“ Mavi sular mavi gözlü gözəl olar...”


Şeir səmimiyyətdən doğur. Şair özü olanda, özünə qayıdanda şeir yaranır. Şair ömrü narahat bir ömürdür. Daim axtarışda, daim bir yenilik, daim yanğı, sevinc, kədər içində keçən ömür. Xalq şairi Nəbi Xəzri demişkən:” Yazmasan- narahat... Yazsan narahat...” Şair dərd, kədər hopdurucusu, sevinc, fərəh bölücüsüdür. Özündən çox, başqaları üçün yaşayan, düşünən, yanandır. Şairin böyüklüyü, şeirin gözəlliyi də elə ondadır.

Bir şair ömründən, bir şeir, sənət dünyasından danışmaq, misra-misra yaddaşımı vərəqləyib, şeirlərin işığında bir anlıq xatirə cığırından dünənimə boylanmaq istəyirəm. Haqqında söhbət açmaq istədiyim dənizçi-şair Faiq Balabəyli mənim şagirdim olub, orta məktəbdə, doğma kəndimizdə tarix müəllimi olmuşam. Müəllim sənəti elə bir müqəddəs sənətdir ki, zəkasıyla ömürlərə paylanar, neçə-neçə talelərdən boylanar. Ümid işığına dönüb yol göstərər, həyatın keşməkeşli, dolaylı, qolaylı yollarından yetirmələrini keçirib aparar. Cığırlar yollara qovuşar, yollar bitməz, tükənməz.

Faiqin yaradıcılığında xoşa gələn cəhətlərdən biri odur ki, sevdiyi, könül bağladığı, qoynunda gəzib-dolaşdığı yer-yurd adlarını (Xamrava, Bazı düzü, Qarayarçay və s.) şeiriyyətə gətirir. Sevdiyi kimi, oyalanan xatirələr işığında oxucusuna da sevdirməyi bacarır. İnsan harda doğulubsa, o yerləri heç vaxt unutmur, yaddaşına yazıb, xatirə aynasında həmişə o yerləri dolaşır. Yaradıcı insan xatirələrə dalanda həzin, kövrək duyğuların ovsununa düşür, sehrinə bələnir. Şair özü olanda səmimiyyəti də inama, əqidəyə söykənir. Səmimiyyət dolu şeirlər isə hər an doğulmur. Doğuldusa, hafizələrə, yaddaşlara köçür, dillərdə, dodaqlarda dolaşır.

Faiqin ömrünün 40 ildən çoxu dənizlə bağlıdır. Onun şeirlərini oxuyanda hərdən içimdə bir sual dolaşır: Dəniz sevgisi onda bu qədər hardandır? Axı doğulduğu kəndin, rayonun dənizlə yaxınlığı, bağlılığı yoxdur axı?! Ancaq müsahibələrindən birində o, “Məni dənizə ədəbiyyat gətirib” - deyir. Bəli, ötən əsrin 70-ci illərində sanki hamı bədii ədəbiyyat acı idi. İndiki kimi, onda hələ kitabın kitabı bağlanmamışdı. Hər təzə çıxan bədii əsərdən hamı xəbər tutur, oxuyur, hətta, yeri gələndə müzakirə də edirdilər. Buna görə, Faiqin müsahibələrindən birində “məni dənizə ədəbiyyat gətirib” deməsi, heç də təsadüfi, bəlağət xatirinə deyilmiş söz deyil. O da çoxları kimi mütaliə həvəskarı idi. Bir az da, qaynarlığı, dəcəlliyi var idi. Nə gizlədim, dərsi oxumadığı, ya zəif öyrəndiyi günlərdə danladığım hallar da olmuşdu. Ancaq həmişə üzündə təbəssüm əskik olmazdı. İçində sabah yaxşı oxuyacam inamını da gəzdirərdi. Ancaq, sən demə, bu sarışın saçlı şagirdimin içində yaşatdığı dəniz sevgisi elə o vaxtlar bəyaz yaylıqlar kimi yellənib onu arzularının dalıyca çağırırmış.

Dəniz təmizlik, gözəllik, saflıq, həm də qorxu, fəlakət mənbəyidir. Hər kəsin içində dənizi görmək, onun bir udumluq havasının həsrəti var. Kim bilir, bəlkə buna görə hamı ona sarı can atır. Elə ümman sevdalı Faiqi də dənizsiz təsəvvür etmək çətindir. Dəniz onun üçün hər şeydir. Dəniz iş yeri, çörək yeridir. Yediyi çörəyə də dəniz nəfəsi, dəniz sevgisi qatır. Dəniz həm də onun yaradıcılıq masası, ilham mənbəyi, çətinə düşəndə məsləhət, düşüncə, fikir ortağıdır. Xəyalının çapar yeri, ilhamının kükrəyən, bulaq kimi çağlayan, ürəyindəki ağrı-acılara məlhəm yeridir. Dəniz onun üçün sirdir, müəmmadır, həyatla, ölüm arasında, sanki bir sınaq meydanıdır. Dənizin gözləri dolanda uşaq kimi kövrəlib ağlaması, gecələr gümüşü ay işığına baş qoyub şirin-şirin mürgüləməsi, səhər dan yeri söküləndə üfüqdə günəşi salamlayıb, fəcrin qızılı-çəhrayı tellərindən nazlanıb saçlarını daraması var. Xırdaca ləpələrinin gizlənpaç oynaması, axıb-axıb xəfif mehin ayaqları altına sərilib itməsi, tənbəl-tənbəl yuxudan oyanması, ləngər-ləngər yerindən tərpənməsi var. Dənizin nəğməsi, sevgisi, sehri də gözəldir. Darıxanda dəniz qırağına qaçırıq, ürəyimiz açılır, içimizdə elə dəniz boyda yaşamaq eşqi, sevgisi doğulur. Dəniz, bəlkə də, Allahın insanlara verdiyi, göndərdiyi yaşamaq eşqidir. Faiqi Faiq eləyən də, bəlkə elə bu eşqdir, dənizə vurğunluğudur.

