İşğaldan azad edilən ərazilərdə bəzi vəhşi heyvan növləri bərpa olunub. Buraya dağ keçilərini, meşələrdə yaşayan cüyürləri aid edə bilərik. Məsələn, nəsli kəsilməkdə olan Qafqaz tetrasını da azad edilən ərazilərdə görmək mükündür.
Bunu Modern.az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərov bildirib.
O qeyd edib ki, Kəlbəcərdə əvvəllər çaqqal, sağsağan, sarı köynək, Göycəqarğaya rast gəlinməzdi: "Biz orada bu quşları da müşahidə etdik. Ola bilsin ki, iqlim dəyişməsi nəticəsində buraya gəliblər. Həmin quşlar, çaqqallar özü quraqlıq ərazilərə məxsus heyvanlardır. Ola bilsin ki, iqlim dəyişməsi ilə bağlı quraqlıq getdiyi üçün bu heyvanların da arealları genişlənib”.
Zooloqun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hələlik ciddi tədqiqatlar aparılmayıb:
“Mina təhlükəsi ilə bağlı olaraq alimləri hər yerə buraxılmır. Mən şəxsi təşəbbüsümlə orada olmuşam. Ermənilər həmin ərazilərin hər yerində yaşamayıblar. Onlar kəndləri talayıblar, amma daimi yaşayış olmayıb. Əlləri çatmayan yerlərdə təbiət bərpa olub. Harada ki, yaşayıblar, orada meşələrə ziyan vurublar. İri ağaclar ermənilər tərəfindən kəsilib ki, bu da quşların bu ərazidən qalmamasına səbəb olub. Biz 3 il ərzində burada düz-əməlli quş görmədik. Elə hesab edirəm ki, bu xüsusilə toxum verən ağacların kəsilməsi ilə bağlıdır. Əsasən Kəlbəcər rayonunda apardığımız tədqiqatlar zamanı kameralar, fototələlər quraşdırmışıq. Bunlar vasitəsilə heyvanların foto və videoları qeydə alınır. Keçən dəfə Kəlbəcərdə bəbirin foto və videosu da çəkdik”.
E.Əsgərov qeyd edib ki, azad edilən ərazilərdə heyvanların insanlara hücum etməsi xəbərlərini görüb:
"Bu hadisələr əsasən insanların öz günahları ucbatından baş verir. İnsan özü heyvanları provokasiya edir. Onda da heyvanlar qarşılıq verir. Sadəcə girib internetə baxmaq kifayətdir ki, bu heyvanların qida rasionunda insan olmadığını görək. Heyvanlar yalnız onları qıcıqlandıran, provokasiya edən zaman hücum edirlər. İndi isə ayılar qış yuxusuna gedəcək. Yəqin ki, qış ərzində elə bir təhlükə olmayacaq. Amma ayı ilə qarşılaşdıqda müəyyən yollar var ki, insan özünü müdafiə edə bilər. Ən sadə üsul kiçik pirotexniki vasitələrdir ki, biri yandırıb atsanız, ayı oradan uzaqlaşacaq. Ümumiyyətlə yırtıcıların duyğu orqanları insandan daha həssas inkişaf edib. Ona görə də insanla qarşılaşamqdan yayınırlar. Onlar insanı uzaqdan görəndə, səsini eşidəndə, qoxusunu alanda uzaqlaşırlar. Onlar insanla qarşılaşmaq həvəsində deyillər. Əgər qarşılaşsanız həmin pirotexniki vasitədən istifadə etmək kifayətdir. Burada bir məqam da var ki, yırtıcılarla qarşılaşanda qarçmaq lazım deyil. Siz nə qədər sürətli olsanız da, onlar sizdən dəfələrlə sürətlidirlər. Yırtıcıdan qaçanda onlarda təqib instinkti başlayır. Onlar səni artıq şikar kimi görür və qovalamağa başlayırlar. Ona görə də məsləhət görürük ki, panikaya düşmədən, gözünüzü yırtıcıdan çəkmədən yavaş addımlarla geriyə çəkilmək lazımdır”.