Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin, “WeFinix” Təlim Mərkəzinin birgə təşkilatçılığı və “Günəş” Uşaq Akademiyasının iştirakçılığı ilə muxtar respublikanın məktəblərində maarifləndirici silsilə tədbirlər keçirilib.
"Parlaq gələcək naminə" layihəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi uşaq hüquqlarına dair Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına və eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasına nail olmaqdır. Dekabr ayının 2-də start verilən layihə bu gün başa çatıb.
Tədbirlər Naxçıvan şəhərinin 8 nömrəli tam orta məktəbində, Babək rayonunun E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində, Şahbuz rayonunun F.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbində, Kəngərli rayonunun Xıncab kənd tam orta məktəbində, Culfa rayonunun Saltaq kənd tam orta məktəbində, Şərur rayonunun Yengicə kənd tam orta məktəbində, Sədərək rayonunun Qaraağac kənd tam orta məktəbində və M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində keçirilib.
“Məktəbdə uşaq hüquqları”, “Narkomaniyaya qarşı mübarizə”, “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Uşaq hüquqlarının qorunması prinsipləri”, “Uşaqları zərərli informasiyalardan qoruyaq”, “Uşaqların sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Ailədə uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolu” mövzularında təşkil edilən tədbirlərdə müvafiq olaraq məktəblərin direktorları, aidiyyəti vəzifəli şəxsləri və şagirdləri iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikasının təhsil, ədliyyə, daxili işlər, ekologiya və təbii sərvətlər, rabitə və yeni texnologiyalar nazirliklərinin əməkdaşları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin idarə heyətinin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, “WeFinix” Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva çıxış ediblər.
Çıxışlarda uşaq hüquqları ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından, bununla bağlı qəbul edilən dövlət proqramlarından, uşaqları fiziki və mənəvi sağlamlığına təsir edən zərərli vərdişlərdən, informasiyalardan və əməyin istismarından qorumağın yollarından bəhs edilib, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolunun əhəmiyyəti vurğulanıb.