İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bir müddət əvvəl açıqlayıb ki, artıq dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq.
Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək.
Turkustan.az xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz rəqəmsal şəxsiyyət vəsiqələri ilə bağlı açıqlama verib.
O qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi maraqlı bir layihə reallaşdırıb.
"İRİA həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradıb. Xatırladıram ki, hazırda myGov-da olan məlumatlar da rəsmi sənəd hesab olunur və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyən etmək çətin olur. İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir.
Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda myGov vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək. İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və myGov portalda səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı - QR kodu verifikasiya edə bilməyəcəklər.
Maraqlı məqam odur ki, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar da yaranır. Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.
Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır. Yeri gəlmişkən, hazırda İRİA və ETN datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək. Düşünürəm ki, müxtəlif dövlət qurumlarına məxsus olan data əsasında yeni rəqəmsal dəyərlərin yaradılması istiqamətində İRİA tərəfindən atılan addımlar təqdirə layiqdir". /Cebheinfo.az/