"Pıçıltı"dan yeni təqdimat


Təqdim etdi: Əli Çağla

RƏSMLƏRDƏN UÇAN DİVİM

Məhdiyə Paydar

Mənim ağ divimi mən ilə qara qarğamdan sonra kimsə görə bilməzdi. Mən ilə qarğam gedərik onunla oturub danışardıq. Qarğam çox sevərdi uçsun, amma uça bilməzdi. Divim yekəpər olsa da bir az qorxaq idi. Küçəmizin dibində bir köhnə dam var idi. Yekə bir həyət idi, üç-dörd ağacla. Dibdə də bir-iki otağı var idi. Mənim o cür yerdən çox xoşum gələrdi. Amma qorxardım gedəm baş çəkəm. Qorxardım cindən zaddan ola, məni tuta.

Divim küçənin dibinə dönən yerdə oturardı. Beli əyri idi, ona görə mən də əvvəllər elə bilərdim o, bir suvaq divardır ki, qar-yağışda su çəkib, əyilibdir. Yekə bir div olduğunu sonra bildim. Beli əyilib, orda oturubdur. Hərdən də siqaret çəkərdi; mən başını görməzdim, amma siqaret çəkəndə tüstüsünü görərdim. Bir gün qarğama göstərəndə “Qaç get baba, ora qonşunun durbasının tüstüsüdür” demişdi. Amma mən o qədər dedim ki, sonunda divim də dilə gəlib qarğama “Düz deyir də” dedi. Beləliklə o vaxtdan üçümüz dost olduq. O siqaret çəkəndə danışmazdı, qarğamın sözlərinə qulaq asardı. Qarğanın gövdəsi yox idi, yalnız dəmir kəllə idi; atam onu mənə vermişdi. Hər vaxt onunla birgə pillələrimizin başında oturub göydə uçan qarğalara baxardıq, qarğam uçmaq istəyərdi. Divim, orada oturmaqdan yorulub bezmişdi. O da yürüyüb getmək istəyirdi. Bir gün qarğam danışanda mən də divimin belində bir rəsm çəkmişdim. Mən, divim, qarğam; üçümüz də uçurduq.

Mən evimizin qarşısındakı məktəbdə dərs oxuyurdum. Bizim küçə əvvəllər qəbiristan imiş deyirdilər. Səhərlər mən dərsə gedəndə qarğam yatardı. Divimin gövdəsini tumarlayıb gedərdim. Bir gün kankanlar ilə fəhlələr gəlmişdilər, küçəni qazırdılar. Biz səyahət zəngi həyətə çıxanda pəncərələrdən eşiyə baxırdıq. Hər yer sümük və saxsı qırıqları ilə dolu idi. Qazanlar, ölülərin sümüklərini çıxardarkən bizə göstərib gülürdülər. Uşaqların çoxu qorxurdular. Amma sevinə-sevinə “kankanlar köhnə evləri də sökəcəklər” deyirdilər. Mən də sevindim. “Axı onda qorxmalı cinlər də qorxub qaçardılar, daha məni tutub aparıb yeyərlər” deyə qorxmazdım.

Naharda evə döndüyümdə ağzım açıla qaldı; küçənin dibinədək hər yeri sökmüşdülər! Ağaclar hələ ayaqda idilər. Divim də orada deyildi! Görəsən mənə deməmiş hara getmişdi?! Fəhlələr savaşsalar da, hər yerə baş çəkib baxdım. Yalnız bir-iki saxsı kuzə ilə bir-iki sür-sümük var idi. Rəsmimin tikə-parçaları o yan-bu yanda idi: qarğamın qanadları, divimin gözləri, damağında siqareti... Görəsən sovaq köynəyi nədən cırılmışdı? Yəqin qanad çıxardanda belə olmuşdu. Siqaretinin kötüyünü tapıb evə apardım. Anam “o durbanı at eşiyə üstün boyanar, qoduq istəyən atana lənət...” dedi.

