DİNƏNDƏ YANDI DİLİM


No description available.
Qənbər Ağayev
“SSRİ Teleradio əlaçısı”, “Qızıl qələm”,

“Bir millət, iki dövlət” Media mükafatları laureatı.
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.

Givinin yaradıcılığı ilə tanış olduqca dilimin ucunda Məmmədağa Şahtaxtlının XX əsr türk dilli şərq mətbuatının şüarına çevrilimiş

“Dinəndə yandı dilim

Dinməyəndə dil yandı”

misraları dolaşır, elə mənim də dilim yanırdı. Və gözümün önündə beynəlmiləl, bəşəri mətbuatın və poeziyanın ağrılarını XXI əsrdə qəlbindən, ruhundan, qanından keçirən, yalnız özünə bənzəyən orijinal bir qələm əhli canlanır.

Bu Givinin poetik taleyidir. Və qəti qənaətə gəlirsən, ( həm də görürsən ki,) Givinin qələmi əlahəzrət sözə bürünüb Vətən, torpaq, yurd, azadlıq, ədalət, haqq, qardaşlıq hayqırır.

1993-cü ilin baharıdı. Azərbaycan ağır günlərini yaşayır. Vətəndaş Givinin əlində “Qələm qan ağlayır, vərəq sarılır, çünki “Məzar tünlüyündən torpaq inləyir”. Buna görə də “Bu bahar bənzəmir bahara nəysə”.

Vətənin şüarı Vətən əsgərinə “Ey əsgər! Şad elə könül evimi”- deyib Xocalı qətliamını yurdun əsgərinə xatırladın. Xatırladın ki, “Çocuklar qana bələnib”. Və, nə qədər ki, “BMT”- lər, “ATƏT”-lər planetdən silinməyib, “Nə qədər ki, Qərbin Şərqə təcavüzü var, nə qədər ki, “ Ağ Qoç, Qara Qoçdan qisasını almayıb” öz qüdrətinə güvən, yurdunu qoru. Vətən qəhrəmanı Mübariz İbrahimova şairin müraciəti poeziyada yeni poetik nidadır:

Sənə şeir yazmadım,

Səni ürəyimə yazdım...

Dəfnində olammadım –

Qəbrini qəlbimdə qazdım!”

Vətən şəhidinə dəyərin yeni poetik səhifəsini yazır şair.

Bəşərin faciəsi milli, milli olduğu qədər də bəşəri, şairə elə bəşəri dərddir. Qərbin qətliamından qaçanlara “Okeanlar, dənizlər qardaşlıq məzarına dönürsə, həqiqətin göz yaşları Ağ yalanla qurudulur”sa, “Bu dünya qaçqınlar, köçkünlər doğur”sa, “Miqrantlar yaşadıqları çadırlarda olur”sa, “Planeti emiqrant seli bürüyüb”sə, bütün bunların içindən keçirən şairin qəlbinin poetik titrəyişini eşidirsən.

Təqvimdə 1997-ci ildir.Yazdı. Ancaq şair bu ilin yazına sevinmir – çünki onun torpağı düşmən əlindədir. Qarabağ Qürbətdə qalıb. Qürbətin isə “Göz yaşı kəfən qoxuyur”. Qələbəyə hələ 3 il qalır. Şair qəlbinə və Vətən Əsgərinə xitabən;

“Qeyrət diləyən torpaq

Hərb ilə alınmasa...

... Min yol gəlib qayıtsa

Bu yaza yaz demərəm”

Vətənin torpaq bütünlüyünü Vətənin baharı ilə vəhdətdə görən şairə əbədi ehtiram! Sevgi!

Şəki şəhidinin anasına ünvanladığı vəsiyyəti;

“Artıq yetişib, Ana

Mənim şəhidlik anım.”

Şəhidin qırılan soyunu qələmin qüdrəti ilə şair əbədiləşdirir.

“Qarabağda büründüm

Qaldırdığım bayrağa”

2023-cü il oktyabrın 3-dür. Qələbəyə 6 gün qalır. Şair poetik ruhu ilə hiss edir ki;

“Havadan qələbə qoxusu gəlir,

Dünya şahid olur möhtəşəm ana,

Muştuluq verərək Azərbaycana !”

