Gürcüstanın hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilinin Fransa Prezidenti Emmanuel Makronla telefonda danışdıqdan sonra ABŞ və Qərblə razılaşdığı iddia edilir.
Onun hakimiyyəti Qərblə bölüşdürdüyünə dair fikirlər səsləndirilir. Fransa prezidenti ilə müzakirədən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin istefa verəcəyi haqda yayılan məlumatlar bu iddiaları daha da gücləndirib.
Cənubi Qafqazda Ermənistanla çox yaxın münasibətləri ilə bilinən Emmanuel Makronun Tbilisiyə zəngi isə siyasi dairələrdə müzakirələrə səbəb olub. Bu, Qərbin regiona birbaşa müdaxilə cəhdinin açıq göstəricisi kimi qiymətləndirilir.
Rusyönümlü “boz kardinal” olaraq tanınan İvanişvilinin Vaşinqtonla razılaşması nə dərəcədə həqiqətə uyğundur?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, oktyabrda Gürcüstanda keçirilən seçkilər ABŞ ilə Rusiyanın mübarizəsi kontekstindən qiymətləndirilməlidir:
“Parlament seçkilərində hakim partiyanın qalib gəlməsi ilə Moskva Tbilisidə mövqelərini gücləndirdi. İndi əsas məsələ bu gün keçirilən prezident seçkiləridir.
Kənan Novruzov
ABŞ-la hər hansı razılığın əldə olunduğunü düşünmürəm. Böyük ehtimal bu, sadəcə ictimai rəyi çaşdırmaq üçün ortaya atılmış dezinformasiyadır. Fikrimcə, gürcü xalqı artıq qərarını verib. Nəzərə almaq lazımdır ki, Qərbə meyllilik Gürcüstanın bir dəfə “başını ağrıdıb”, ikinci dəfə eyni səhv etməzlər. Amma edərlərsə, bu, təkcə Tbilisi deyil, bütövlükdə Cənubi Qafqaz üçün ağır nəticələrlə yadda qalacaq. Beləliklə, Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müdaxilə imkanları da artmış olar”.