“Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qaliblərinə sertifikat və antik dövrdən müasir dövrə qədər filosofların həyatı, onların əsas ideyalarının əks olunduğu “Məktəbli Fəlsəfəsi” adlı kitab təqdim edilib.
Bu barədə QHT.az-a təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.
Təşkilat sədri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq hər il möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək və nəticələri cənab Prezidentin ad günündə açıqlamaq qərarına gəldik. Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 02 dekabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək təqdim edilib. Şagirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib və 5 ballıq sistemlə qiymətləndirilib".
Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.
Müsabiqənin yekunlarına əsasən 26 baIIa “Nidanın gücü” məqaləsi ilə Xətai rayonu 25 nömrəli tam orta məktəbin 8b sinif şagirdi Rzayeva Xədicə Elnur qızı əsas qalib elan olunub. 24 balla qaliblər sırasında olan digər mükafatçılar isə Xətai rayonu, 25 nömrəli məktəbin 8b sinif şagirdi Mirvari Mirişli və Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin 6b sinif şagirdi Vəkiloğlu Məryəm Mehtixan qızı “Xalqın gücü” məqaləsi ilə uğur qazanıblar.
Təşkilat sədri Könül Quliyeva bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"