Givinin poetikasında yeni insani ucalıq fəlsəfi dərinlik kəsb edir. Bu sevgi;

“Bülbülə, eşqə, gülə dair yalan”(M.Ə.Sabir) deyil. Bu sevgi “Kainatın silahsız aləmində”, “Səmanın buludsuz yanaqlarında”, “Sözü insanlara, özü Allaha açılan sabah”dır. Bu sevginin yaratdığı Givi - Lamara cütlüyünün fələkdən gələn Lamara ayrılığını, Lamaranın “Hakda yurd salmasını”:

“Mən bir məzarsız ölüyəm,

Ölməkçün məzar gəzirəm.

Yarı qəlbimə köçürüb

Həyatdan bezar gəzirəm”.

Bu poeziyada Givi sevgisidir, bu Givi kədəridir. Həmkarları da Givi kədərinə Givi həssaslığı ilə qoşulur. Şair Ramiz Orsər “Ağ Divli”, “Sevgi bazarında sazağa düşdüyünü”, “Yarı ölən kişinin yetim qaldığını “ yayımlayır. Qələm əhli Əlövsət Tahirli Givi-Lamara sevgisini “Oturub baş əyirəm bu sevginin önündə”, Vaqif Aslan “Ağırdır sevimli qadın itkisi”, Ələsgər Talıboğlu ; “Dərdi böyük Yetim Gürcü”, Ramiz Orsər; “Kədər də şairi tapır birinci”, Tapdıq Süleyman; “Bir şah idin taxtdan düşdün”, Vəliş Zirvəli “Əyilmə heç...döz dövrün qoçaq adamı” – deyir və Giviyə ehtiramlarını Onun möhtəşəm sevgi səhifəsinə yazır. Givi isə;

“Ürəyim yarımçün kürəsiz ada

Lamaram orada yaşar əbədi.

Əgər mən varamsa, yaşayır O da...

Şeirimlə yapmışam sevgi məbədi”

Hər sevgi cütlüyün ömür səhifəsidir. Givi – Lamara sevgisi isə “Məbəddir”. Sevgi dünyasında 100 ildən bir ucalan məbəd. Hadisə boyu şairlə birlikdə bu sevgi ayrılığının kədərini yaşayan oxucu sonda təsəlli tapır ki, Saf Xatirə sevgisi Giviyə qovuşub bu Məbədi işıqlandırır.

ƏLAHƏZRƏT SÖZ

Söz yaradıcılığı ...hər şeyin əkildiyi söz gülüstanında yeni çiçək əkib yetişdirmək, həm də Dahi Aristotelin; “Bəziləri elə bilir ki, təzə fikir söyləyir. Ancaq onlar bilmir ki, bu fikirlər çoxdan deyilib” fikrinin dərinliyinə yalnız Yaradanın seçdiyi və istedad bəxş etdiyi şəxsiyyətlər baş vura bilir. Əsrlər - əsrləri, nəsillər – nəsilləri əvəz edir “ qılıncdan, nizədən kəskin, zamandan, oxdan ötkün” (S.Vurğun) dünyanın ən kübar, insanlığın şah kəşfi, şah əsəri ədəbiyyat yeni-yeni söz incisi yaradır və reallığa söykəncək Ağ Div, bu inciləri yaradanların ön cərgəsindədir. Givinin qələmində “misra işığa çıxır”, az yazır ki, “yazdığı söz inciməsin”, Günəş doğanda görür ki, şehli göz yaşını axıdır səhər”. Dünya o qədər qarışıb ki, “Zəmanə kədərdən Xalı toxuyur”. Payız isə şairin “saf sarışın adaxlısıdır”. Misralarında “şeir imtahan verir”, “düz sözündə yalanlar güllələnir”.

“Otu boy atmış çəmənlər

Yeni nəğmə bəstələyir”

İstedadsızların məclisində “Şair həyasından utanır”. Və e hey;

“Şeirlərin xətrinə dəyməyin,

Şairlərin qamətini əyməyin,

Gözünüzü həqiqətə dikin,

Şeir binaları tikin!”

poetik bəyanatını verir və nida işarəsi qoyur.

