Rusiya Prezidenti Vladimir Putinin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ukraynaya hücumla bağlı çıxışı diqqət çəkib. Putin bildirib ki, 3-4 “Oreşkin” raketi radiasiya ilə müşahidə olunmayan nüvə partlayışı effekti yaradacaq. O, Ukraynanın qərar mərkəzlərinə də bu raketlə hücum edilə biləcəyini vurğulayıb.
Rusiya prezidentinin açıqlamaları Ukrayna müharibəsində bütün “qırmızı xətt”lərin aşılması və Kiyə açıq təhdid kimi dəyərləndirilib. Bəzi ekspertlərin fikrincə, bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sülh cəhdləri qarşısında sadəcə əzələ nümayişidir.
Putinin bəyanatları hazırkı gərgin vəziyyətdə nəyə hesablanıb?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya indiyə kimi dəfələrlə blefdən istifadə edib:
“Proseslərin inkişafı Kremlin bəyanatları ilə əməllərinin bəzən uzlaşmadığını göstərir. Əslində bu, başadüşüləndir. Çünki Moskva vəziyyətin daha çox gərginləşməsində maraqlı deyil, həmçinin imkanları tükənir. Nüvə müharibəsi ehtimalı da getdikcə artır. Hərçənd, Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət sakitləşə bilər.
“Oreşkin” raketi nüvə silahı ilə müqayisədə çox zəifdir. Amma dağıdıcı gücü var. Rusiya bu silahdan intensiv şəkildə istifadə edərsə, nüvə silahı effekti olmasa da, Ukraynaya çox ciddi zərər vura bilər”.
“Rusiya-Ukrayna müharibəsinə qırmızı cizgi deyə bir şey yoxdur. Kurska hücum zamanı ballistik raketlərdən istifadə, mülki şəxslərin ölümü və açıq işğal faktı bütün qırmızı cizgilərin keçildiyi deməkdir”, – K.Novruzov bildirib.