Aynur Turan
İnsanın fantaziyası və istedadı olarsa, gec-tez üzə çıxacaq. Hətta ona mane olan qüvvələr və rejim öz müqaviməti ilə son nəticədə istedadın çiçəklənməsinə səbəb olacaq... Sivil dünyanın başlıca atributlarından sayılan kino sənəti özünün 120 illik yubileyini qeyd edir. Ötən əsr ərzində kino özünü təsdiq etdi, yaşadı, formalaşdı, ictimai şüura güclü təsir göstərdi.
Azərbaycanda ilk teatr, ilk qəzet, ilk opera, ilk bədii film. Bunlar hamısı mədəniyyətimizin tarixi anlarıdır ki, bizi sivil dünyaya yaxınlaşdırır. Və kino sənətimizin, daha doğrusu, bədii kino tariximizin 1916-cı ildən başlaması sözsüz ki, əlamətdar hadisə, əlamətdar yubileyidir. Hələ düşünəndə ki, kino özü 1895-ci ildə ərsəyə gələn yeni sənətdir, ölkəmizdə bu sənətin tezliklə əxz olunmasını yüksək qiymətləndirmək lazımdır.
1895-ci ildə Fransada Oqüst və Lui Lümer qardaşlarının əsasını qoyduğu kino bəşər mədəniyyəti tarixində böyük səhifə açmışdır. Kino bizi əhatə edən maddi aləmin gerçək ekran obrazını böyük ustalıq və inandırıcılıqla yarada bilir.
Kinonun bir sənət əsəri kimi təşəkkülündə teatr, ədəbiyyat, rəssamlıq, qrafika və s. kimi bədii yaradıcılıq sahələri əhəmiyyətli rol oynamışdır. Ədəbiyyat kinoya əvvəlcə ssenari yazısı, daha sonra müstəqil janr olan ədəbi kinossenarini, musiqi isə ritm və tempi bəxş etmişdir. Bütün bunlar göstərir ki, kino yarandığı dövrdən etibarən sintetik, zaman-məkan sənət növü kimi təşəkkül tapmağa başlamışdır.
Bu gənc sənətdir və kinonun meydana gəlməsinə təkan verən amil hərəkət edən fotoqrafiyanın ixtira olunmasıdır. Onu bəzən sadəcə olaraq hərəkət edən fotoqrafiya da adlandırırlarmış. Çünki hərəkət edən təsvir kinematoqrafiyanın əsasını təşkil edir. Kinematoqrafiya yunanca “hərəkət” və “yazıram” deməkdir.
Dünya kino sənətinin tarixi 1895-ci ildən başlanırsa, Azərbaycanda isə bu sənətin tarixi 1898-ci ilə təsadüf edir. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika sujetləri və bir bədii kinosujetdən ibarət idi. Azərbaycanın ilk bədii filmi isə 1915-ci ildə çəkilişinə başlanılan “Neft və milyonlar səltənətində” adı ilə tanınıb. Kino janrları içərisində hər zaman böyük maraqla qarşılanan kinokomediyaların çəkilişində isə Azərbaycanda 1916-cı ildən başlanılıb. İlk kinokomediya Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilib.
İlllər keçdikcə, texnika inkişaf etdikcə kino sənətində də yüksəlişlər özünü büruzə verməyə başlayır. XX əsrin ortalarında Azərbaycan kino tarixinə öz möhürünü vurmağı bacarmış əsl sənət numunələri işlənib hazırlanır. “Bəxtiyar”, “Yeddi oğul istərəm”, “Dəi Kür”, “Əhməd haradadır”, “Ulduz”, “O olmasın, bu olsun”, “Bizim Cəbiş müəllim”, “Bir dəfə Qafqazda”, “Görüş”, “Böyük dayaq”, “Ögey ana”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”,“Dərviş Parisi partladır”, “Bəyin oğurlanması”, “Sehirli xalat”, “Yol əhvalatı” və adlarını çəkmədiyim onlarla kino inciləri dəfələrlə izlənmələrinə baxmayaraq bu gün də sevilir, təkrar-təkrar izlənir.
