Onlayn alış-verişdə diqqətli olun: Ya iki kartınız olsun, ya da...


Artıq insanlar alış-verişlərini mağazaya gedərək deyil, evdə oturaraq bir telefonla edə bilir. Bu, həm rahatdır, həm də vaxta qənaət etmək baxımından əlverişlidir. Amma təəssüf ki, bu rahatlıq özü ilə birlikdə problemlərə də səbəb olur.

Turkustan.az-ın məlumatına görə, belə ki, sosial şəbəkələrdə əksəriyyət onlayn alış-veriş tətbiqlərindən alınan malın yanlış göndərilməsi, gec gəlməsi, problemli çatdırılması kimi şikayətlərini bildirirlər.

Bu problemlərin üstünə biri də əlavə olunub: tətbiqə daxil edilən kartdan pul çıxılması.

Bəs nəyə diqqət etmək lazımdır ki, qurbana çevrilməyək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, elektron satış platformalarından sifariş verdikdə tətbiqə kart daxil edərkən diqqətli olmaq lazımdır.

Ə.Mövsümzadənin sözlərinə görə, vətəndaşlar çalışmalıdır ki, onlayn satışlar zamanı balansında daimi olaraq pul olmayan, yəni boş kartdan istifadə etsinlər və lazım olan məbləği başqa kartdan ora göndərsinlər.

Əmrah Mövsümzadə, İnformasiya Texnologiyaları üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə ekspert

Mütəxəssis bundan başqa nəzərə çatdırıb ki, əgər iki kart yoxdursa, o zaman istifadə olunan kart həmişə istifadə olunduqdan sonra blokda saxlanılmalıdır ki, karta kənar müdaxilələr edilə bilinməsin:

“Ümumiyyətlə, kartla edilən digər əməliyyatlar zamanı da bu üsullardan istifadə etmək, yarana biləcək problemlərin böyük bir qisminin qarşını alır”. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