Ötən gün Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Moskvada Ermənistan Baş nazirinin müavini Mqer Qriqoriyanla görüşü diqqət çəkib. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 104-cü iclası çərçivəsində baş tutub.
Baş nazir müavinləri iclas bitdikdən sonra 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər. Həmin anlar ictimaiyyətdə və siyasi dairələrdə maraqla qarşılanıb. İki ölkə rəsmilərinin bir araya gələrək qısamüddətli də olsa müzakirə aparması, sülh prosesinin davamlılığı baxımından müsbət dəyərləndirilib.
Bu görüşün sülh prosesinə necə təsiri ola bilər? Eyyubov və Qriqoryan 10 dəqiqədə nələri müzakirə ediblər?
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, yekun sülh müqaviləsindən bəhs etmək indiki məqam üçün tezdir:
“Çünki hələ də tərəflər arasında razılaşdırılmamış bir neçə məqam var. Həmçinin biz zaman-zaman Ermənistanın Baş naziri Nikol Paşinyandan qeyri-adekvat açıqlamalar eşidirik. Bu isə bəzən iki ölkə arasında yaxınlaşmanı ləngidir, sülhə gedən yolu uzadır. Geniş müzakirələrə, ikitərəfli görüşlərin intensivləşməsinə ehtiyac var”.
Elvin Baxşalızadə
Ekspertin sözlərinə görə, hər şeyə rəğmən Eyyubov və Qriqoryan arasındakı görüşü müsbət dəyərləndirmək olar.
“İki ölkə rəsmiləri MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində bir araya gəliblər. Görüşün detalları haqda mediaya ətraflı məlumat verilməsə də, fikrimcə, əsas müzakirə mövzuları sırasında nəqliyyat kommunikasiyalarının bərpa olunması və delimitasiya məsələləri olub. Çünki bu iki məsələ sülhə gedən yolda əsas kilid detallardan hesab olunur.
İki ölkə rəsmiləri arasında bu və digər formatlarda görüşlər davam etməlidir. Məqsəd sülhdürsə, görüşlərin davamlılığı və qarşılıqlı anlayış vacib şərtlərdən hesab olunur”.