Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı növbəti dəfə ağır tarixi sınaqlarla üzləşmişdi. Torpaqları işğal olunan, doğma yurd-yuvalarından qovulan çarəsiz xalq yenicə bərpa olunmuş müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qalmışdı. Belə bir taleyüklü zamanda xalq bütün ümidini Heydər Əliyevə bağlamışdı. Odur ki, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə dəvət olunmasını tələb edirdi.
Belə ağır bir durumda iflic vəziyyətinə düşmüş və yalnız hadisələrin arxasınca sürünən o zamankı siyasi rəhbərliyin hakimiyyəti Heydər Əliyevə təhvil verməkdən başqa yolu qalmadı. 1993-cü ildə Azərbaycan xalqı müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu.
Həmin dövrün hərbi - siyasi təlatümlərindən keçərək bu günün mənzərəsini yaratmaq heç də asan olmadı. İlk növbədə, günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi.
Qısa bir müddətdə geniş miqyaslı siyasi-iqtisadi islahatları həyata keçirməklə Heydər Əliyev ölkədə iqtisadi tənəzzülə son qoydu, ölkəyə xarici sərmayələrin axını təmin edildi və Azərbaycan özünün yeni inkişaf yoluna qədəm qoydu.Yeni Azərbaycan dövlətinin müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi fədakarlıqlar Heydər Əliyevi xalqın Ümummilli liderinə çevirdi. Xalq 2003-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməklə Heydər Əliyev ideallarına sədaqətini nümayiş etdirdi.
İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildə ölkədə ictimai-siyasi və iqtisadi sabitlik nisbətən təmin olunmuşdu. Lakin inkişafdan danışmaq hələ də tez idi. Ölkəyə rəhbərlik etdiyi ilk 5 il ərzində İlham Əliyev seçki öncəsi bəyan etdiyi fəaliyyət proqramını artıqlaması ilə həyata keçirməyə müvəffəq oldu. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaşadığı qaçqın düşərgələri ləğv olundu. Öz torpaqlarından didərgin düşmüş soydaşlarımız ölkənin müxtəlif bölgələrində nisbətən daha yaxşı şəraitdə məskunlaşdırıldı, 600 mindən çox yeni iş yeri yaradıldı. İlham Əliyev ölkənin daxili inkişaf imkanlarını səfərbər etdi, külli miqdarda xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunmasını təmin etdi, həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində davamlı iqtisadi inkişafa nail oldu. Nəticədə ümumdaxili məhsul istehsalının həcmi ildən-ilə artdı, ölkədə geniş miqyaslı abadlıq - quruculuq işlərinə start verildi. Bu siyasətin ardıcıllığı və dönnməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu. Dağılmış yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülən yaşayış binalarının, qəzalı vəziyyətdə fəaliyyət göstərən məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması və yenidən tikilməsi, bütövlükdə, ölkənin simasının kökündən dəyişilməsi bütün xalqın gözü qarşısında baş verən möcüzə təəssüratı yaradırdı.
Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbaycan liderinin – İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayanırdı. Bu gün “dünyaya Günəş kimi doğan Azərbaycan” (Heydər Əliyev) məhz xalq - iqtidar vəhdətinin nəticəsi oldu. Azərbaycanda xalq və hakimiyyət vəhdətinin yeni və daha məhsuldar epoxası da məhz bu dövrdən başladı.
Prezident İlham Əliyev cəmiyyətdə vətəndaş həmrəyliyinin bərqərar olmasına, müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və beynəlxalq arenada milli maraqlarımızın qətiyyətlə qorunmasına nail oldu.
Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən və praqmatik realizmə söykənən mütərəqqi siyasi fəaliyyət nümunəsi gətirdi. İlham Əliyev öz şəxsi nümunəsi ilə cəmiyyətimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim etdi.
O Heydər Əliyevin siyasi kursunu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində “öz üslubunu” yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyasının davamlılığı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə – qlobal siyasətdə söz sahibinə çevirdi.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirildi, dövrün çağırışlarına uyğun olaraq daha da təkmilləşdirildi və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı, onun qlobal əhəmiyyəti daha da artdı. Azərbaycan Avropanın yeganə alternativ enerji təchizatçısına çevrildi. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. Həmin illərdən başlayaraq bu günədək ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.
2008-ci ildə başlamış qlobal iqtisadi böhran bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülə səbəb olduğu halda həmin illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatı kimi tanındı. Həmin illərdə 10-12% illik iqtisadi artım qeydə alınmışdı. Elə həmin illərdə Azərbaycan ilk kosmik peykini fəzaya göndərməklə, kosmik dövlətlər klubunun üzvünə çevrildi.
Dünya Bankının hesablamalarına görə, son 20 ildə Azərbaycanın Ümumdaxili məhsulu 4 dəfə artıb və 2022-ci ildə Azərbaycan yüksək orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 ildə orta aylıq əmək haqqı dollar ifadəsində 7 dəfə artıb ki, bu da dünya ölkələrinin təcrübəsində nadir hadisə hesab olunur.
İlham Əliyevin həyata keçirdiyi şəffaf, dəqiq hesablamalara əsaslanan və diqqətlə düşünülmüş siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu xeyli yüksəldi, dünyanın aparıcı dövlətləri tərəfindən əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi tanındı, onlarla inkişaf etmiş dövlətlərin strateji tərəfdaşına çevrildi. Dünya ölkələri İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən Azərbaycanı müasir dövlət quruculuğunun yeni nümunəsi kimi tanıdılar və qəbul etdilər. Ölkəmiz getdikcə daha çox beynəlxalq səviyyədə diqqət mərkəzinə gəlməyə başladı. Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlər arası Dialoq, 1-ci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1, Eurovision və s. kimi qlobal tədbirlərin keçirildiyi məkana çevrildi.
