Polad Bülbüloğlu Məmməd İsmayıla təbrik məktubu göndərib


Millət vəkili, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu görkəmli şair Məmməd İsmayıla qarşıdan gələn 85 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Komitə sədrinin təbrik məktubunda yubilyar şairin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

“Hörmətli Məmməd müəllim,
Sizi qarşıdan gələn 85 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı diləyirəm!
Siz, imzası ölkə hüdudlarından uzaqlarda da ün qazanmış görkəmli şairsiniz. Ədəbiyyat, mədəniyyət və ictimai xadim olaraq unudulmaz xidmətləriniz Sizə şöhrət qazandırıb.
Şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, filoloq-alim kimi, söz sənətimizin inkişafı, zənginləşməsi, həqiqətlərimizin təbliği və tərənnümü baxımından gördüyünüz işlər bizə yaxşı məlumdur.
Yaradıcı, pedaqoji fəaliyyətinizlə yanaşı, Siz, bir sıra önəmli ictimai və dövlət vəzifələri daşımış, uğurlara imza atmısınız.
Siz fərqli dillərdə gün üzü görən 50-dən çox bədii və elmi kitabın yazarısınız; özünüzün çoxsaylı tərcümələriniz var; eləcə də, ölkəmizi mötəbər ədəbiyyat festivallarında uğurla təmsil etmisiniz. Keçmiş SSRİ dönəmində də, ölkəmiz müstəqillik qazandıqdan sonra da, sanballı ödüllərlə təltif olunmusunuz.
Sizi yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı diləyirik”!


MANŞET XƏBƏRLƏRİ