Son günlər Türkiyədə Zəngəzur dəhlizinin açılması məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir. Hazırda geopolitik baxımdan əlverişli mövqedə olan Ankara yaranmış şəraiti dəyərləndirib, koridorun açılmasına nail olmaq istəyir?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Zəngəzur dəhlizi hansı yolla olur-olsun açılacaq:
“Avrasiyanın orta xəttində yerləşən bu layihə həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin gələcəyi rolunu oynayır. Təsadüfi deyil ki, bu gün dəhliz uğrunda böyük güclər mübarizə aparır. Çünki dəhliz özündə həm nəqliyyat, həm də ticarəti ehtiva edir. Bundan başqa, başlıca enerji layihələri də məhz bu regiondan keçəcək.
Zaur Məmmədov
Hazırda Zəngəzur dəhlizinin açılmasına ən böyük maneə oradakı Qərb qoşunlarıdır. Daha dəqiq desək, Aİ “sülhməramlı missiyası” regionda fəaliyyət göstərdiyi üçün proseslər bir qədər səngiyib. Lakin Azərbaycan-Ermənistan sülh prosesi davam edir və ölkə başçısının da dediyi kimi, müqavilənin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məsələlərdən biri də məhz Aİ missiyası ilə bağlıdır. Onlar orada olduqca Zəngəzur dəhlizinin açılması gecikə, regionda gərginlik arta bilər.
Türkiyə bu məsələdə Azərbaycanla ortaq hərəkət edir. Bu mənada Ankaranın Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirməsi təbiidir”.