Ermənistan xarici işlər naziri Ararat Mirzoyan alman həmkarı Annalena Berbokun İrəvana səfəri ilə bağlı yalan danışıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Nəşr bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi dünən Berbokun Ermənistana səfərini təntənəli şəkildə elan edib:
“XİN-dən o da bildirildi ki, nazirlərin təkbətək və geniş tərkibdə görüşü olacaq, daha sonra isə mətbuata açıqlamalar veriləcək.
Mirzoyanın rəhbərlik etdiyi qurum belə bir təəssürat yaratmağa çalışır ki, bir il əvvəl Ermənistanda olan Almaniya xarici işlər naziri indi erməni həmkarı ilə görüş üçün xüsusi olaraq İrəvana gəlib.
Əslində, Almaniya xarici işlər naziri Bakıya səfərə gedərkən İrəvanda dayanıb, XİN-də olub və burada Mirzoyanla bir neçə məsələni müzakirə edib”.
Erməni nəşri xatırladır ki, Berbok ötən il Berlində Mirzoyanla azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşünə moderatorluq edib:
“Amma o, hər şeydən əvvəl Almaniyanın maraqlarının müdafiəçisidir və həmin ölkənin maraqlarını təmin etmək üçün Azərbaycana gedir.
Əlbəttə, Berbokun Ermənistanda dayanması və İrəvanın mövqelərinə aydınlıq gətirməsi bizim üçün müsbət haldır. Problem Mirzoyan və onun rəhbərlik etdiyi qurumdadır ki, elementar protokola riayət etmək istəmirlər, yalan danışmağa çalışırlar”.
Qeyd edək ki, Almaniyanın baş diplomatı Bakıda davam edən COP29 sammitində iştirak üçün bölgəyə gəlib. Berbok İrəvana dünən gəlib, bu gün Azərbaycanın paytaxtına səfər edəcək./teleqraf.com