...Birinci Dünya Müharibəsi ərəfəsində Çar hökuməti İngiltərənin razılığı ilə Səmədxan Şücaüddövlənin ömürlük başçılığı altında muxtar Azərbaycan dövləti yaratmağı planlaşdırmışdı. Gilan, Mazandaran, Astrabad vilayətləri də bu dövlətin tərkibində olmalı idi. Bu barədə Rusiya Xarici İşlər Naziri Sazonovun qeydləri var. Rusiya və İngiltərə arasında narazılıq, regionda siyasi vəziyyətin durumu və s səbəblər Azərbaycan dövlətinin (Rusiyanın protektorantı altında) yaranmasına mane oldu.
Cənubi Azərbaycanın İran tərkibində muxtariyyəti barəsində məşhur rus şərqşünası, Rusiya Xarici İşlər Nazirliyinin aparıcı əməkdaşı, İran, Türkiyədə diplomatik fəaliyyətdə olmuş, 1917-ci il oktyabr çevrilişinə nifrət etdiyi üçün Rusiyaya qayıtmayıb İran, Fransa, İngiltərədə məskunlaşmış V.F.Minorskinin (1877-1966) də çox maraqlı fikirləri var. Bir şərqşünas alim olaraq o, 1953-cü ildə Londonda çap etdirdiyi “Qafqazın tarixinə aid tədqiqatlar” kimi Zaqafqaziya və həmçinin İran və Türkiyənin tarixi, mədəniyyəti məsələlərinə aid xeyli sanballı əsərlərin müəllifidir. Bir dövlət xadimi kimi isə V.Minorski 1917-ci il Fevral-burjua inqilabından sonra İranda Rusiyanın şəklini dəyişmiş ekspansionist siyasətinin tərəfdarı olub.
Rusiyanın İranda müvəqqəti işlər vəkili V.Mironskinin Rusiyanın xarici siyasət arxivində Azərbaycana aid tərtib etdiyi bir sənədi var. Bu sənəd Müvəqqəti Hökumətin Xarici İşlər Nazirinin sorğusuna cavab olaraq Azərbaycanın İran tərkibində, Rusiyanın yardımı ilə muxtariyyəti haqqında idi.
Yarımmüstəmləkə olan İran 1914-cü ildə öz neytrallığını elan etmişdi. Lakin Rusiya, Böyük Britaniya Almaniyanın İranda nüfuzunun güclənməsinə həm mane olur, həm də ümumiyyətlə, ölkənin siyasətinə təsir göstərirdilər. 1917-ci ilə kimi ingilis hərbçiləri İranın cənub-şərqinə hakim idilərsə, ölkənin şimali-qərbində Rusiya və Osmanlı orduları arasında döyüşlər gedirdi. Ruslar 1916-cı ildə itirdikləri Həmədanı 1917-ci ilin martında geri qaytara bilmişdilər. Rusiyanın Müvəqqəti Hökuməti bir qədər fərqli olsa da çarizmin İrandakı siyasətini davam etdirmək əzmində idi. Bu vaxt V.Minorski Petroqrada yazırdı ki, yerli əhali ingilis-rus qəyyumluğundan xilas olmaq istədiyi üçün biz İranın təsir zonalarına bölünməsi ilə bağlı 1907-ci il razılaşmasının indiki formasından əl çəkməliyik.
V.Minorski Müvəqqəti Hökumətin Xarici İşlər Naziri R.Milyukova göndərdiyi məktubda yazırdı:
“...İran məsələlərində biz müttəfiqimiz ingilislər ilə qarşıya qoyduğumuz birgə məsələlərdən yayına bilmərik. İstənilən vəziyyətlərdə boğazların əldə olunması əbədi vəzifəmiz olduğu kimi qocalmış və zəif ölkə olan İranda böyük Rusiya dövlətinin iqtisadi təsirinin möhkəmləndirilməsi zəruridir”.
O başqa teleqramda yazırdı:
“Yüksək İran təbəqələri bütünlüklə çürüyüb, üfunət versə də hakimiyyətdə olduqları üçün biz onları nəzərdən ata bilmərik”.
Eyni vaxtda P.Milyukov Rusiya Müvəqqəti İşlər vəkilinə göndərdiyi təlimatda yazırdı:
“Şah hökumətinin nəzərinə çatdırılsın ki, Rusiya İranla bağlı məsələlərdə İngiltərə ilə razılaşdırılmış siyasəti tam davam etdirəcək”.
Müvəqqəti Hökumətin sonrakı Xarici İşlər Naziri M.Tereşşenkonun isə V.Minorskiyə göndərdiyi təlimat-teleqramı bir qədər başqa məzmunda idi:
“Bizim İranda İngiltərə ilə birgə siyasətimiz tamamilə əvvəlki şəkildə qalsa da, bununla bərabər daha artıq demokratik ruhda olmalıdır. Bu siyasət yerli xalqın hüquq və maraqlarının qorunmasına yardım etməlidir”.
V.Minorskinin öz hökuməti ilə yazışmalarında Azərbaycana Rusiyanın himayəsi altında və İran tərkibində muxtariyyət verilməsinin zəruriliyi çox diqqətəlayiqdir. M.Tereşşenkoya göndərdiyi məktubda o yazırdı:
“Mən Azərbaycanın tarixinin özünəməxsusluğunu, onun əhalisinin etnoqrafik, dil xüsusiyyətlərini, Azərbaycan Türklərinin əzmkar, səmimi olmalarını, onların adətən örtülü siyasət yeridən, lakin daha yumşaq, zəif farslardan fərqləndiklərini qeyd etmişəm...
“Azərbaycan muxtariyyəti” Rusiyanın özünün müsəlman dairələrində (Yelizavetpolda) və çoxsaylı xəbərlərə görə Təbrizdə dəfələrlə qaldırılmışdır. Azərbaycan Türklərinin özləri üçün birləşmə və özünüidarənin faydası şübhəsizdir. Bu milli qrup İran dövlət orqanizmində ən möhkəm, sağlam qüvvədir. Mən əvvəlki fikrimi təkrar edirəm:
Bizim yeni siyasətimiz üçün “Azərbaycan təcrübə bazası” olmalıdır”.
Yeni Rusiyanın yeni siyasəti dedikdə V.Minorski Azərbaycana muxtariyyət verməklə onun Zaqafqaziya ilə daha sıx bağlanmasını düşünürdü. Bu isə planlaşdırılan islahatlarda və yeniləşmələrdə müsbət rol oynaya bilərdi. V.Minorski güman edirdi ki, Azərbaycan muxtariyyəti İranda islahatlar üçün təkan, özünüidarə isə əyalətdə maddi-rifah halının yüksəlməsi üçün yardımçı olacaq. Şərq tarixinin dərin bilicisi V.Minorski öz düşüncələrində Şimali və Cənubi Azərbaycan xalqlarının eyni soykökə malik olduqlarını qəti surətdə müəyyənləşdirmişdi.
V.Minorski Rusiya İmperiyasının dövlət maraqlarının aparıcı siması olsa da onun böyük şərqşünas alim və təcrübəli, incə siyasətçi olaraq Azərbaycan haqqındakı fikirlərinin mütərəqqi olduğunu qeyd etməmək olmaz.
Hazırladı – Fuad Kamil oğlu
Mənbə : “Vətən düşüncələri (tarixin olaylarında)” – İrşad İbrahimov
Bakı - 2007