Beynəlxalq Muğam günü münasibətilə Şəkidəki Səməd Vurğun adına Folklor Evində şəhər ziyalılarının, musiqiçilərin iştirakı ilə musiqili-ədəbi gecə keçirildi. Folklor Evinin direktoru Şahmar Əsədov gecənin qonaqlarını salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra xanım aparıcı gecənin iştirakçılarını Azərbaycan muğamının inkişaf yolları ilə tanış etdi.
Şəki 4 saylı musiqi məktəbinin istedadlı şagirdlərindən Elvin Məmmədov, Elmir Cəfərli, Ayxan Muradlı və Fatimə Hümmətovanın ifa etdikləri xalq muğam və mahnılarından ibarət musiqi kompozisiyaları tamaşaçıları heyran qoydu. İfaçıların çıxışları onların yaxınlarda Qarabağ-Şuşa səfəri zamanı lentə alınmış möhtəşəm ifalarının video-görüntüləri ilə müşayiət olunurdu.
Çıxışçılardan alim-şair Qiymət Məhərrəmli, şair-tərcüməçi Giya Paçxataşvili, M.F.Axundzadə adına Şəki şəhərMədəniyyət Evinin direktoru Ağaəli Cəlilov Azərbaycan muğam və xalq mahnılarının dünya miqyasında tanınıb seviıməsində belə istedadlı gənclərin rolu olacağına ümidlərini ifadə etdilər, tədbirin təşkilatçılarına təşəkkürlərini yetirdilər. Tanınmış müğənni, xalq musiqilərimizin mahir ifaçısı İdris İdrisovun çıxışı da gecəyə xoş ovqat bəxş etdi.
Qeyd edək ki, muğam ifaçılarını tarda Səxavət Cumayev, kamançada Babək Abdullayev və nağarada Səyyar Teymurov yüksək peşəkarlıqla müşayiət edirdilər.