Son günlər Azərbaycanda alternativ hərbi xidmətlər bağlı məsələ yenidən gündəmə gəlib. Bir neçə gün əvvəl mədəniyyət naziri Adil Kərimlinin bu barədə açıqlaması müzakirələrin qızışmasına səbəb olub.
"Mədəniyyət sahəsində çalışan bəzi həssas istiqamətlər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışanlar aiddir. Bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur", - nazir qeyd edib.
Qeyd edək ki, alternativ hərbi xidmət dedikdə arxa cəbhədə silahsız xidmət nəzərdə tutulur. Bu xidmət növü Azərbaycan Konstitusiyasında da təsbit olunub, ancaq hələlik qanun qəbul edilməyib. Bu ilin fevral ayında parlamentdə qanunun qaəbul edilməsinə çağırışlar edilib.
Mədəniyyət naziri qeyd edib ki, alternativ hərbi xidmətlə bağlı dünya təcrübəsi nəzərə alınmaqdadır. "Çünki elə sahələr var ki, biz gərək sənətçilərimiz cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə edilməlidir”, - nazir əlavə edib.
Xatırladaq ki, alternativ hərbi xidmət haqqında qanun təxminən 10 il əvvəl Milli Məclisə təqdim edilmiş, deputatların qanunun müzakirəsindən imtina etmişdi.
Bəs alternativ hərbi xidmətin ölkəmizdə tətbiq edilməsi nə qədər realdır?
Modern.az mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanovla həmsöhbət olub.
Ekspert bildirib ki, alternativ hərbi xidmət dünyanın bir sıra ölkələrində mövcuddur:
"Hərbi xidmətə artıq fərqli şəkildə yanaşmalar mövcuddur. Bu gün həqiqi hərbi xidmət dediyimiz növ var ki, bu adi şəxslər üçün 1 il yarım, bakalavr təhsili olanlar üçün isə 1 il nəzərdə tutulur. Bu növ xidməti ödənişli şəkildə də keçmək mümkündür. Yəni minimum zamanda olan xidməti başa vurduqdan sonra qalan müddəti ödənişlə əvəz olunur. Belə yanaşmalar ola bilər, bu bəzi dövlətlərdə var. Amma həmin dövlətlərin sayı çox deyil. Bu xidmət növü alternativ sayılmır, vətəndaş xidmətini edir, sadəcə onun xidmət zamanı qısa olur. Əgər xidmətin bir həssəsi müəyyən məbləğlə əvəz edilirsə, bu alternativ xidmət sayılmır. Alternativ hərbi xidmət daha çox işindən ayrılmaq istəməyən, yaxud xaricdə vacib işləri olan vətəndaşların müraciət edə biləcəyi xidmət növüdür. Bu hallar çox az hallarda olur. Amilləri nəzərə alıb yanaşmanı müasirləşdirsək daha yaxşı olar. Hər halda xidmət etməyə gedənlər öz seçimlərini edərlər. Ona görə də bu haqda söhbətlərin getməsini düzgün hesab edirəm. Bu dünyada olan praktikada da mövcuddur. Azərbaycan ordusunda bu gün şəxsi heyət cəhətdən çatışmazlığımız yoxdur. Bizim müddətdən artıq xidmət edən yaxud müqavilə əsasında xidmət edən şəxslər yetərli qədərdir”.
Ş.Ramaldanovun sözlərinə görə, alternativ hərbi xidmət isə fərqli şəkildə edilən xidmət növüdür:
“Burada vətəndaş xidmətini belə demək düzgün olarsa, silaha toxunmadan başa vurur. Həmin şəxslər tibbi sahədə yaxud digər sahələrdə xidmət edirlər. Burada isə zaman adi hərbi xidmətdə olduğu kimi adi vətəndaşlar üçün 1 il yarım, bakalavr təhsillilər üçün isə 1 ildir. Bəzi ölkələrdə dini məhdudiyyətlərə yaxud digər səbəblərə görə vətəndaşlar bu şəkildə xidmət edirlər. Həmin şəxslər daha çox xidmətlərini xəstəxanalarda, tibb müəssisələrində edirlər. Ancaq müddət dəyişməz olaraq qalır”.