Hər bir insan həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir.
Ümummilli lider Heydər Əliyev
Uşaqlar çox şey istəyir. Uşaqların bütün istəklərini yerinə gətirmək mümkün deyil. Onlar mağazada gördüyü oyuncağı da istəyir, göydə uçan təyyarəni də, ağaca qonan qarğanı da, marketdə gördüyü kəlbətini, və hətta üstündəki rənglər xoşuna gəldiyi üçün təmizlik vasitəsini də aldırıb, onun olmasını istəyərlər. Gözünə xoş gələn, toxunmaq istədiyi lazımlı-lazımsız hər gördüyünü aldırmaq istəyər uşaqlar. Bəzən uçmağı, bəzən suyun üzərində yeriməyi istəyər. Çünki uşaqlar hər şeyi edə biləcəyinə inanır. Uşaqlar hər şeyin mümkünlüyünə inanır. Belə uşaq qarşısında dayanan valideynin isə atdığı ilk addım “olmaz, dayan, etmə, belə olmaz, mümükün deyil...” ifadələrini söyləmək, uşağın coşqulu arzularını, maraq dolu dünyasını sarsıldaraq məhdudlaşdırmaqdır. Çünki valideynlər qorumaq məqsədi ilə, uşaqlar isə içindən gəldiyini etmək coşqusu ilə hərəkət edir. Uşaqların coşqun ruhla yaşama, öyrənmə, kəşf etmə istəklərini valideyn qorxu və streslə qarşılayır. Nəticədə isə aqressiv, qışqıran uşaqlar və avaz-avaz bağıran analar ortaya çıxır. Mütəxəsislərin araşdırmalarından bəhrələnərək və apardığımız müşahidələrə dayanaraq “Uşaqlar nə istəyir?” istiqamətlərdə cavab vermək mümkündür.
Böyük insanlar belə uşaq, körpə gördükdə həmin an ona toxunmaq, qucaqlamaq, qucağına götürmək və öpmək istəyir. Çünki bu içdən gələn bir hiss olduğu üçün qollarımızı açar, gülümsəyər və əlimizlə ona toxunarıq. Məhz uşaqların da gördüklərinə toxunmaq və onu hiss etmək coşqusu ilə istəkləri bitməz. Buna görə də lazımlı-lazımsız hər şeyi istəyərlər. Araşdırmalara görə bir gündə hər insan içdən olaraq 4 dəfə qucaqlamağa ehtiyac duyur. Uşaqların duyğusal inkişafının normal olması üçün ən az 8, hər tərəfli inkişafı üçün isə bir gündə ən azı 12 dəfə qucaqlaşmağa ehtiyacı var. Valideyinin uşağa toxunması, onu qucaqlaması, saçını oxşaması uşağa özgüvən verir, dəyərlilik hissini möhkəmləndirir, duyğularını ifadə etməkdə yardımçı olur. Əziz valideynlər övladlarınızı qucaqlamağı təxirə salmayın.
Uşaqlar doğulandan ilk 18 ay anaya güvənli bağlanma mərhələsi olaraq yaşayır. Müşahidələr sübut edir ki, anasına güvənən, güvənli bağlanan uşaqlar anası yanında olduğunda da, olmadığında da rahat olur, diqqət dağınıqlığı yaşamır və ətrafı kəşf etməyə istəkli olur. Anasına qayğılı bağlanan uşaqların isə diqqəti dağınıq olur. Oyun oynadığı zaman diqqəti qapıda, gələn səsdə qalır. Belə məqamlar uşaqların məktəbə ilk qədəm qoyduğu vaxtlarda, uşaqların uşaq bağçasına ilk getdikləri həftələrdə də olur. Bu cür hallar uşaqlarda diqqətdağınıqlığına, özünü ifadə edə bilməmək, hiperaktivliyə səbəb olur. Bu arzuolunmaz halların səbəbi çox zaman valideynin işə və ya hər hansı bir yerə gedərkən uşağa hiss etdirmədən, gizlincə evdən çıxmasıdır. Belə hallar uşaqlarda qayğılı güvən hissini formalaşdırır. Bu problemi yaratmamaq və ya həll etmək üçün valideynlərin diqqət yetirməsi vacib olan məqamlar var.
1. Valideyn, əsasən də analar işə və ya hər hansı bir yerə gedərkən uşağa məlumat verməlidir. Bu uşağa müsbət təsir edir.
2. Qayıdacağı saatı və ya müddəti söyləməlidir ( bunu uşaq tam olaraq anlamasa da, uşağa güvən verir).
3. Ayrılıq anını çox qıssa tutmalıdır.
4.Söz verdiyi saatda qayıtmalıdır.
5. Evdən çıxarkən sarılıb öpməli, uşağın dəyərli olduğunu hiss etdirməlidir.
Bunların hər biri uşaqda güvən hissini formalaşdırır. Onu qayğılardan azad edir. Uşaq rahat və sakit olur. Bu da hamıdan çox ananı sevindirir. Sevincli anların çox olması üçün analar doğru bildikləri yanlışları düzəltməlidir. Daima öz üzərində işləməklə, biliklər əldə etməklə uğurlu təlim-tərbiyə prosesini apara bilərlər. Bunun üçün də başlıca meyar səbr və əzmkarlıqdır. Uşaqların istədikləri isə güvən, sevgi və səbrdir.
Daha sağlam gələcək üçün xoşbəxt uşaqlar böyütməliyik. Bu yolda nə qədər çətinliklər, nə qədər yorğunluqlar olsa da qaranlıqlar işıqlansın deyə, hər bir ana və ata ovcundakı şamı gözəl yandırmağa çalışmalıdır. Çünki hər uşaq bir evin, bir oçağın işığı, nuru, qığılcımıdır. Uşaqlar gələcəyin gətirəcəyi xoşbəxtliyin müjdəçisidir.
Ulduz Əliyeva
“Günəş” Uşaq Akademiyasının direktoru