Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Məlumata görə, Tofiq Musayev Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.
Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.
2003 - 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsilinə yiyələnib. O, 2004 - 2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev daimi nümayəndənin müavini vəzifəsini tutub.
Yeri gəlmişkən, Tofiq Musayevin həyat yoldaşı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız: Ənvər, Fuad və Kamilla. Cütlük uşaqların ortancılına babası Fuad Musayevin şərəfinə Fuad adı verib./modern.az