Azay Quliyevdən ABŞ səfirliyinə sərt cavab: "Əsl biabırçılıq və namərdlik elə budur!"


Azay Quliyev, millət vəkili

Dekabrın 19-da ABŞ səfirliyi AZTV-də yayımlanan "Azərbaycanın "yox" cavabı ABŞ-ı silkələdi: Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya"" adlı reportaja “jurnalist və bloqqerin həbs edilməsinin səbəbini soruşmaq "namərdlik" sayılır?" deyə ritorik sualla cavab verib.
Bəli, bildiyiniz hadisənin səbəbini soruşmaq nəinki namərdlik, həm də ən böyük riyakarlıq sayılır.

Çünki hazırda həbs olunan şəxsləri cinayət törətməyə sövq edən də, onları QHT və jurnalist adı altında ölkəmizin milli maraqlarına qarşı həyata keçirdiyiniz layihələrə də cəlb edən məhz sizsiniz, ABŞ-ın fondları və USAİD kimi təşkilatlarıdır.

Müdafiə etdiyiniz şəxslərin törətdiyi cinayət tərkibli əməllərlə bağlı təkzib edilməz faktlar və sübutlar var. Özlərinin etiraflrı və səsyazıları mövcuddur.
Azərbaycan dövləti qrant verilməsi sahəsində şəffaflığı və hesabatlığı artırandan sonra Avropa İttifaqının və ABŞ-ın siyasi dairələri çox narahat oldular, onlar indi özlərinin yaratdığı QHT şəbəkəsinə qapalı şəkildə qrant verib milli maraqlarımızın əleyhinə istifadə edə bilmirlər.
Gürcüstanda QHT-lərdən ibarət yaratdıqları və tam gücü ilə istifadə etdikləri təzyiq mexanizminin və xaos şəbəkəsinin Azərbaycanda varlığına son qoyulması ilə razılaşmırlar.
Hətta 2015 və 2016- cı illərdə USAİD-in Bakı ofisi QHT Şurasının bank rekvizitlərindən istifadə etməklə müstəqil hesab açıb istədikləri maliyyəni şəffaf şəkildə müəyyən etdikləri QHT-lərə verilməsinə şərait yaradcağımız haqqında təklifimizi qəbul etmədilər.

Niyə? Çünki onların qorxduğu ən birinci məsələ qrant layihələrinin əsl mahiyyətinin və həyata keçirmək istədikləri çirkli planların ifşa olunması qorxusu idi.
İndi də ABŞ səfirliyi heç bir məsuliyyət hiss etmədən qanunsuz yolla qrant qaçaqmalçılığı ilə məşğul olanların müdafiəsinə qalxır və AZTV-nin rəhbəri Rövşən müəllimin haqlı olaraq dediyi kimi, namərdcəsinə bizə qarşı hücuma keçirlər.

Cənab Prezident İlham Əliyevin bu günlərdə Rusiya telekanalına verdiyi müsahibədə dediyi kimi, ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr artıq arxada qaldı. Hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və bu qarantlara ehtiyacın olub-olmamsına yalnız Azərbaycanın müvafiq orqanları qərar verməlidir.

Qrantla bağlı bütün əməliyyatlar şəffaf və milli qanunvericiliyə uyğun aparılmalıdır.
Sonda isə ABŞ-ın Bakıdakı səfirliyinə ölkəsində insan hüquqları, media azadlıqları və demokratiya sahəsində baş verən pozuntuları sadalamaq istəmirəm, yalnız, ABŞ prezidenti Co Baydenin dekabrın 2-də oğlunun siyasi motivlərlə həbs edildiyinə görə əfv etdiyi haqqında sözlərini xatırlatmaq istəyirəm.
Təsəvvür edirsiniz? Bu sözləri özünü dünyada demokratiyanın və qanunun aliliyinin beşiyi hesb edən bir ölkənin prezidenti deyir. Onun Bakıdakı səfirliyi isə diplomatik əndazəni aşaraq Azərbaycana demokratiya və insan hüquqları barədə dərs keçməyə qalxır, İrəvandakı səfirliyi isə Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması adı altında qrant layihəsi elan edərək ölkəmizə qarşı yeni qarayaxma kampaniyasına başlayır.
Bax, əsl biabırçılıq və namərdlik də elə budur!


MANŞET XƏBƏRLƏRİ