“Oliqarxların çıxdaş heyvanını baha qiymətə sənədləşdirirlər” - Məclisdə başlayan mübahisəyə sözardı


“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq”.

Bunu “Yeni Sabah” a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

O, parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə YAP-çı deputat Siyavuş Novruzov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “deyişməsi” ilə başlayan mübahisəyə rəy bildirib.

Xatırladaq ki, Novruzov mübahisə zamanı deyib: “Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən 3 gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə 2 inək 1 illik zəmanət verilir. Heç olmasa, 3 aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.

Nazir Sahil Babayev isə irada belə cavab verib: “Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur”.

Öz növbəsində, Vahid Məhərrəmov qeyd edib:

“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq. Həm mətbuatda, həm də sosial şəbəkələrdə.

Kifayət qədər faktlar var. Tələyə düşən şəxslərin ünvanı və kimliyini də açıqlamışıq. Təəssüf ki, bu hal hələ də davam edir. Daha ucuz, çıxdaş edilmiş, xəstə, qoca və bala salmış heyvanları sağlam inək kimi işsiz insanlara təqdim ediblər. Həmçinin, verilən otun həcmi az, keyfiyyəti isə pis olub. Buna görə bir çox vətəndaş ziyan çəkib.

Heyvanı təhvil alan şəxs onu bəsləyir, baytara aparır və onun yazdığı dərmanlara xeyli vəsait xərcləyir. Bir müddət sonra heyvan tələf olduqda isə vətəndaşa külli miqdarda zərər dəyir.

Bütün heyvanların tələf olduğunu, yaxud hamısının xəstə, qoca heyvan olduğunu demirəm. Elə vətəndaşlar da var ki, özünəməşğulluq proqramı çərçivəsində ona verilən heyvana yaxşı qulluq etmir. Yaxud fakt var ki, vətəndaşa daha məhsuldar heyvan veriblər, lakin o, yemləməni və sağımı vaxtında həyata keçirməyib”.

Ekspert məsələnin həlli istiqamətindən söz açıb:

“Bir vaxtlar Hadı Rəcəbli belə bir təşəbbüslə çıxış edəndə bildirdik ki, bu fikri reallaşdırmaq üçün kəndliyə heyvan verilirsə, torpaq sahəsi də ayrılmalıdır. Yəni örüş və biçənək ərazisi olmalıdır ki, kəndli həmin sahədə o heyvanı otarsın və biçənək ərazisindən ot, yem əldə edib heyvanı saxlaya bilsin. Təkcə ot yox, inəyə xüsusi yem verilməli, həmçinin ona baxanlar xüsusi təlim keçməlidir. Təlimdə inəklərin hansı vaxt aralığında və neçə dəfə sağılması, əməl edilməli olan qulluq qaydaları barədə məlumat verilməlidir. Ancaq bu iş olduqca formal həyata keçirildi. Oliqarx məmurların təsərrüfatından bazara çıxdaş heyvanları çıxarıb dəyər-dəyməz, çox ucuz qiymətlə alıb yüksək qiymətlə sənədləşdirdilər”.


MANŞET XƏBƏRLƏRİ