Divim, mənə pay verdiyi siqareti qax tabaqlarının altında gizlədib, qaçıb qarğama “div qanad çıxardıb, uçub gedib” dedim. Qarğam qar-qar qarıldayıb qanad çıxardıb uçmaq istədi. Amma nə təhər qanad çıxartmağın yolunu bilmirdik. Qarğam çox ağladı. Mən də üzülüb ağladım – divimi özləmişdim. Qarğam da uçsa, mən təkinə darıxacağam, uçmasa da özü darıxacaq!

Nə edəcəyimi çox düşündüm. Nə iş əlimdən gələrdi? Qarğanı da divim gəlib apara deyə, divimin gündəki oturduğu yerə qoymaq istədim. Qax anbarının dib bucağında gizlətmək də fikrimə gəldi – bəlkə daha göyə baxıb qarğaların uçuşunu görüb havalanmasın! Bala-bala uçmaq duyğusunu unutsun! Amma ürəyimdən gəlmədi. Sonunda cümə axşamı anam halva bişirəndə nərdivanı damın qırağına qoyub, tabaqların altından divimin siqaret kötüyünü götürdüm. Bir əlimdə qarğam, o biri əlimdə divimin siqaretini götürüb qorxa-qorxa dama çıxdım. Qarğam da qorxurdu. “Qorxma, mən səninlə divimi çox sevirəm, özün bunu bilirsən də” deyib onu bağrıma basıb öpdüm. “Sən damda olsan, qarğalar gəlib səni apara bilərlər!” dediyimdə ürəklənib ağladım. Qarğam susmuşdu. Göz yaşlarımı silib: “Bəlkə də divimiz siqaret çəkmək istəyəndə gəlib səni burada görüb sənə də uçmaq öyrətdi” dedim.

Siqareti də, qarğamı da dama qoydum, arxama baxmadan yerə endim.

Gələn cümə axşamınadək ürəyim sıxılırdı. Nə olardı, mənim də qanadım olaydı?! Cümə axşamı qorxa-qorxa nərdivanı gətirib dama çıxdım. Həm anam görsə tutub tapdalayacaq, həm də nərdivandan düşəcəyimdən qorxurdum! Qarğam göyə baxa-baxa qalmışdı, mənə baxmırdı. Bir az qarğama, bir az da göydəki quşlara baxıb yavaş-yavaş qarğama doğru yeridim.

Mütləq özünü yer ilə göyün arasında görsəydi, qanad açıb uçardı. Qarğamın arxasına çatdım, birdən itələyib yerə saldım – gözlərimi də yumub əllərimi qulaqlarıma qoydum! Heç bir səsi eşitməyimi istəmirdim. Bir azdan sonra gözlərimi açıb əllərimi aşağı salıb, göyə baxmadan nərdivana doğru yeridim. Mütləq qarğamı uçarkən görsəydim, darıxmaqdan ölərdim.

Nuriyyə Lövh

Şəhərin alt qatını açıqlasam

Beş gözü ilə ağlayacaq bizə

Qocaman körpü.

Üst qatını çevirsəmsə,

Beş dönə boşaldacaq

Bulanıq gözlərin

Yarımçıq bərələrin

Çürümüş döşlərinə

Və beş mərtəbə sızlayacaq o

Qaldırılan sinematoqrafıya

Ya da torpaqlara çevrilən sevgilərin incik sümükləri

Hələ də

Hələ də sevgimizin ayaq izləri qalır

Çöplü bağında,

Çöplü bağı “Kefli bağı”

Açıqlamalıyam sizə dostlar

Arxasında bir var, dustaq var.

Qadınlar gülüstanı adlanmış

Yorğun oturacaqların bəzədikdə

Din kafelərin üz-üzə oturacaqları

Alt-üst olur ürəyimin gizlin qatında

Və bir an

Dans edir sevdalıların həsrət dolu gözləri

Köks dənizimin acı sahilində

Hələ harasıdır

Açıqcasına

Açıqlayacağam sizə.

Yaşadığımız bu tragik şəhəri.

Boy atır hər an

Aramızda çəkilən yasaq divarlar.

Amansızcasına qocalır ölülər

Burjua sağır proletariatın boş əmcəklərin

Və alınlarında daşıyırlar

Uydurucu dərmanları

Ağzı yekə yalançılar.