İTHAF

Bu mövzü Givinin ( Giya Paçxataşvilinin) yaradıcılığında qırmızı xətlə keçir. İthafın “baş qəhrəmanı” Azərbaycan bayrağıdır.

“Pak amal fəlsəfəsi,

Hürriyyətin gur səsi,

Sönməz Günəş şöləsi –

Qələbələr sorağı,

Azərbaycan bayrağı!”

Şairin Vətən bayrağına vurğunluğuna heyran qalmamaq olmur. Onun amalında Azərbaycan Bayrağı “Səmadan enmiş Quran”dı, “Vətənpərvərlər Piri”di.

***

“Bədii mətnlərdə hər kəs öz talelərinin bir parçasını tapmağa maraqlıdır”. Dahi Belinskinin bu fikrinə rəğmən sələflərindən fərqli olaraq Givi də ünvanlı ithaf “Bir kitab yol gedir”, Azərbaycan İstiqlalının Banisi M.Ə.Rəsulzadənin nəvəsi Raisin vətənə “dönüşünü” onun Vətən haqqı kimi poetikləşdirir. Alim-şair Qiymət Məhərrəmlinin “Allaha dair”, “Ana, səndən doymadım”, “Qərib durna”, “Sönmüş ocaqlar”, “Dərviş”: kimi əsərlərinin obrazını yaradır. Jurnalist-şairə Nəcibə Bağırzadəyə ünvanladığı şeirində gecəni “cinayətlərin qaramat qəhqəhəsi” kimi görür və “batan”, “gecə”dən bəşəri narahatlığı içindən keçirib; “Dünya, gecədən ehtiyyatlı ol” - deyə haray çəkir – şair sülh istəyir. Elə sülh ki, “savaşın bağrını köz-köz odlara yaxsın”. Və “arxiv rəfinə düşsün siyasətlə haqsızlıq” – budur şairin İlahi amalı!

İthaf Givi poeziyasında sadəcə tərənnüm və təsvir deyil, bitkin, yaradıcı bir obrazdır. “Hacımahmud saz çalır” elə çalır ki,

“Çalığısı ən qədim əsrdən gəlir,

Sanki yazılmamış əsərdən gəlir,

Qalalar adlayıb qəsrdən gəlir

Barmaqlar sazda yox, yollarda qalır...

“Urfani” “Misri”yə verir yerini,

Təzənə simlərdə deyir şeirini”

– budur poetik sənət. Şeirdən Səməd Vurğun poeziyasının fəlsəfi sadəliyi boylanır.

İthaf sıralanır. “İnsani gözəlliyi özündən olan” Qərənfilin “düz sözündə yalanlar güllələnir”...Xalq artisti, ürəyə işləyən səsi ilə milyonların qəlbinə su səpən Eldost Bayrama həsr etdiyi “Səs”li şeir” də görkəmli diktorun obrazını yaradır;

“Səsdən dirçələ-dirçələ,

Səs tək incələ-incələ...

Ən bəd nəzərdən keçib,

Kürdən, Xəzərdən keçib,

Bəxş edir dostlara bayram,

Mətni oxuyub aram-aram,

Yaşayır Eldost Bayram!

ZƏRURU QEYD

Onlarla oçerkimi, ictimai-siyasi, publisist yazılarımı Aydın Qaradağlı səviyyəsində, yüksək duyğu ilə efirə təqdim edən, 30 ildən çox Azteleradioda birgə çalışdığımız sehrkar səs sahibi Eldostu şair mənə yenidən tanıtdı – budur poetik sözün gücü.

Bəstəkar, neçə-neçə ruha işləyən nəğmənin, o cümlədən Givinin qələmə aldığı “Zülmətdən gələn işıq” şeirinə həsr edilmiş himnin bəstəkarı İqbal Ağayevin melodiyalarını dinləyib heyrətini belə ifadə edir:

“Bu musiqi -

Ruhumu bəşəri eşqin

ilğımına salırdı...

...

silinməz həyat himnini

Allaha çatdırırdı.

...

Duyğu-duyğu bəstələnirdi,

Bakirəlik simfonuyası kimi

Səslənirdi.

