Dekabrın 12-də Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Xidmətinin sədri İbrahim Kalın və Qətərin kəşfiyyat idarəsinin rəhbəri Xalfan əl-Kəəbinin Dəməşqə səfəri ciddi müzakirələrə səbəb olub.
Eks-prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin səfəri bəzi siyasi dairələrə açıq mesaj kimi dəyərləndirilir. Xüsusilə İbrahim Kalının Dəməşqdə yerləşən Əməvi məscidində namaz qılması, “Heyət Təhrir əş-Şam”ın (HTŞ) rəhbəri ilə görüşü böyük səs-küy doğurdu. Bu, Ankaranın proseslərdə iştirakı ilə bağlı sualları yenidən gətirib.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Türkiyə və Qətər rəsmilərinin Dəməşqə səfəri, orada keçirdikləri görüşlər kifayət qədər ciddi və mesajlarla yadda qalan bir proses olaraq qiymətləndirilməlidir:
“Yaxın Şərqdə xüsusi təsir gücünə malik hər iki ölkənin kəşfiyyat xidməti kimi strateji əhəmiyyətli vəzifə daşıyan hər iki rəsmisini HTŞ rəhbəri əl-Qolani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirdi. İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək orada namaz qıldı. Bu səfərin fonunda ABŞ Dövlət katibi Antoni Blinken də Ankaraya gələrək Türkiyə prezidenti və xarici işlər naziri Hakan Fidanla görüşdü. Beləliklə, Suriyanın yenidən şəkilləndirilməsi prosesinə, yəni post-Əsəd dövrünə hazırlığa start verildi. Suriyanın həm siyasi, həm iqtisadi cəhətdən yenidən inşası prosesində isə Qətər və Türkiyə ön plandadır. Ankaranın təhlükəsizlik prioritetləri və Qətərin iqtisadi dəstəyi ilə yeni Suriya hökuməti regional inteqrasiyada mühüm irəliləyişlər əldə edə bilər. Bununla belə, keçmişdəki qarşıdurmalar və etimadsızlıq prosesin qarşısında duran əsas maneələrdir. Realist və praqmatik yanaşma həmin problemlərin aradan qaldırılmasında əsas olacaq.
Suriyada on ildən çox davam edən vətəndaş müharibəsi ölkəni yalnız fiziki və iqtisadi baxımdan deyil, həm də regional siyasət baxımından dərin böhran vəziyyətinə gətirib. Post-Əsəd dövründə Suriyanın bərpası və reinteqrasiyası yalnız daxili siyasi dəyişikliklərlə deyil, həm də regional güclərin, xüsusilə Qətər və Türkiyənin əməkdaşlığı ilə sıx bağlı olacaq. Bu iki ölkənin Dəməşqin gələcəyinə təsiri həm müharibə dövründəki mövqeləri, həm də onların regional siyasət və iqtisadi maraqları ilə müəyyən olunur”.
Ekspertin sözlərinə görə, həm Türkiyə, həm də Qətər Suriyanın siyasi sabitliyinin təmin edilməsini və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir:
“Hər iki ölkə post-Əsəd dövründə daxili münaqişələrin sona çatmasını və ölkənin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir, əsla Suriyanın parçalanmasında maraqlı deyillər. Bu, regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Türkiyə və Qətər İslam dünyasında daha geniş əməkdaşlıq və dialoq təşəbbüslərinə önəm verirlər. Post-Əsəd dövründə Suriyanın ərəb və müsəlman dünyasına yenidən inteqrasiyasında bu dövlətlər strateji əhəmiyyətə malikdirlər.
Vüqar Zifəroğlu
Qətər Suriyanın Ərəb Liqasına qayıdışını dəstəkləyə və ərəb ölkələri ilə əlaqələrin bərpasında vasitəçilik rolunu oynaya bilər. Türkiyə isə hələ də bu ölkənin şimalında mümkün PKK/YPG terroruna qarşı mübarizədə yeni hökumətə dəstək verəcək Eyni zamanda daha çox təhlükəsizlik və sərhəd məsələlərinə fokuslanaraq yeni hökumətlə əməkdaşlıq edəcək”.
V. Zifəroğlu bildirib ki, digər vacib məqam geoiqtisadi məsələlərlə bağlıdır:
“Qətər zəngin təbii qaz ehtiyatları sayəsində geniş maliyyə resurslarına malikdir. Suriyanın infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi üçün onun rolu əvəzsiz ola bilər. Türkiyə isə ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər. Xüsusilə Ankara və Dəməşq arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq. Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə çatmalı, ümumi uzunluğu isə 1500 kilometr olacaq Avropaya qaz kəmərinin çəkilməsi üçün artıq ciddi maneə yoxdur. Bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hələ 2009-cu ildə Bəşər Əsədə Suriyadan keçəcək qaz kəməri layihəsi təklif olunmuşdu, lakin rejimlə müttəfiq münasibətlərdə olan Rusiya və İran faktoru bu planın həyata keçməsinə maneə yaratdı.
Şübhəsiz, hər iki, önəmli və kritik əhəmiyyətə malik bu diplomatik trafik müəyyən danışıqların getməsi, hətta mümkündür ki, bəzi razılaşmaların əldə edilməsindən xəbər verir. Diqqət edək, yenə də bu proseslər fonunda, Rusiyanın Suriyada baş verənlərə daha loyal və yumuşaq yanaşması, rəsmi Moskvanın nəzarətində olan media orqanları vasitəsilə ifadə olunmağa başladı. Buna paralel olaraq isə əksinə İranın ali dini rəhbəri Ayətullah Xamenei ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta onu devirmək səylərini dəstəkləyəcəyini açıqladı. Yəni ortada mümkün razılaşma və artıq bundan narazı, yaxud razı olanlar da var”.