Mavi sular mavi gözlü gözəl olar,

Naz eləyər dənizçiyə,

Mənim üçün əziz olub,

Heç bilmirəm dəniz niyə?!

- deyən dənizçi-kapitan, şair də bu məhəbbətin, vurğunluğun sirrinə cavab tapmağa çalışır. Bəzən də uşaq kimi kövrəlib:

Yamyaşıldı duzlu suyun köynəyi,

Qayaların üzü cızıq-cızıqdı.

Gəmiləri üzüb gedib, göynəyir,

Bu dənizin limanları yazıqdı...

– pıçıldayıb gördüyü mənzərəni unuda bilmir. İçində xəfif bir duyğu mehi əsib keçir. Sanki içində həzin bir duyğu dil olub danışır. Görən gəmiləri gəlib sinəsinə baş qoyacaqmı bu limanların? Yoxsa limanların gözləri yol çəkəcək, kim bilir bəlkə də o qədər yol çəkəcək ki, gözlərinin tovu da azalıb, işığı hicran, həsrət yağışına dönüb bulud kimi boşalacaq.

Faiqin əksər şeirlərində sanki dənizin nəfəsi, ruhu var. Elə bil ki, dənizə də canlı bir varlıq kimi baxır. Nədən yazırsa yazsın, yenə də dəniz nəğməsinə baş qoyur, qəlbinin dərinliyindən qopub gələn pıçıltılarına ən təmiz ümman ətrini də qatıb oxucularına təmizlik, gözəllik ərmağan edir. Şair elə bil ki, dənizlə danışır, onun ürəyinə yol tapıb ürəyində yaşayır. Bəlkə buna görə dəniz ürəklidir o. Onun da həlim, sakit, ipək kimi yupyumşaq xasiyyəti, elə dəniz boyda Vətən, el sevgisi var. Şeirlərində misra-misra axıb gələn ilhamın işığı da sanki dənizin bağrından qopub gələn işıqdır, hərarətdir.

Dəniz çirkabı sevməz, dartınar, çırpınar, atar qoynundan o çirkabı. Faiqin şeirlərində də elə dəniz kimi naqisliklərə üsyankarlıq, qəzəb var. O da cəmiyyətin içindəki eybəcərlikləri görür, laqeydlik, biganəlik içində boğulan insanların dərdinə əlac, şərik olmağa can atır. Məramı odur ki, şair, ziyalı mübariz olsun gərək. Öz dərdinə yanmayan, başqalarının dərdini nə bilər axı?! İnsan dərd, kədər, sevinc, fərəh daşıyıcısıdır. Sevincindən pay verməyən kədərlə qucaqlaşar.

Şair özü ilə tək-tənha qalanda xəyallar qoynunda çırpınar. Dəniz həm də Faiq üçün tənhalıq, özünə qayıdış yeridir. Onun hər əmək səfəri limanlardan ayrılıq, hicran, həsrət səfəridir. Liman uzaqlarda qalan həsrət yeridir, bir də gəmilər kimi o yerlərə qayıdacaqmı ümidinə bələnmiş inam, güman şirinliyidir.

Faiq Balabəyli Bakının başını qara buludlar alanda, işğalçı rus əsgərləri Bakıda at oynadanda, pozulmuş haqqını tələb edən dinc əhalini qanına qəltan edəndə dənizdən dünyaya hayqıran bir vətənpərvər övlad idi. Onda gülləyə də tuş gələ bilərdi, həyatı vəhşi sarıqulaqların qəzəbində alışıb yana bilərdi. Ancaq hamı kimi o da qorxu nə olduğunu bilmədi. Bütün varlığıyla qəzəbini, etirazını bildirdi. Onun “Bakı buxtası-20 yanvar”, “Dənizçilərimiz Vətən müharibəsində” kitablarında o günlərin iztirabları, ağrı-acıları səmimiyyətlə işıqlandırılıb.

Faiq Balabəyli bu gün ömrünün müdriklik çağını yaşayır. İnanıram ki, bundan sonra da gözəl əsərlərlə öz oxucularını sevindirəcəkdir!

Əzizağa Elsevər

tarixçi alim, yazıçı

Bakı şəhəri, 02.10.2024


MANŞET XƏBƏRLƏRİ