İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı


Ermənistanın silahlanması ilə bağlı ciddi faktlar var. Əslində, bu, bəzi işbazlar üçün əlavə gəlir mənbəyidir. Ermənistan rəhbərliyi də yaxşı bilir ki, xərcləri birə-beş artırsalar belə, onlar hərbi güclərini Azərbaycan Ordusu ilə bərabər səviyyəyə çatdıra bilməyəcəklər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

“Ermənistanda da bilirlər ki, I Qarabağ müharibəsindəki uğurları Rusiyanın dəstəyi ilə mümkün olmuşdu. Burada uydurulan misli-bərabəri olmayan erməni döyüşçüləri və digər miflər heç nədir. Çünki II Qarabağ müharibəsində də erməni ordusu vardı və onlar Azərbaycan əsgərinin qarşısından qaçırdılar”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, Ermənistanın silahlanması ilə bağlı erməni oliqarxları yaxşı qazanc əldə edir:

“Çünki bu, açıq silah alveridir. Azərbaycan Ordusu üstün olsa belə, yenə də özünün hərbi qüdrətini artıran addımlar atır. Bunun fonunda isə hansısa təhlükəli meyllər ortaya çıxa bilər. Belə risklər də var”.

Zərdüşt Əlizadəyə görə, sülh üçün Bakının tələbləri fonunda Ermənistan bir çox məsələləri həll etməlidir:

“Bu, ilk növbədə konstitusiya ilə bağlıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Rəsmi Bakının tələbi odur ki, bu müddəalar ləğv edilsin. İkinci məsələ ATƏT-in Minsk qrupu ilə bağlıdır. Keçmiş münaqişə dövründə yaranmış Minsk qrupuna artıq ehtiyac yoxdur. Əslində bu təşkilatı bundan sonra saxlamaq da mənasızdır. Nəhayət erməni tərəfi də Minsk qrupunun tarixə qovuşmasına razıdır. Bu halda sülhlə bağlı daha bir tələb aradan qalxmış olur”.


MANŞET XƏBƏRLƏRİ