Təzminat belə alınacaq: İlkin tələb... – Məmmədyarov açıqladı


Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasının Azərbaycanla delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməsinin heç bir mənası yoxdur. Ona görə də, erməni tərəfi bununla bağlı açıqlama verdi ki, “delimitasiya edilmiş sərhəd xəttində “missiya” olmayacaq”. Çünki sərhədlər dəqiqləşdikdən sonra orada hər iki tərəfdən sərhəd xidməti işə başlaya bilər.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Görünən odur ki erməni tərəfi növbəti oyun əl atır. Çünki Azərbaycan haqlı olaraq Ermənistan ərazisində olan Aİ-nın “missiyasının” davranışlarından narahatlığnı bildirib. Vaxtaşırı olaraq həmin “missiya” Azərbaycanla şərti sərhəddə gəlib binokulla ərazini izləməyə çalışır”, - deyə o əlavə edib.

Sabiq nazir hesab edir ki, erməni tərəfinin missiya ilə bağlı verdiyi açıqlama Azərbaycanı sakitləşdirmək üçün edilmiş gedişdir: “Məqsədləri delimitasiyanı bir qədər sürətlə aparmaqdır. Bu isə hər iki tərəfdən delimitasiya komissiyanın görə biləcəyi işdir. Hətta bu günlərdə Ermənistanın baş naziri Azərbaycanla sülh əldə edilərsə, qarşılıqlı olaraq beynəlxalq müstəvilərdə iddialardan imtina məsələsini də gündəmə gətirib. Əslində Azərbaycan beynəlxalq müstəvidə Ermənistana qarşı qaldırdığı tələblərdə tam haqlıdır. Çünki 30 il ərzində Ermənistan Azərbaycan ərazilərinə külli miqdarda ziyan vurub. Ekologiyanı, ətraf mühiti dağıdıb, etnik təmizləmə, soyqırımı aparıb, bir neçə şəhər yer üzündən silib. Ona görə də, Ermənistan vurduğu ziyanı mütləq qarşılamalıdır və o təzminat ödəməlidir”.

Elmar Məmmədyarova görə, bu gün yenə də ilin sonuna kimi sülhün əldə edilməsindən danışılırsa, Ermənistanın öhdəlikləri də vurğulanmalıdır: “Ola bilsin ki, ilkin addım kimi hansısa sənədi paraflamaq olar. Çünki yekun sülh üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiaları aradan qaldırılmalıdır. Sülh Nikol Paşinyanla deyil, erməni xalqı ilə imzalanmalıdır”.


MANŞET XƏBƏRLƏRİ