Sosial Təqdiqatlar Mərkəzinin (STM) “Zəfər” zalında Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirilib .
Turkustan.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı forumu" layihəsi çərçivəsində reallaşıb.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikası və Güney Azərbaycan nümayəndələrinin iştirakı ilə forumda “Türk dünyası ədəbi-mədəni əlaqələrin inkişafı – yeni ideyalar, yeni çağırışlar” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Birliyin başqanı, forumun moderatoru İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin önəmi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır. İntiqam Yaşar hesabat çıxışında "Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi çərçivəsində gördükləri işlərdən danışdı: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirdiyimiz layihə çərçivəsində Azərbaycan və digər Türk ölkə və topluluqlarından olan yeni nəsil yazarların yaradıcılıq nümunələrindən ibarət kitab çap olundu. Həmin kitabın təbliği istiqamətində bir sıra təhsil və mədəniyyət müəssisələrində tədbirlərimiz keçirildi. Eyni zamanda, təşkilatımızın 25 illik yubiley törəni Bakı şəhərində geniş ictimaiyyətin iştirakı ilə təşkil olundu. Tədbirlərimizdə Türk dünyasının müxtəlif nöqtələrində yaşayıb yaradan yeni nəsil yazarlar iştirak etməkdədirlər”.
STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəylinin sözlərinə görə, əsas missiyadan biri də gənc türk yazarlarını dəstəkləməkdir: “Nəzərə alsaq ki, forum Sosial Təqdiqatlar Mərkəzində keçirilir, bu baxımdan tədbiri müəyyən mənada siyasi də hesab etmək olar. DGTYB türk dünyasının gənc yazarlarını vahid ad altında toplamış nəhəng təşkilatdır”.
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı təşkilatın 25 illik tarixinə qısa ekskursiya edərək, hansı çətin yollardan keçdiklərinə nəzər salıb. Qeyd edib ki, forumun STM-in “Zəfər” zalında keçirilməsi təsadüfdən deyil, zərurətdəndir və mesajdır.
Kifayət qədər işlərin görülməsinə baxmayaraq, Türk dünyası ədəbiyyatının dərin tədqiqə ehtiyacı olduğunu diqqətə çatdıran AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Mehman Həsən xatırladıb ki, bu istiqamətdə müxtəlif tərcümə işləri, kitabların çapı, konfransların, simpozimlərin keçirilməsi təqdirəlayiqdir.
Qazaxıstan Yazıçılar Birliyinin katibi Devletkerey Kapulı diqqətə çatdırıb ki, burada iştirak edən gənclər hürriyyətinə qovuşmuş Türk dünyasının nümayəndələridir: “Türk dünyası şeir, sənət dünyası, ruh dünyasıdır. Bu forumda ruhların, sənətlərin dünyası birləşir. Gənclərə dəstək, onların gələcəyi üçün çalışmaq hər bir Türk dövlətinin başlıca vəzifəsidir”.
Layihə çərçivəsində çap olunmuş “Türk dünyası gənc yazarları” kitabının redaktoru, Bakı Dövlət Universitetinin doktorantı, gənc türkoloq Məleykə Mirzəli ədəbi birliyin önəmindən söz açaraq deyib ki, türk gənc yazarları ədəbi vəziyyət, ədəbi işbirliyi imkanlarını xeyli genişləndirə bilərlər.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ədəbi əlaqələrdə gənclərin rolunun önəmini qeyd edib.
Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev türk yazarlarının bir araya toplanmasını yüksək qiymətləndirib, DGTYB-ni bu təşəbbüsün təşkilatçısı kimi təbrik edib.
Daha sonra Azərbaycandan və müxtəlif Türk ölkələrindən dəvət olunmuş yazıçı və şairlər, araşdırmaçı yazar Turan Uğur, Faroğat Cabbarova, Aqşin Evren, Erkinbek Serikbay, Karlıqaş Kavay, Aygün Yaşarvə s. çıxış və məruzələr ediblər.
Tədbir sual-cavab və ideya-təkliflərlə yekunlaşdı. Mərasimin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən etkinliklərə verdiyi informasiya dəstəyinə görə və təşkilatın 25 illik yubileyi münasibətilə bir sıra media qurumları təltif edilib.
Təltif edilənlər sırasında Bakıvaxtı.az xəbər portalı da var.
Xatirə şəkilləri çəkilib, müzakirələr çay-kofe fasiləsində davam etdirilib.