Birin də təpdilər dostumun boğazına

Əkiz-əkiz şüar doğan palançılar

Burda

İdeologiya balet dansı eləyir

Beyinlərimizin paslı bucağında

Xurcun-xurcun ayrılıq

Göz yaşı,

Ölüm,

İtim

Amma sevməyə izin yox...

Dayanın dostlar

Tragediyanın yoxuşuna çatır

Hünərsiz şəhərin kədərli kinosu

Burda maskalı dolanar insancığazlar

Ayrıca yoluxucu xəstəliyindən deyil

Qorxular təklif edir bu zəhərli qara niqabı

Burda dörd xiyaban yallı gedir

Kinonun orta qatında

Təbriz,

Marağa,

Qoşaçay,

Dəniz

Dörd dönə qıçım züyür şeirin pillələrindən

Və dörd yana bölünür röyalarım.

Behruz İsmayılzadə

Yaşda yanan yanaqlarımdan

Od toplayıram.

(İlk yaratdığımın adını

Səndən gizlətmiş idi heç nə)

  • Kod adı sözcük idi –

Qaranlıq, sürdürmənin sürməsidir

Kirpiklərinin arasından,

Təcavüz eləyir gözlərinin işıqlarına.

Gətirmək, gəlməyi silməkdir

Sən, gətirdim deyirsən

Mən amma

Gəlməkdən qaçıram.

(Bu arada sudan “şşş” səsini alıb

Oğlumun yuxusunu sürdürürəm gələcəyə)

  • Ş-ş-ş-
  • Ş-ş-ş-

(Ritmində)

Qaçqın bir şəhərin insanlarıdır bağrım

Kimisində, ürəyim çatladır özünü

Kimisində, nəfəsim çəkə bilmir özünü

Kimisində, imgələrimin başı kəsilir

Kimisində, yaddan çıxıram bəzən

(Əlimdən, olsaydımı alıb

Bir yol çizdim onlara.

-Dənizə gedir-

Ancaq,

Ehtimallar, bala salmış idi gövdəsində suların)

  • Ehtimal, devrimin maliyatıdır

Nəm neçə faiz, qan

Nəm neçə faiz, avaralıq

Nəm neçə faiz, qaçqınlıq

Nəm neçə faiz, intihar doğurur insanların əllərində. –

Not:

Yaşdan, yanaqlarıma od toplayıramı dalı qaytarıram

Torpaq,

-Gizlənmiş sözcük olaraq-

Köksündə qaralayır

Alın

Yazmadığladıqlarımı.

Ə

A

O

B

Ba

U

Ö

İ

Huuuum!

Nə çətin işdir

Adını ürəyimdə sığışdırıb

Ağzımda söyləmək.

Duman Yalçın

Pərya...

Ey dağların oğul çiçəyi Pərya

Səni, Leylini düşünmədən Məcnunlamışam dağları

Və ərə vermişəm cünunları

Və şəhərlərin reklam kağızını

Radiolarda boşamışam, ah ey...

Ey dünya pərisinin salam kəlməsi

Və siyasətçilərin ən doğru sözü

Əllərin yetimxana uşaqlarının sığınacaq evidir

Əllərini qoy gözlərinə

Çikaqoda sönsün çıraqlar

Və işıqlansın İzmirdə körpə uşaqların otağı

Qızınsın üç kömürçü barmaqlarını

Pərya

Ey turat surəsinin Məryəm morluğu

Səni fəlsəfə düşünsəm də

Gəraylı ağlamışam

Və qəzəl oxumuşam səni ağaclara

Qoy baharla kasıblasın qıza

Və adını qoy işçilər dilinə düşsün Romda

Riyaz xiyabanlarına sərilsin

Ya əyyohə seyyedi: - Pərya.

  • Əleyküm Pərya, ya əxi

Və Ankara söyləsin

Gününüz Təbriz kefi olsun Pərya

Və Meşgin söyləsin sənə

Va va huuuuuu

Pah atovnan Pəryaaa...


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930