Son zamanlar “pitiminutka”ların hamam otaqlarında istifadəsinin qarşısını almaq üçün yoxlamalar aparılır.
Mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda “pitiminutka”dan istifadə etmək olmaz. 2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir.
Qanunda qeyd olunub ki, əvvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir.
Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir.
Qeyd edək ki, vətəndaşlar arasında dəm qazından zəhərlənmə halları müşahidə edilir. Bütün bu proseslərin qarşısını almaq üçün qaydalara düzgün riayət edilməsi məqsədəuyğundur.
Ötən dövr ərzində bu sahədə aparılan yoxlamalar necə nəticələnib və proses davam edəcəkmi?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev “Cebheinfo.az”-a bildirib ki, təbii qazla işləyən düz axımlı su qızdırıcılarına (“pitimunutka”) hər il yanvardan başlayaraq noyabr ayının 1-dək texniki baxış keçiriləcək:
“Texniki baxışlarda “pitiminutka”larda vanna otaqlarından çıxarılması ilə bağlı konkret addımlar atılacaq. Bu il də həmin addım atıldı. Texniki müayinə aparılan mənzillərin 95 faizində, burada söhbət “xruşşovka” evlərindən gedir, yeni yaşayış massivlərindən, yeni binalardan getmir, onların əksəriyyətində düz axımlı su qızdırıcılarının olması və parametrlərə uyğun gəlməməsi ilə bağlı faktlar aşkar olundu. Bu aktda da öz əksini tapıb.
Həmin su qızdırıcılarının vanna otağından çıxarılması məcburidir və növbəti mərhələlərdə, yəni yanvardan etibarən növbəti il üçün texniki müayinə aparacağıq, həmin vanna otaqlarındakı “pitiminutka”ların çıxarılmasına daha ciddi yanaşılacaq.
Artıq növbəti mərhələlərdə abonentlərə möhlət verilməyəcək. Çünki 1-ci mərhələdə bu möhlət verildi. Əgər təkrar baxış zamanı həmin o “pitiminutka”ların mövcudluğu aşkar olunsa, dərhal mənzillərə verilən mavi yanacaq dayandırılacaq”.