ABŞ Prezidenti Co Baydenin son açıqlaması yerli və xarici mediada birmənalı qarşılanmayıb. Belə ki, onun sözlərinə görə, ABŞ Avropaya 80 minlik qoşun yeridib. Sözügedən qoşunların Rusiya aqressiyasını qarşısını almaq üçün yerləşdirildiyinə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin hansı Avropa ölkəsinə hücum planlaşdırır? Bu, mümkün görünürmü?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Baydenin bu yanaşması ciddi mətləblərdən xəbər verir:
“Son onillikdə rəsmi Vaşinqtonun Avropadakı müttəfiqləri ilə təhlükəsizlik məsələlərində müəyyən fikir ayrılıqları yaranıb. Bu fikir ayrılıqları o qədər dərinləşib ki, Fransa Prezidenti Emmanuel Makron bir vaxtlar NATO “beyin ölümü keçirib”, “Avropa öz ordusunu yaratmalıdır” ideyası ilə çıxış etmişdi. Bu da ABŞ-ın maraqlarına uyğun deyildi. Amerika NATO-nu özünün əsas instrumenti kimi əlində saxlamağa çalışır. Doğrudur, Donald Trampın hakimiyyəti dönəmində Alyansla bağlı məsələlərdə ABŞ-ın mövqeyi digərilərindən fərqli olsa da, Vaşinqton əlindəki ən böyük silahı kənara qoymaz”.
Politoloqun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna müharibəsini təhrik etməklə Avropadakı müttəfiqlərini real Rusiya təhlükəsi ilə üz-üzə qaldıqlarını göstərdi:
Oqtay Qasımov
“Onları yenidən öz ətrafına topladı. Ukrayna müharibəsi Avropanın təhlükəsizliyi üçün də müəyyən təhdidlər yaradır. Bu savaş İkinci Dünya Müharibəsindən sonra yaranmış təhlükəsizlik struktrurunu tamamilə darmadağın etdi.
Rusiyanın son dövrlər artan aqressiv ritorikası da Avropada narahatlıq yaradır. Kremllə sərhəddə olan Baltikyanı ölkələr Ukraynaya kifayət qədər ciddi dəstək veriblər. Onların Rusiya tərəfindən hər hansı təhdidə məruz qalacağı ilə bağlı vaxtaşırı məlumatlar var. ABŞ qlobal imperatorluğunu davam etdirmək üçün dünyanın müxtəlif yerlərinə öz ordu hissələrini göndərməklə hegemon güc rolunu bundan sonra da davam etdirmək istəyir”.
Oqtay Qasımovun fikrincə, birqütblü dünya düzəninə narazılıq artır:
“İkinci qütb formalaşmağa başlayır. Bu da ABŞ-ı narahat edir. Rəsmi Vaşinqton prosesin qarşısını almaq, yaxud da bunu ləngitmək istəyir. Bunun üçün də müəyyən manevrlər edəcək. Hazırda ABŞ və Çin arasındada ciddi fikir ayırlıqları var. Bunun kökündə də Tayvan məsələsi dayanır. Amerikanın Avropaya qoşun göndərməsinin əsas məqsədi öz maraqlarını təmin etməkdir”.