Bu müsiqi

Bəstələrin xoru idi,

Kövrəkliyin ən mükəmməl

Dirijoru idi...

Qələmə alına bilməyən

əhval idi.

Içindən not-not boylanan

Iqbal idi.

Fikirləşirəm – musiqi sahəsinin azman tədqiqatçısı bəstəkarın melodiyalarının məncə dərinliyini bu səviyyədə aça bilərdimi? Yeri gəlmişkən Givi-İqbal tandemində “Zülmətdən gələn işıq” dünya ölkələri içərisində gözdən əlillər üçün poeziya ilə musiqinin vəhdətindən yaranan ilk himn – ilk əsərdir. Sənət dünyasında ilkin nə olduğunu isə izah etməyə ehtiyac yoxdur. Bunu Karifeylər yaxşı bilir.

Bir daha təkrar edirəm, ithaf Givinin qələmində sadəcə tərənnüm deyil, şairin öz təbirincə desək “Əhvaldı”. Sevincini qələmə aldığı insanların elə sevinc məbədini yaradar. “Toy-düyünü dar ağacından asdıran kədəri isə içindən keçirib dəfn edir;

Nümunələr:

- Cərrah Hacımurad Sofiyevin “Hər iynəsi, hər dərmanı ölümə yazdırdığı ölüm fərmanı”dır.

- Dosrların sırasının erkən seyrəldiyini görən şair Dostu İlham Paşayevə gileylənir ki;

“Əcəl arsızlaşır, həyat kövrəlir,

Könlümdən yamanca ağlamaq gəlir”

bu ağlamaq deyil “Ağ Divin” göz yaşlarıdır, “Görünməz buz dağının əriməsidir, həyatdan gənc ikən köçən istedadlı şair Akif Səmədin qələmi əlindən düşür və “Vərəq – qələmə yas tutur”.

Mədət Coşquna “Şəriknamə” (yeni söz) göndərir.

  • Həmyerlisi və dostu (bu sətirlərin müəllifi də daxil olmaqla Azteleradio Şirkətinin sədri Məmməd Muradın işdən haqsız kənarlaşdırdığı 41 nəfərin məhkəmədə vəkili, istedadlı hüquqşünas Əyyub Kərimovun vaxtsız və faciəli, ən başlıcası hamıdan və hər kəsdən uca olan qanunun pozulduğuna dözməyib “ürək tutmasından” ölümünü;

“Yerdən qanunu götürüb,

Qoltuğuna vurub ...

Səmanı hifz etmək üçün

Əyyub göylərə getdi”

bədii nekroloqu ilə qələmə alır, onu müqəddəsliyə ucaldır.

VƏTƏN, YURD SEVGİSİ

Givi – gürcü soyadlı Azərbaycan vətəndaşı, doğulduğu Qax şəhərini məbəd bilir. Cənubi Qafqaz xalqlarının birlik üçün “Elata” çağırır və ;

“Tədbirə nəfəs verən mərd türki, həssas gürcüdür.

Onlar tarixləri ilə, kökləri ilə güclüdür.

O tarix də, o kök də Bir həqiqət bürcüdür” – deyir.

Türk-Gürcü birliyi Vahiddir. Şair düşmənlərə əminliklə bəyan edir ki;

“Təxribat zəhəriylə Vahidlik parçalanmaz”

Torpağa sahiblik, yurdu qorumaq babaların övladlara müqəddəs əmanətidir. Yurd əmanətinə bəzi övladların biganəliyini görən şairin ürəyindən qara qanlar axır. Qədimdən qədim Borçalıda bir evi sahibsiz görüb həmkarı Firudin Şamiloğluna;

“Eloğlu, bu evin yiyəsi hanı?”

“Bu evdə işıq niyə yanmır, saz niyə çalınmır?” yurda bağlı şairin halını təsəvvür edin.

GİVİ HƏMKARLARININ BAXIŞ BUCAĞINDA

“Ağ Div”, “Fosfor Adam”, “Aysberq”, “Buz dağı”, “Dərviş” – oxucuları və qələm əhli Givini bu ucalıqda görür, bu qüdrətli qələm sahibinin sözünü, şəxsiyyətini bu ucalıqda da dəyərləndirir.

