Ermənistan parlamentinin vitse-spikeri Rubin Rubinyan Türkiyənin bir sıra dövlət qurumlarının nümayəndələri ilə sərhəddə geniştərkibli görüş keçirildiyini açıqlayıb.
Məlumata görə, iki ölkə arasında sərhədlərin açılması müzakirə edilib. İlkin olaraq 30 ildən sonra fəaliyyəti dayandırılan Gümrü-Qars dəmir yolunun bərpası nəzərdə tutulub. Bununla bağlı Türkiyə və Ermənistan nümayəndələri Axurik kəndində yerləşən dəmiryol stansiyasına baxış keçiriblər. Rubinyan razılaşmanın olmadığını, lakin hər iki tərəfin sərhədin açılmasının zəruriliyini anladığını bildirib. Bəzi iddilara görə isə sözügedən yolun bərpası üçün ilkin razılıq şifahi şəkildə əldə olunub və artıq tapşırıq verilib.
Türkiyə Ermənistanla sərhədləri yaxın zamanda aça bilərmi?
Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Ankara və İrəvan arasında danışıqların olması ilə bağlı məlumatlar var:
“Bu danışıqların aparılması tezliklə kommunikasiyaların açılacağı mənasına gəlmir, yəni hələ çox tezdir. Əslində Türkiyə bu yolla Cənubi Qafqazdakı mövcudluğunu, təsir imkanlarını göstərmək istəyir.
Əli Mustafayev
Ankaranın İrəvanla münasibətlərinin normallaşması Ermənistanın Azərbaycanla əlaqələrindən asılıdır. Özü də kommunikasiya məsələsi sülh sazişindən çıxarılıb. Ola bilər ki, kommunikasiyaların açılması sülh sazişinin imzalanmasından sonraya saxlanılsın.
Türkiyə ilə Ermənistan arasında görüş baş tutsa da, münasibətlərin normallaşması hələ vaxt aparacaq. Bakı və Ankara bu məsələdə ortaq hərəkət edirlər”.