Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür.
Turkustan.az xəbər verir ki, noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.
Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. /modern.az/