“Loğmanıdır göyün, yerin,

Hikməti dərindən dərin”( Qiymət Məhərrəmli)

“Çörək ətirli yağış” (İradə Kövrək)

“ Bir dostum var – aydan arı, sudan duru.

Atam kimi, anam kimi doğma əziz” ( Nüyvər Şərifova)

***

Eldar Həsrət: Poeziyadan küsdüyünü deyir. İstedadını görən və “Yaz, deyə-deyə” ondakı təbi alışdıran Giviyə İlahi minnətdarlığını bildirir.

***

Vahid Oruc: Öz dilini bilməyən bəzi azərbaycanlılara Azəri dilində nikbin əsərlər yaradan Givini nümunə göstərir;

“Xəcalətdən töksünlər tər

Öz dilini bilməyənlər.

O kəsləri “Qoyun” bilər

Tərcüməçi-şair Givi”.

“Xalqa həm xidmətçi, həm can” olan tərcüməçi-şair Giviyə ehtiramlarını belə dilə gətirir Vahid Oruc.

***

Səyyarə Şükürlü: 29 yanvar 2016-cı il “Ağ Divi”n ad gününə

“Bu gün ad günüdür

Adına qurban” deyib ona ulu məhəbbətini bildirir.

***

Osman Əhmədoğlu: Givinin poetik obrazını belə tərənnüm edir;

“Bir çeşmədir, ürəklərdən süzülüb,

Söz mülkünə düzüm-düzüm düzülüb,

Haqq göndərib, alnımıza yazılıb,

Yüz qıfıla tək özüdür bir açar,

Siz sevin Givini, sevin, insanlar!”

***

Elnur Eldaroğlu: “Yeni bağbanın var, qalx, poeziya!” xeyir duasını dilə gətirir.

GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN GİVİ

“Hamı hər şeyi birlikdə bilir, hamı isə hələ dünyaya gəlməyib” – müəllifini unutduğum filosofa ürəyimdə belə bir sual ünvanladım. Bəs yeni söz necə, hamısı dünyaya gəlib? Yuxarıda şairin yeni söz yaradıcılığı haqda danışdıq. Givi sözün bakirə obrazını cızır. Sözlə təbiəti görüşdürüb yeni çalar, yeni gözəllik yaradır.

  • Givinin poeziyası Haqqın keşiyindədir, haqqın qələbəsini hayqırır. Haqqın yanında Pir – nahaqqın qarşısında sipərdir.
  • Bu tale şairinin poeziyasında Əli Kərim ruhu, Xəlil Rza qəzəbi, Rəsul Rza əyilməzliyi, Bəxtiyar Vahabzadə milliliyi, Səməd Vurğun qələminin axıcılığı hakimdir.
  • Bu poeziya yeni səs, yeni poetik butadı.
  • Sözünün içində gizlənmir Givi. Hansı şeirini oxuyub, yaxud dinləyiriksə - imzaya baxmadan hiss edirsən ki, bu Gividir!
  • Givi öz poetik məktəbini yaradır. Şeirlərini oxuduqca altından xətt çəkmədiyim misra tək-tük idi. Poeziyasında;

Firdovsinin;

“Ruhu yeksək babalardan hədiyyədir bizə şeir,

İlahi bir qüdrəti var, göydən yerə nemət yenir”

poetik bəyənatının və;

  • Nizaminin;

“Sözün çoxsa əgər çalış az olsun,

Yüz sözün yerində bir kəlmə qalsın” – fəlsəfəsinin vəhdətini yaradır.

“Söz mülkünün Sultanı” M.H.Şəhriyarın “Göz yaşından başqa” heç bir “dürrü şəhvari” idi. Bəs Givinin? “Hikməti dərindən dərin” (Q.Məhərrəmli), “Sözdən özgə” “yanında” hər şeyin “əfsanə”(O.Əhəmədoğlu) olduğu “Ağ Divin də” varı-dövləti qələmə aldığı incilərdi. Bu incilər :

  • Kövrək, fəlsəfi nəğmədi,
  • Lalların dilinə açardı,
  • Karların qulağına məlhəmdi.
  • Yanıqlı bayatıdır.
  • Pıçıltılı nəğmədir.
  • “Şahə qalxan “çahargahdır”.
  • Hərbə lənət kimi səslənən Simfonuyadır .
  • Müharibə cəlladlarına qarşı nərədir, hayqırtıdır.
  • Sözdən söz götürənlərə İsmarıcdır.
  • Bu günki və gələcək nəsillərə namədir.