Azərbaycanın öz geo-strateji mövqeyindən maksimum səviyyədə səmərəli faydalanması üçün Prezident İlham Əliyev öz ölkəsini Avrasiya miqyaslı siyasi-iqtisadi hadisələrin mərkəzinə gətirən iri miqyaslı iqtisadi layihələrin təşəbbüskarı oldu. Müstəqil iqtisadi siyasət yürüdən bir ölkə kimi Azərbaycan Respublikası bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış etdi. "Yeni enerji strategiyası"na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələr həyata keçirildi. Hazırda Azərbaycanın enerji resursları Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində tikilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anatolian Natural Gas Pipeline) və TAP (Trans Adriatic Pipeline) qaz boru kəmərləri vasitəsilə Avropa bazarlarına nəql olunmaqdadır.
İlham Əliyevin prezidentliyi illərində Azərbaycan əsas nəqliyyat və logistika marşrutlarının qovşağına çevrilərək həm Şərqlə Qərb və həm də Şimalla Cənub arasında körpüyə çevrildi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələr bütün Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına şərait yaratdı. Bütün bunlar Prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə onun yaxşı düşünülmüş və uğurla həyata keçirdiyi siyasət sayəsində əldə edildi.
Son 20 ildə Azərbaycan beynəlxalq siyasət sahəsində də möhtəşəm uğurlar əldə edib. 90-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində böyük dövlətlər, beynəlxalq güc mərkəzləri ərazilərimizin işğalına göz yummaqla Azərbaycanın maraqlarını nəzərə almaq istəmirdilər. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunduğu halda, işğalçıya qarşı deyil, məhz ölkəmizə qarşı sanksiyalar tətbiq edilirdi. 1993-cü ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci Düzəlişə görə Azərbaycan ABŞ-ın maliyyə dəstəyindən məhrum edilmişdi. Azərbaycana maliyyə dəstəyindən imtina edən ABŞ ölkəmiz ərazisində qeyri-qanuni olaraq yaradılmış separatçı quruma müntəzəm olaraq maliyyə dəstəyi göstərirdi. Bu kimi hallar işğal olunmuş torpaqların azad edilməsi perspektivlərini şübhə altına qoyurdu. Buna baxmayaraq Qarabağın işğaldan azad edilməsi hər zaman İlham Əliyevin apardığı daxili və xarici siyasətdə əsas prioritet olaraq qalırdı. Məhz onun davamlı səyləri və siyasi məharəti sayəsində Azərbaycan dövləti beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına nail oldu, işğal olunmuş ərazilərimizin gələcəkdə azad olunmasına əsaslar yaradacaq çoxsaylı hüquqi sənədlər qəbul olundu.
İ.Əliyev 20 ildən az bir müddətdə hərb elminin və texnikanın ən son nailiyyətləri ilə təchiz edilmiş müasir ordu yaratmağa nail oldu. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində şanlı ordumuz Qarabağı və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etməklə üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. 2020-ci ilin Vətən Müharibəsindəki qələbə xalqımızın son iki yüz illik tarixində qazanılmış ən böyük Zəfərdir. Bu möhtəşəm Qələbə İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi Azərbaycan xalqı qarşısında ən böyük və unudulmaz xidmətidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində xalq və dövlət olaraq son 20 il ərzində keçdiyimiz yol Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir.
Son 15 ildə Azərbaycan beynəlxalq münasibətlərin ən fəal iştirakçılarından birinə çevrilib: 2012-ci ildə 155 ölkənin dəstəyi ilə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, 2019-cu ildən 2023-cü ilədək dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edib və nəhayət bu yaxınlarda COP-29 kimi tanınan İqlim Dəyişikliyi üzrə 29-cu Qlobal Konfransa uğurla ev sahibliyi edib.
Bu gün dinamik inkişaf edən ölkələrdən biri kimi Azərbaycan regional və qlobal problemlərin həllində fəal iştirak edir. Bütün suveren dövlətlərin qlobal idarəçilikdə bərabərhüquqlu iştirakı uğrunda mübarizə, dünyanın bəzi regionlarında hələ də mövcud olan neokolonializmin kökünün kəsilməsi, inkişaf etməmiş ölkələrə maliyyə dəstəyi, dünya miqyasında multikulturalizm ideyasının təbliği kimi qlobal əhəmiyyət daşıyan məsələlər hazırda Azərbaycan dövlətinin apardığı beynəlxalq siyasətin gündəmini təşkil edir. Bütün bunlar İlham Əliyevin dünya miqyasında Azərbaycan siyasətinə qazandırdığı etimadın və gücün göstəriciləridir.
Bu gün qlobal rəqabətin ən geniş meydanında Azərbaycan Respublikası Prezident İlham Əliyevin şəxsində layiqincə təmsil olunur. Qlobal siyasətin mütərəqqi tendensiyalarında Azərbaycan dövlətinin yer və rol alması şübhəsiz ki, Prezident İlham Əliyevin dünyanın aparıcı dövlətləri və tanınmış siyasi xadimləri tərəfindən dönə-dönə etiraf olunan uğurlu siyasətinin nəticəsidir. İlham Əliyev kimi dünya miqyaslı bir siyasətçinin ölkəmizə rəhbərlik etməsi isə xalqımız üçün böyük şərəfdir.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı
24 dekabr 2024-cü il.