Özündə bədiiliyi, tarixi, mədəniyyəti, dövrün içtimai görünüşünü, milli mintaliteti, fantastik düşüncə tərzini, fəlsəfi baxışları ehtiva etdirən kinolar eyni zamanda da insanların hazırkı ən gözəl istirahətlərini təşkil edirlər. Xüsusilə də son zamanlarda texnologiyanın inkişafı, yeni formatların, effektlərin gətirilməsi bu sevimli sahəni insanlar üçün daha da baxımlı edib. Kino rejissor, operator, aktyor işinin vəhdətindən əmələ gələn bir başqa ağır və məsuliyyətli işlər də var. Çəkilən əziyyətlərin müqabilində isə hər bir ölkədə bu işlər qiymətləndirilir. Keçirilən müxtəlif festivallar, verilən müxtəlif mükafatlar əməyə verilən dəyərin bir nümunəsidir. Dünyanın ən məşhur kino mükafatı hazırda “Oskar mükafatı” hesab olunur. Bu mükafat kino sahəsindəki ən yaxşılara verilir. Bundan başqa “AVN Awards”, “Devid di Donatello”, “Qızıl şir”, “Volpi kuboku”, “Qızıl palma”, “Qoya”, “Nika”, “Bafta” və s. məşhur kino mükafatları bu sahəyə aid olanları qiymətləndirmənin bir növüdür. Ancaq onu da unutmaq olmaz ki, kinoya ən böyük qiyməti tamaşaçı ordusu verir.
1870-1880-ci illər fotoqrafiyanın geniş yayılmağa başladığı dövr idi. Foto həvəskarları çoxalmış, foto lövhələrinə ehtiyac artmışdı. Bu dövrdə foto lövhələri Fransaya belçikalı Van Monkxoven tərəfindən ixrac olunurdu. Böyük gəlir götürəcəyini anlayan fotoqraf Antuan Lumer özü foto lövhələri hazırlamağı qərara alır. Bu məqsədlə O, 1880-ci ildə Monplezer məhəlləsində bir barak kirayə götürür, arvadı və məktəbi yenicə bitirmiş iki oğlu ilə birlikdə brom-jelatin foto lövhələrinin istehsalına başlayır. Antuanın oğlu gənc Lui orada böyük səylə işləyir. O, 18 yaşında ikən öz nüsxəsi üzrə hazırladığı foto lövhəsində may böcəyinin şəklini alır. Lumerlər ailəsinin gəliri ildən-ilə artır və 15 il ərzində onların emalaxatxanası böyük fabrikə çevrilir. Aqyust və və Lui Lumer qardaşları foto lövhələri üçün yeni-yeni nüsxələr hazırlayırlar. 1890-cı illərdə Lui Lumer foto lövhələrinin həssaslığını artıraraq ekspozisiya müddətini iyirmidə bir, otuzda bir saniyəyə çatdırmağa müvəffəq olur. Tezliklə onlar onlar yalnız foto lövhələri istehsal etməklə kifayətlənmir, fabrikdə lent şəklində foto kağızı və Edison-Kodok prinsipi üzrə sellüloidal foto lentləri hazırlamaq işini də təşkil edirlər.
Lumer qardaşları xronofotoqrafik şəkillər çəkməyə və onları proyeksiyalaşdırmağa çalışırdılar. Onların yeganə məqsədi ekranda hərəkət edən canlı xəyallar almaq idi. Qeyd etmək lazımdır ki, bu dövrdə ekranda hərəkət edən canlı xəyallar almaq idi. Qeyd etmək lazımdır ki, bu dövrdə ekranda hərəkət edən canlı xəyallar almaq üçün yalnız Fransada deyil, ABŞ-da, İngiltərədə, Rusiyada və s. ölkələrdə də axtarışlar aparılırdı. Xronofotoqrafiyanı yaxşı bilən Lumer qardaşları Edisonun kinnetskopu ilə maraqlanırlar; 1894-cü ilin sentyabrında Antuan Lumer Parisdən altı min franka bir kinetoskop və qniki xronofoto0qrafik film alaraq Liona gətirir.
1894-cü ilin oktyabr ayında qardaşlar həmin filmləri ekranda nümayiş etdirmək üçün yollar axtarmağa başladılar. Gərgin əmək nəticəsində Lui Lumer məqsədinə nail oldu və kinematoqrafiyanı ixtira etdi.
Ayqust Lumer bu ixtiranın tarixi haqqında belə yazır: “Bu məqsədlə gecə-gündüz durmadan fikirləşirdik. Bir gün səhər tezdən yeni fikrimi qardaşıma demək üçün onun otağına girdim. O, məni görüb dedi:
-Bütün gecəni yata bilməmişəm, fikrən məsələni həll etmişəm. Biz elə bir aparat düzəltməliyik ki, onun hərəkəti tikiş maşınındakı hərəkətə oxşasın. Başqa sözlə, onun dişləri perforasiyaya keçsin və lenti dayanıqsız vəziyyətdə saxlasın.
Bu, sözsüz ki, ixtira idi, mən bunu başa düşdüm. Mənim qardaşım kinematoqrafiyanı belə ixtira etmişdir”.
