Son illər ölkəmizdə imzalanan əfv sərəncamları yüzlərlə məhkuma yeni həyat imkanı tanıyır və ailələrə sevinc bəxş edir. Bu sərəncamlar özəlliklə bayram ərəfələrində imzalanır. Bəs bu il Yeni il ərəfəsində əfv sərəncamı gözlənilirmi?
Mövzuyla bağlı Bakupost.az -a danışan Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, ilin sonuna qədər hər hansı əfv sərəncamı olacağını düşünmür:
“Ona görə ki, artıq bu il cənab prezident tərəfindən bir dəfə əfv sərəncamı imzalanıb və xeyli sayda məhkuma şamil edilib. İl ərzində növbəti əfv sərəncamının imzalanması ehtimalını yüksək qiymətləndirmirəm. Digər tərəfdən, əfv sərəncamlarının son illərdə mart və may aylarında imzalanmasının şahidi olmuşuq. Mən düşünürəm ki, növbəti əfv sərəncamı da mart-aprel aylarında imzalanacaq. Əlbəttə ki, əfv sərəncamının nə zaman imzalanması cənab İlham Əliyevin müstəsna konstitusion səlahiyyətidir. Prezident tərəfindən əfv sərəncamının imzalanmasının zamanını biz yalnız prezidentin qərarından sonra bilə bilərik. Ona görə də, bu, hər zaman baş verə bilər”.
Əliməməd Nuriyev həmçinin, bu gün Milli Məclisdə prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən qanun qəbuluna dair təklifə də münasibət bildirib:
“Qüdrət Həsənquliyevin bu təklifi diqqətəlayiq bir təklifdir. Çünki dünya tərcübəsinə baxsaq, görərik ki, əfv sərəncamları cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə də tətbiq olunur. ABŞ prezidenti Co Baydenin bir əfv sərəncamı oldu. O öz oğlunu əfv etdi, amma oğlunun istintaqı gedirdi. Bu baxımdan düşünürəm ki, prezidentimizə istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verilsə, çox yaxşı olar”.