Ramiz Əskərin Türkologiyaya xidməti davam edir, edəcək...


Bu gün, nəhayət, 3-4 ay əvvəl özünün nəşrə verdiyi kitabları mətbəədən götürə bildik. Sevindik, çünki O, kitabları çap olunanda çox sevinirdi. Onun yerinə də sevindik. Bu dəfə iki adda kitabı çap olundu. Üç adda kitabı isə (biri Qırğızıstanda olmaqla) hələ nəşriyyatlardadır. Bundan sonra da kitabları çap olunacaq: hələ bədii yaradıcılığı, qəzetlərdə (xüsusilə “Odlar yurdu”nda) çap olunmuş məqalələri kitablaşdırılacaq. İndiyə qədər çap olunmuş 29 elmi kitabından, 68 çevirərək tərtib etdiyi kitablarından bəziləri tamamilə tükənib, onların da təkrar nəşrləri olacaq. Professor Ramiz Əskərin Türkologiya elminə, ümumilikdə Türk mədəni mühitinə xidmətləri davam edəcək.

“Ölüm sevinməsin qoy”...

Goroğlu: Türkmən qəhrəmanlıq dastanı. Bakı, 2024, 3 cilddə - cəmi 31 qol, 1487 səhifə. Türkməncədən çevirən və ön sözün müəllifləri: Prof. Dr. Ramiz Əskər, Dos. Dr. Nailə Əskər.

Kitabı qardaşımla bərabər çevirdik, təbii ki işin ağırlığı və məsuliyyəti onun üzərindəydi. O, “Goroğlu” dastanını türkmən xalqının şah əsəri hesab edirdi, bunun üçün də doktorluq dissertasiyamda bu dastanı təqdiq etməyimi istəmişdi. Kitabı çevirdiyimiz müddətdə (təxminən 2 il) dastan ətrafında çox müzakirələr apardıq, tərcümə texnikası, bəzi etnoqrafik, arxaik sözlər, xüsusi isimlər haqqında fikir mübadiləsi edirdik. Kütləvi nəşr olduğu üçün bəzi sözlərdə ortaq qənaətlər əldə etməli idik. Bəzən isə o yalnız dastanda təəccübləndiyi bir epizodu mənə danışmaq üçün zəng vururdu. Bu müzakirələr çox dəyərli idi, baxmayaraq ki dastanı mən tədqiq etmişdim, amma bu müddətdə ondan çox şey öyrəndim. Kitabın hər cildinə geniş ön söz yazdıq. Yazdığı ön sözü mənə göndərirdi, mən də bəzi əlavələr edirdim. Ən sonda redaktə edərkən onun mənim fikirlərimi olduğu kimi saxladığını görürdüm. Elmə sonsuz məhəbbəti, alimə dərin sevgisi var idi...

Dos. Dr. Nailə Əskər


MANŞET XƏBƏRLƏRİ