“Çağdaş Azərbaycan hekayəsi” tatarca yayınlandı


Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası gün üzü görüb.

Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayınlanıb. Kazandakı ünlü “Yazıçı” nəşriyyatında nəfis şəkildə gün üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan tanınmış azərbaycanlı vəkil İsmət Orucəliyev, rəyçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşar, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İctimai Birliyinin fəxri başqanı İlqar Türkoğludur.

Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın önsözü və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” uğurlaması ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçımızın hekayəsi toplanıb.

Antologiyanın Azərbaycanda və Tatarıstan təqdimatı nəzərdə tutulur.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın antologiyaya yazdığı ürək sözlərini oxucularla bölüşürük:

BAKIDAN KAZANA ƏDƏBİ VƏ ƏBƏDİ SALAM…

Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində yeni nəsil Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiyanın gün üzü görməsi çox xoş, əlamətdar hadisədir.

Kazan şəhəri yerləşdiyi soyuq coğrafiyanın isti və qədim mədəniyyət ocağıdır. Kazanda gün üzü görən kitab, necə deyərlər, Kazanda qalmır, bütün Tatarıstana, Volqaboyuna, Sibir ellərinə yayılır; eləcə də, Rusiya Federasiyasında yaşayan (ümumən dünyanın dörd tərəfindəki) tatarların belə önəmli hadisələrdən xəbəri olur. – Qoy, Azərbaycan adı bu dəfə yazıçılarımızın hekayələri timsalında, onların istedadı, yaradıcılıq üfüqləri və məzmun dərinliyi ilə Kazandan dünyaya dalğa-dalğa yayılsın, yeni sevgi ünvanları qazansın.

Ötən il Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə "Çağdaş tatar hekayələri" antologiyası Bakıda gün üzü görüb; həmin antologiya qardaş xalqın nəsri, yazıçıları, onların ən ümdə təmayülləri, çağdaş tatar nəsrində müşahidə olunan əsas tendensiyalar və s. - bir sözlə, qardaş xalqın ədəbi (mədəni-mənəvi) dünyası haqqında təsəvvür qazanmaq baxımından yeni və çox önəmli qaynaqdır. Budur, ilyarım sonra Azərbaycan yazıçılarının hekayə antologiyası Kazanda yayınlanır. Mən bunu bir vəfadarlıq, qədirşünaslıq örnəyi sayıram; bu, ədəbi-mədəni bağların getdikcə daha qüvvətli şəkildə davam və inkişafını ifadə edir. İnanıram ki, Kazanda çıxan yeni antologiya, Azərbaycan yeni nəsil yazıçılarının üslub özəllikləri, habelə xalqımızın içindən keçdiyi ən yeni tarix haqqında, bizim mənəvi dünyamız haqqında dolğun təsəvvürlər yaradacaq (yaxud belə təsəvvürləri möhkəmləndirəcəkdir).

Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir; həmçinin bu il Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyır. Bu il Azərbaycandan İslam dünyasına, ümumən dünyaya və qarşılıqlı olaraq dünyadan Azərbaycana müsbət emosiyalı hər hansı akt ünvanlanırsa, önəmli mədəni hadisə baş verirsə və o, yaşıl dünyanı, həmrəyliyi, mədəniyyəti simvolizə edirsə, bu, əlbəttə, çox xoş, əlamətdar hadisədir. Təsəvvürümdə daha çox göy-yaşıl rənglərdə canlanan Kazan şəhərinin ilk növbədə mədəniyyət və elm-təhsili, həmrəylik və dialoqu, bir sözlə, humanitar təfəkkürü təcalla etdirdiyinə inanıram.

Mən Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Millət vəkili Rkail Zəydullanın təşəbbüsü, başçılığı və onun Azərbaycanlı dostu Əkbər Qoşalı ilə işbirliyi ortamında hazırlanan bu antologiyanı Tatarıstan-Azərbaycan qardaşlığının, qardaş sevgisinin, peşəkar ədəbiyyatçı kimliyinin parlaq ifadəsi olaraq qəbul edirəm. Fürsətdən yararlanaraq, Rkail əfəndiyə, Azərbaycan yazıçılarının hekayələrini tatarcaya peşəkarlıqla uyğunlaşdıran ədəbiyyat könüllülərinə - könül dostlarına, bu işdə zəhməti olan hər kəsə təşəkkürlərimi yetirirəm! Əminəm ki, qələm qardaşlığı, ədəbiyyat dostluğu eyni kökdən gələn xalqlarımızın qardaşlıq-dostluq dünyasını daha da zənginləşdirir, təbiətin, cəmiyyətin və sənətin ən gözəl rənglərini həmin dünyaya qatır, şux əlvanlıq yaradır.

Özünəxas ədəbi ənənələri olan Kazanda nəşrə hazırlanan və tirajlanan antologiyanın məziyyətlərini, ictimai önəmini bir daha vurğulayarkən, onun ilk növbədə məhz ədəbiyyat hadisəsi olduğunu məmnuniyyətlə təkrarlamaq istərdim. – Əgər Azərbaycan çağdaş nəsri məhz öz imzasını təsdiq etmiş (yaxud böyük perspektiv vəd edən) yazıçıların layiqli əsərləri ilə təmsil olunursa, bu bizim ümumi uğurumuzdur.

Biz qardaş xalqlar olaraq bir-birimizi sevirik, kədər və sevincimizə biganə deyilik; bununla belə, bir-birimizin iç dünyasına, ruhuna daha yaxından bələd olmağımız vacibdir. Hansı mədəni irsə arxalandığımızı, hazırda necə bir ovqatda olduğumuzu və hansı üfüqlərə yönəldiyimizi ən yaxşı ifadə edən əməli fəaliyyət sahələri içində ədəbiyyat (bəlkə də) ən birinci mövqeyə sahibdir. Əsl yazıçının, şairin yaradıcılıq prosesi onun səmimiyyətinin ən zirvədə olduğu məqamdır. Əsl sənət əsərləri, yaradıcılıq aktları, hekayələr, şeirlər... yalnız müəllifin (yazıçının, şairin...) deyil, onun doğulduğu, yaşayıb-yaratdığı mühitin aynasıdır. Bu anlamda, son üç onillik boyu keşməkeşli dönəmlərdən keçmiş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi (və s. kateqoriyalar üzrə) halı, ovqatı, qayğı və uğurları, kədər və sevinci ədəbiyyatçılardan, ədəbiyyatdan keçib... Ümidvaram, tatar oxucusu Qafqazdakı qardaşlarının sevincini bölüşüb çoxaldacaq, kədərini bölüşüb azaldacaq. Bu isə əcdadımızın ruhuna şadlıq, gənclərimizin yoluna işıqdır...

Ədəbiyyatın işığı heç zaman öləziməsin!

Salam-sayğılarla...


MANŞET XƏBƏRLƏRİ