***

“Ədəbiyyat üçün lazımlı bircə məktəb var - istedad “ (V.Nabokov) . Bu Givinin Tanrı payıdır. “Necə yazırsan elə yaşa, necə yaşayırsan – elə yaz” (G.Batyujkov). Bu Givinin poeziyasıdır – şair necə yazırsa elə yaşayır, necə yaşayırsa elə yazır.

“Bənzərəm bir qocaman dağa ki, dəryada durar” – deyən Sabirin,

“Min il sonra sorsalar haradadır O,

Hər yerən səs gələr, buradadır O”. Dünya poeziyasına qızıl möhürünü vuran Nizami Gəncəvinin kəlamında da Givinin poeziyasını görürük.

“Seyyida, Ölmərəm aləmdə səsim var mənim” bədii qadrətini dilə gətirən Seyid Əzim Şirvaninin xələfi Givi də əminliklə ədəbi qüdrətinə inanır;

“Tanıdınız “Ağ Divi”?

Həm Giyadır, həm Givi...

Görsəniz şeirdən evi,

Bilin ki –

Bu mənəm!”

– deyir və ədəbi mühitə öz möhürünü vurur. Şəxsiyyəti ilə poeziyası vəhdətdə olan şair oxuculara mənəvi dünyasını açır;

“Giviyəm, nurlu sabaham,

Öz yarıma qibləgaham,

Yerdə yaşayan Allaham,

Odur ki, görmürlər məni”

Görənlər şairin şəxsiyyətini və poeziyasını nurlu sabaha kimi qəlbinə köçürür.

“Torpağının Piri”, “ürəyi Dərviş, qələmi Ozan” sənətkar Allahın poetik səsini (“Poeziya Allahın Səsidir”.(Turqenev) bəşərə, bəşərin duasını insanlığın Allaha yönələn Elçisi kimi Yaradana çatdıran Şairi görmək üçün bəsirət gözü lazımdır – o da ki, cahildə nə gəzir!?

Ustad! Bir Aqil, min cahildən dəyərlidir. Sələfin Vurğunun qızıl misralarını xatırla:

“Qananlar məclisindən ki, ləzzət al sözlə söhbətdən,

Fəqət qanmazlar yanında düşər loğman da qiymətdən”

Sənin əsrləri keçəcək poeziyanın dəyəri beş ünlü qurum tərəfindən...

  • “Həsən bəy Zərdabi mükafatçısı”
  • Rusiyada “İlin tərcüməçisi” ( 2005-ci il)
  • “Səməd Vurğun 100” medalı (2006 –cı il)
  • Mətbuat Şurasının “Ümid işığı” mükafatı (2012-ci il)
  • “Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbi müküfat”la dəyərləndirilib.

Əminəm ki, bunlar gələcək mükafatlara gedən yoldur.

Əlahəzrət təcrübə göstərir ki, Sənətkarın ən böyük mükafatı – xalqın sevgisidir. Üç xalqın elçisi, Azərbaycan, Rus, Gürcü dillərində qızıl imzası olan şair-tərcüməçi Giya Paçxataşvili oxucuların və həmkarlarının qəlbinə elə qızıl hərflərlə yazılıb.

EPİLOQ

Əsərlərindən boylanan bir həqiqət də var. Külçə misrlardan şeir binaları ucaldan, XXI əsr ədəbiyyatına öz möhürünü vuran Givinin yazanda “dili yanır”, yazmayanda “ürəyi yanır”. Bu isə İlahi sənət yoludur – Givinin yoludur.

OXUCULARA XATIRLATMA

Poetik Yaradıclığndan bəzi məqamları təqdim etdiyimiz bu sənətkar obrazı xatırlayın - təpədən – dırnağa Giya Paçxataşvilinin özü – sənət dünyasıdır.


MANŞET XƏBƏRLƏRİ