25 aprel 2025-ci il tarixində Daşkəndə işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Beybit Atamkulov arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini və türkdilli xalqların ortaq tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə Qazaxıstan və Özbəkistan ərazisində sərgilər, konfranslar, yaradıcı və maarifləndirici proqramların təşkili də daxil olmaqla, birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Görüş zamanı "Türk Dünyasına baxış 2040" və "TURKTIME" kimi strateji sənədlərin ardıcıl icrasının vacibliyi vurğulanıb. Bu sənədlər mədəniyyət, mədəni irsin qorunması və təbliği, elm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, türk xalqları arasında mənəvi birliyin və davamlı inkişafın möhkəmləndirilməsini nəzərdə tutur.
Fondun prezidenti türk dünyası arasında əlaqələrin möhkəmləndirilməsinə və mədəni əməkdaşlığın inkişafına töhfə verən layihə və təşəbbüslərə verdiyi dəstəyə görə Qazaxıstan Respublikasının Səfirliyinə təşəkkürünü bildirib.
Öz növbəsində, Qazaxıstan Respublikasının Səfiri Fondun mədəni diplomatiyanın inkişafına verdiyi mühüm töhfəni qeyd edib və ortaq dəyərlərin təbliği və türk sivilizasiyasının mənəvi irsinin qorunmasına yönəlmiş gələcək əməkdaşlığa hazır olduğunu bildirib.
Tərəflər əldə olunan razılaşmaların Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə möhkəm əsas yaradacağına əminliklərini ifadə ediblər.