Rusiyanın yeni nüvə doktrinasının qəbulu və bu fonda Qərbi təhdid etməsinin ardınca Belarusun dövlət televiziyası müxalifətin və Qərbin ölkənin cənub-qərbindəki 4 əraziyə hücum planı barədə məlumat yayıb.
Bu hücumda Polşa, Litva və Ukraynadan silahlı qrupların iştirak edəcəyi göstərilir. Plana görə, Belarusun əvvəlcə “millətçi dəstələri tərəfindən hücuma məruz qalacağı, daha sonra muzdlular və NATO qüvvələrinin gətiriləcəyi” iddia edilir. Hətta Polşa kəşfiyyat xidmətləri silahlılarının da hücuma hazırlamağa kömək etdiyi bildirilir.
Belarusa hücumun başlaması nə qədər realdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, sözügedən açıqlama Belarusla bağlı Qərbdə ciddi hazırlıqların getdiyinin göstəricisidir:
“Belarus prezidenti Aleksandr Lukaşenko tez-tez xaricdən olan təhdidlər barədə açıqlamalar yayır. Bildirir ki, bu təhdidlər ekzistensial, yəni daimi xarakter daşıyır. Belarusla bağlı Qərbdəki onun dediyi kimi “düşmən qüvvələr” hücum planını hər zaman işlək vəziyyətdə saxlayır. Ona görə də Lukaşenko ölkə ordusu və əhalini daim ayıq-sayıq olmağa dəvət edir və hücum olacağı təqdirdə, ona cavab verəcəklərini bildirir.
Bundan üç gün öncə isə Rusiya prezidenti Vladimir Putin yeni nüvə doktrinasını təsdiqləyərək bildirib ki, adi silahlarla belə Rusiyaya hücum olarsa, onlar nüvə silahına əl ata bilərlər. Bu zaman Putin Belarusun da adını çəkdi. Çünki Minsk Moskva ilə ittifaq ölkəsidir, müttəfiqdirlər”.
“Belarusla bağlı hazırlıqlar gedir”
Ekspertin fikrincə, bu vəziyyət Qərbdə Belarusla bağlı ciddi planlar üzərində işləyən qüvvələrin olduğunun göstəricisidir:
“Onlar Rusiya və Belarus istiqamətində zəif nöqtələrin axtarışı ilə məşğuldur. Çalışacaqlar ki, yaxın zamanlarda kəşfiyyat aparıb, Belarusa müdaxilələrini həyata keçirsinlər. Məqsəd də Rusiya ilə Belarusu zəiflətməklə daxildəki müxalifyönümlü qüvvələrin ayağa qalxmasına nail olub hakimiyyət çevrilişinə nail olmaqdan ibarətdir.
Belə bir plan həm də Qərb ölkələrində mövcud olan problemlərin arxa plana keçirilməsini də nəzərdə tutur. Qərbin özündə milli, irqi, dini və sosial zəmində çoxsaylı kəskin problemlər mövcuddur. Belə olan halda Qərbdə bəziləri düşünür ki, qəbul etmədikləri ölkələrdə xaotik vəziyyət yaratmaqla öz daxilindəki problemlərin həllinə nail ola bilərlər.
Belarusla bağlı da bu mənada Qərbdə ciddi hazırlıqlar gedir. Ona görə də Lukaşenko tez-tez çıxış və müsahibələrində həmin məsələyə toxunaraq proses barədə məlumatlı olduqları və lazım gəlsə, ciddi şəkildə müqavimət göstərəcəklərini bildirir. Bu baxımdan Qərbdə hansısa qüvvələr həmin məsələdə israrlıdırsa, böyük səhvə yol verirlər. Belarusun özünün də müdafiə üçün böyük potensialı var”.