Fazil Mustafa Yusif Nəğməkara məktub ünvanlayıb


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, tanınmış şair-publisist Yusif Nəğməkara məktub ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Yusif müəllim,
Sizi doğum gününüz və yaradıcılıq uğurlarınızla bağlı təbrik edir, möhkəm cansağlığı, yeni başarılar diləyirəm!
Siz özünəxas mədəniyyət-sənət, ruhaniyyat iqlimi olan qədim Beyləqan torpağında, Birinci Aşıqlı elində və əlamətdar bir gündə doğulmusunuz. – Sizdən öncələr Azərbaycanda və Türk dünyasında bir sıra görkəmli sənətkarların doğum və anım günü kimi mədəniyyət təqvimə düşən 15 iyun, artıq 27 ildir Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü olaraq Azərbaycanda rəsmi dövlət bayramı günüdür. Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” 3 il öncə – məhz 15 iyunda imzalanıb. Siz bu əlamətdar günün mənəvi haqqını ödəməyə çalışan, öz yaradıcılığı ilə vətənə, xalqa, Türk dünyasına xidmət edən şairlərdənsiniz. Təsadüfi deyil ki, sizin şeirlərinizə Azərbaycan bəstəkarları ilə yanaşı Türkiyə bəstəkarları da müraciət edir. “Mehtər” marşı üstə ifa edilən “Azərbaycan, Türk bayrağı” şeiriniz qardaş ölkə xorunun ifasında rəğbətlə qarşılanıb.
Siz uzun illərdir Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvü, habelə “Qazax Xeyriyyə Cəmiyyəti”nin fəxri üzvü, Azərbaycan Sənaye Korporasiyasının mətbuat katibisiniz.
1973-1977-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fskültəsində ali təhsil almısınız. Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra Dövlət Teleradio Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də) müxtəlif vəzifələrdə çalışmısınız (1983-2006).
Siz hələ 22 yaşında olarkən, Xalq şairi Rəsul Rza sizə uğurlu yol yazıb (“Ədəbiyyat və incəsənət” qəzeti, 30.04.1977).
Sonralar Xalq şairi Bəxtiyar Vahabzadə “Mənim çox sevdiyim şair Yusif Nəğməkar” adlı məqalə yazıb, “Dünən, bu gün və sabah” adlı şeirini sizə həsr edib.
Siz 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində ünlü “Çanaqqala – Türkə qala” poemasını yazmısınız.
İndiyədək 20-dən artıq kitabınız gün üzü görüb.
Rəsul Rza və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbi mükafatlar laureatısınız.
Sizi yaradıcılıq uğurlarınız və doğum gününüzlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!


MANŞET XƏBƏRLƏRİ