Beləliklə də, Edison kinetoskopuna ötürücü mexanizm daxil edildi və o təkmilləşdirildi. Lumer qardaşları ixtira etdikləri bu cihazı “kinematoqraf” adlandırırdılar. Bu ixtira üçün 1895-ci il fevralın 13-də ilk patent aldılar və cihazda sonrakı təkmilləşdirmələr üçün onlara daha dörd patent verildi.
Bütün patentlər hər iki qardaşın adına verilmişdir. Lakin Aqyust etiraf edir ki, kinetoskopa ötürücü mexanizm daxil etmək fikri birinci olaraq Luinin ağlına gəlmişdir. Ona görə də ilk ixtiraçı odur.
Lui Lumer ixtira etdiyi ilk “kinematoqraf” ilə film çəkdi. Bu hadisədən iyirmi il sonra, kinematoqrafiyanın xeyli inkişaf etiyi bir vaxtda Rober-Udan teatrının direktoru Jotj Mels həmin tamaşanı xatırlayaraq yazırdı:
-Biz kiçik ekranın qarşısında oturmuşduq. Bu ekran bizim istifadə etdiyimiz Molten proyeksiya ekranına oxşayırdı. Bir neçə an keçəndən sonra ekranda Liondakı Belikur meydanının tərpənməz şəklini gördük. Bir qədər təəccübləndim və yoldaşıma dedim: “Bizi elə belə sadəcə proyeksiya üçünmü narahat ediblər, mən bununla on ildir məşğulam.” Mən fikrimi bitirə bilmədim. Arabaya qoşulmuş at ekranda bizim üstümüzə cumurdu, onun dalısınca da başqa ekipaj gəlirdi. Sonra yoldan keçənlər hərəkət edirdi. Bu mənzərəni görəndə bizim ağzımız açıq qalmışdı, təəccübümüzdən özümüzü itirmişdik.
Lumer panoram kino haqqında da çox fikirləşmişdi. Fotoqrafiya, kinematoqrafiya və kimya sahəsindəki işlərinə görə Lumer 1919-cu ildə Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. O, 1948-ci ildə vəfat etmişdir.
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formada olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. 1898-1935-ci illərdə Azərbaycanda səssiz kinolar çəkilsə də, bu illərdə həm sənədli, həm də bədii filmlər yaradılmışdır. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilmişdir.
XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində tammetrajlı filmlərin yaradılmasına başlandı. Təbii ki, bu dövrdə ölkəmizdəki ictimai-siyasi və mədəni şərait kino sənətinin formalaşmasına zəmin yaratdı və təqribən, bir əsr bundan əvvəl Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında Azərbaycanda ilk tammetrajlı film çəkildi. Film XX əsrin əvvəllərində neft Bakısının həyatını, Azərbaycan milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən ağır şəraitdə işləyib yaşayan fəhlələrin güzəranını ekranda canlandırmışdır. Azərbaycanın birinci tammetrajlı bədii filmi olan “Neft və milyonlar səltənətində” kinosuna 1916-cı ildə ilk dəfə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin passajında “Fransız Elektrobioqrafı”nda göstərilmişdir. Kino Bakıdan başqa, Qafqazın və Orta Asiyanın bir çox şəhərlərində də nümayiş etdirilmişdir. Beləliklə, “Neft və milyonlar səltənətində” filmi ilk bədii film kimi kino tariximizə daxil olmuşdur. Avropa və Asiyanın bir sıra ölkələrinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibəti ilə təntənə” adlı tammetrajlı sənədli filmi çəkilərək nümayiş etdirilmişdir. Azərbaycanda ilk səsli kinonun istehsalına isə 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənmişdir. 1936-cı ildə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin tərcüməsi ilə sovet kinosunun dünyada tanınan “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyulmuşdur. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdir. Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan “Arşın mal alan” filmi indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş vermiş, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilmişdir. Ü.Hacıbəyovun bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirmiş, “O olmasın, bu olsun” filmi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Türkiyə, İran, Hindistan, Çin, Yaponiya və başqa ölkələrdə nümayiş etdirilmişdir.
İncəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına qayğı daha da artmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan kinematoqrafiyasının imkanları genişlənmiş və bu sahədə ciddi nailiyyətlər əldə edilmişdir. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı həmin illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır.
1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sevilən sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir. Bədii kinomuzun janr müxtəlifliyi isə filmlərin hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, dedektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirmişdir. Azərbaycan kinosu həm də multikultural dəyərlərin daşıyıcısı kimi başqa xalqların nümayəndələrinin obrazlarını da filmlərimizdə canlandırmışdır. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Naxçıvan Dövlət Film Fondunda 4500-dən çox film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur.