Zəfər Günündə Müdafiə Nazirliyinin Orkestri tərəfindən səsləndirilən və bizi qələbəyə kökləyən marşı yəqin ki eşitməyən az adam tapılar.
Amma "Qələbə marşı" adlanan bu musiqinin müəllifini bəlkə də çox adam tanımır.
Turkustan.az Modern.az-a istinadla "Qələbə marşı"nın müəllifini oxuculara təqdim edir:
Rüfət Axundzadə 1981-ci ildə Bakı şəhərində Azərbaycanın Xalq artisti general-mayor Yusif Axundzadənin ailəsində anadan olub. İlk təhsilini İncəsənət Gimnaziyasının truba sinfində aldıqdan sonra 17 yaşında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Professor Ağarəsul Rəsulovun sinfində təhsil alan Rüfət Axundzadə 2002-ci ildə bakalavr təhsilini başa vurub və elə həmin il magistratura pilləsində təhsilə davam edib. 2004-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildən Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb, 2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi olub. 2015-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.
2014-cü il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Axundzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi kimi fəaliyyət göstərən polkovnik-leytenant Rüfət Axundzadə müharibə dövründə yazdığı "Qələbə marşı"nı 1 ay ərzində tamamlayıb. Marş 2020-ci ilin dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəfərdən sonra keçirilən ilk Hərbi Paradda səsləndirilib. Marş Qələbə Paradında səsləndirildikdən sonra müxtəlif tədbirlərdə, o cümlədən hər Zəfər Günündə Müdafiə Nazirliyinin Orkestri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, işğaldan azad olunan bölgələrdə səsləndirilir.
Rüfət Axundzadə 2024-cü il yanvarın 15-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsinə atası Yusif Axundzadənin yerinə təyinat alıb.
Onu da qeyd edək ki, bəstəkar və müğənni, deputat Polad Bülbüloğlu da bu yaxınlarda verdiyi müsahibələrin birində “Qələbə marşı” yazmaq istədiyini bildirmişdi.