Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-a gedib, bu səfərin əhəmiyyəti o qədər də böyük deyil.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İrəvanın səylərinə baxmayaraq, Vaşinqton hələlik Ermənistana hərbi texnika satmır:
“Ermənistan müdafiə nazirlərinin hər il Vaşinqtona çağırlmaları ənənə halını alıb. Papikyan 2022-ci ildə ABŞ-da səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməmişdi, onu amerikalı həmkarının müavini Kolim Kal qəbul eləmişdi.
İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edir. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-a gedərək, burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dan hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın KTMT üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib.
Papikyanın ABŞ-a budəfəki səfərinin əhəmiyyət azdır. Çünki onun Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə vidalaşacaqlar. Əgər Papikyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir”.
Elxan Şahinoğlu Rusiyanın bu səfərə yanaşmasına diqqət çəkib:
“Kreml Ermənistan müdafiə nazirinin Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”./teleqraf.com