunda İlhamənin hoppanıb-düşməsinə nə əcəb sponsorluq ediblər? Araşdırılmalı söhbətdir.

Baxma, iqnor et!

Tik-tokda olan bu əməliyyatdan sonra adamlar sevinir. Polisə təşəkkür edir. Biz də təşəkkür edirik. Amma bir məsələni yazmaya bilmirəm. Bu qədər adam orda baş verənlərdən detalına qədər məlumatlıdırsa, deməli, baxıb. İndi də həbsə sevinirlərsə, deməli, əsəbləşə-əsəbləşə baxıb. Əziz izləyici, baxma!

Bu adamları sən baxıb, müzakirə edib, məşhurlaşdırmısan. O da sənin diqqətini daha çox çəkmək üçün tərbiyəsizliyini sonsuzluğa qədər uzadır. Dövlət də məcbur olub, bu adamlarla məşğul olur, onları ictimai əxlaq qaydalarını pozmamağa dəvət edir.

Sən baxmasan, müzakirə etməsən, məşhurlaşdırmasan, bunun heç biri olmayacaq! İqnor et, “maraqlanmıram” düyməsini tıkla, səviyyəli aparıcıya, maraqlı verilişə bax, məlumatlan, əylən amma, sənin əsəbinə toxunan, telefondan sənə söyən bu səviyyəsiz yığınına baxma! Cəzalandırmaların ən böyüyü sənin laqeydliyindi. Baxma, iqnor et, adam yerinə qoyma! Vəssalam. Sən olmasan, məşhurlaşdırmasan, dəstək olmasan, onlar heç kimdir!

Tik-tok bağlansınmı?

Tik-tokun bağlanması ilə bağlı çağırışlar var. Bu çağırışlar zərərlidir. Tik-tokun Azərbaycan seqmentində uzağı 50 nəfərə qədər bu cür biədəb, özünün apara bilməyən, gördüyü tərbiyəni kütləvi nümayiş etdirən guruh var. Bu adamlar həm də anlamırlar. Anlamırlar çox yumaq oldu, qanmırlar. Çox sadəcə qanmırlar ki, sosial şəbəkə üzərində bir nəfərin belə baxdığı yayın kütləvidir. Kütləvi yayında deyilən söz, edilən çıxış, hərəkət məsuliyyət yaradır! Ağzına, olmayan ağlına gələni danışmaq olmaz! Efir hamı üçün deyil! Bu işdi, peşədi, bacarıqdı.

Özünüzü adam kimi aparın! Apara bilməyəndə o zəhrimar kameranı bağlayın. Sizin mətbəxiniz, vanna otağınız, evinizdəki tərbiyəsiz danışığınız, hoppanıb düşməyiniz, bəsit düşüncənizlə verdiyiniz “siyasi şərhlər”camaata lazım deyil. Bildiyiniz işlə məşğul olun. Sonra gec olur.../lent.az


MANŞET XƏBƏRLƏRİ