Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək.
Nazir deyib ki, eyni zamanda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəməyə müraciət ediləcək.
“Qarabağın işğalı illərində dəymiş ziyan təxminən 150 milyard dollar təşkil edir”.
Bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Biz bu yaxınlarda vurulan zərərin təhlilini tamamladıq və bu, 150 milyard dollardan artıqdır”, - dövlətimizin başçısı bildirib.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və eyni zamanda İrəvanın silahlanması iki misilsiz siyasətdir: “Sülh müqaviləsi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki misilsiz kursdur”.
Bundan əvvəl Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.
Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.
Bundan əlavə, məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur. Azərbaycanın ilkin etirazlarına gəlincə, məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir.
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir.
Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik.
Dövlət hüququ üzrə doktor, hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın, dərsliyin müəllifi Fərhad Mehdiyev Musavat.com-a deyib ki, Ermənistan Azərbaycana vurduğu 100 milyardlarla dollar dəyərində ziyanı ödəmək qabiliyyətində deyil:
“Ermənistan 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycan torpaqları işğal edilərkən soyqırım cinayətləri törədilib, işğal olunan ərazilərimizdə böyük ekoloji cinayətlər törədilib. Biz var gücümüzlə çalışmalıyıq ki, ermənilərin törətdikləri cinayətləri bütün dünyaya yayaq.
Çünki ermənilər yalan informasiya ilə dünyada təbliğat, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. 2021-ci ildə Azərbaycan dövləti Avropa Məhkəməsinə müraciət edərək Ermənistana qarşı hərbi və mülki cinayətlərə görə iddia qaldırdı. İddiada 30 il müddətində davam edən işğal zamanı əhali və əraziyə qarşı törədilən vəhşiliklərlə bağlı sübutlar öz əksini tapıb. Amma burada bir nüansa da toxunmaq istəyirəm.
Avropa Məhkəməsində qaldırılan iddialara baxdıqda, proseslərin çox uzun müddət davam etdiyini görə bilərik. Bu zaman məhkəmə 5 ilə qədər uzana bilir. Bundan başqa, beynəlxalq məhkəmələr qərar verəndə diplomatik proseslərə müdaxilə etməməyə çalışırlar. Çünki məhkəmənin verəcəyi qərar diplomatik problemdirsə, bu zaman kiminsə əlini gücləndirib, kiminsə zəiflədə bilər. Beynəlxalq məhkəmələr qərar verəndə bu nüanslara çox diqqət verirlər”.
Fərhad Mehdiyev həmçinin hər bir Azərbaycan vətəndaşının Avropa Məhkəməsinin nəticələrini gözləmədən bütün dünyaya erməni vandallarının törətdikləri vəhşilikləri çatdırmaq üçün əllərindən gələni etməli olduğunu da vurğulayıb.