Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU


Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix məlum olub.

Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin 29 yanvar 2025-ci ildə keçiriləcəyini açıqlayıb. İşğaldan azad olunan ərazilərdə tam məskunlaşma olmadığı üçün həmin ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Lakin ümumilikdə 118 dairədə seçki təşkil olunacaq.

Partiyalar bələdiyyə seçkilərinə necə hazırlarşırlar?

"Cümhuriyət" bununla bağlı partiyalar arasında sorğu keçirib.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı bildirib ki, seçkilərdə fəal iştirak edəcəklər:

"Mütləq şəkildə bələdiyyə seçkilərində iştirak edəcəyik. Partiyanın əsas işi seçkilərdə iştirak etməkdir. Biz də seçkilərdə geniş şəkildə iştirak etməyə çalışacağıq. Ən azından əksər rayonları əhatə etmək istəyirik. Hansı dairələrdə şanslarımızın olduğunu müəyyənləşdirib namizədlərimizi irəli sürəcəyik. Hesab edirəm ki, ən azından 20-25 dairədə namizədlərimizi irəli sürə bilərik".

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev söyləyib ki, bələdiyyə seçkilərinə iştirakla bağlı hazırlıqlara başlayıblar:

"Neçə nəfərlə bələdiyyə seçkilərində iştirak edəcəyimizi hələ dəqiqləşdirməmişik. Partiyanın İdarə Heyətinin bununla bağlı iclası olacaq. Amma partiyanın ümumi şöbəsində artıq bununla bağlı iclas keçirilib. Hal-hazırda seçkilərdə iştirakla bağlı hazırlıqlarımız davam etdirilir. Partiyanın rayon təşkilat şöbələri olan dairələrdə namizədlər irəli sürməyə çalışacağıq".

Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev də bələdiyyə seçkilərində iştirak edəcəklərini deyib:

"Partiya olaraq bələdiyyə seçkilərinə qatılacağıq. Artıq partiyanın şəhər və rayon təşkilatlarına bu barədə göstəriş verilib. Yaxın günlər ərzində respublika üzrə namizədlərin yekun siyahısı müəyyən edildikdən sonra partiyanın İdarə Heyəti müvafiq qərar qəbul edəcək. Yekun rəqəm hələlik müəyyənləşməyib. Amma buna baxmayaraq, Ümid Partiyasının respublika üzrə müxtəlif şəhər, rayon, kənd və qəsəbə bələdiyyələrinə namizədləri olacaq. Partiyamız bundan əvvəlki bələdiyyə seçkilərində də çoxsaylı namizədlə iştirak edib, yenə də eyni addımı atacağıq".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da seçkilərə hazırlaşdıqlarını bildirib:

"Bu yaxınlarda Ali Məclisin sessiyanı keçirmişik və qərara əsasən partiyamız bələdiyyə seçkilərində iştirak edəcək. Qanuna görə, hər kəs yalnız qeydiyyatda olduğu ünvandan bələdiyyəyə namizədliyini verə bilər. Bizim də təxminən 60-a yaxın rayon təşkilatımız fəaliyyət göstərir. Ona uyğun olaraq namizədlərimizi irəli sürəcəyik. Ümumiyyətlə, Ədalət, Hüquq, Demokratiya Partiyası indiyə kimi keçirilən bütün bələdiyyə, parlament və prezident seçkilərində iştirak edib. Siyasi partiyaların seçkidə iştirakını olduqca vacib hesab edirik".

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli də seçkilərdə iştirak edəcəklərini bəyan edib:

"AĞ Partiya seçkilərdə iştirak edəcək. Lakin bu iştirak minimal və protokol səviyyəsində olacaq".


MANŞET XƏBƏRLƏRİ