Böyük türk ideallarına xidmət edən kitab
Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşr) dərsliyi işıq üzü görüb.
Layihənin rəhbəri və ön sözün müəllifi fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev, elmi redaktoru akademik İsa Həbibbəylidir. Nəşrə akademiklər Gövhər Baxşəliyeva, Nizami Cəfərov, professorlar Mahirə Hüseynova, Qəzənfər Paşayev, Əskər Rəsulov (Azərbaycan), Şohrat Sirojiddin (Özbəkistan), Şükrü Haluk Akalın, Selçuk Kırlı (Türkiyə), Alev Sınar Uğurlu (Türkiyə) və Nazife Güngör (Türkiyə) kimi Türk dünyasının görkəmli elm xadimləri rəy veriblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunan kitabın məsləhətçiləri isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, Özbəkistan səfiri Bahrom Aşrafxanov və Qırğızıstan səfiri Maksat Mamıtkanovdur. Kitabın ölkəmizlə yanaşı, bütün Türk dünyasının ali təhsil ocaqlarında ortaq türk ədəbiyyatı dərsliyi kimi istifadəsi nəzərdə tutulur.
Layihənin rəhbəri Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevin kitaba yazdığı Ön Sözü dəyərli oxucularımıza təqdim edirik:

Dünya tarixi əsrlər boyu türklərin hürriyyət və ədalət mübarizəsinə şahidlik edib. Lakin əcdadlarımız yalnız hərb meydanlarındakı zəfərləri ilə yox, həm də bu günə qədər dünyanı heyrətləndirməkdə davam edən cahanşümul mədəniyyət yaratması ilə öz adlarını tarixə həkk ediblər. Tarixdə türk ensiklopediyasının ilk müəllifi hesab olunan Mahmud Kaşğarinin təbirincə desək “... Tanrının əziz və gözəl bəndəsi olduğu üçün türklərin həm əməlləri, həm də yaratdıqları hər zaman gözəl olmuşdur”.
Dünya tarixini türk tarixi olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyətini də türk mədəniyyəti olmadan təsəvvür etmək mümkün deyil. Dünya mədəniyyəti tarixinin antik zamanlardan müasir dövrümüzə qədər hansı dövrünə baxsaq, orada türk mədəniyyətinin özünəməxsus yerini görə bilərik.
Türk mədəniyyəti – dövlətçilik mədəniyyəti, sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, humanitar mədəniyyət, ekoloji mədəniyyət və s. kimi qatlara malikdir. Türk dünyasının mədəniyyət sərvətlərini, mədəni-intellektual həyatını tarixi-kulturoloji planda araşdıran alimlər həmin qatları incələyərək bu qənaətə gəlirlər ki, türk sivilizasiyası – dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm də digər sivilizasiyaların universal keyfiyyətlərini mənimsəyərək, özündə sintezləşdirməyi bacaran unikal bir hadisədir. Türk mədəniyyəti inkişaf etdikcə, dolğun sivilizasiya keyfiyyətləri və ölçüləri əldə etmişdir. Türk etnosunun tarixi diferensiasiyası – yəni bu etnosa mənsub xalqların yaranması, diferensiallaşması və onların milli mədəniyyətlərinin formalaşması bütövlükdə Avrasiyanın universal etnomədəni sistemini daim təkamül etdirən proses olmuşdur.
Türklərin bədii mədəniyyəti – dünya mədəniyyətində orqanik bütövlüyü yaradan ən güclü seqmentlərdən biridir. Bəşər sivilizasiyasının yaşıdı hesab olunan Pazırık kurqanından tutmuş Tac Mahal kompleksinə, geniş türk coğrafiyasının müxtəlif bölgələrində rast gəlinən qayaüstü rəsmlərdən tutmuş Təbriz miniatür məktəbinə qədər, ilk türk yazılı abidələrindən tutmuş müasirimiz olmuş Çingiz Aytmatova qədər türk bədii mədəniyyətinin yetişdirdiyi bütün örnəklər sivilizasiya tarixinin ən dəyərli bədii estetik qaynaqları hesab olunur.

Türk etnomədəni sistemini bütöv saxlayan ən güclü amil – bütün milli türk dillərinin və mədəniyyətlərinin anası olan qədim türki dili olmuşdur. Uzun əsrlər boyu davam edən təkamül prosesinin bütün mərhələlərində qədim türki dili böyük türk dünyasının universal ədəbi dili kimi canlı ünsiyyət vasitəsi olmuşdur. Bu dildə türk və dünya mədəniyyətinin möhtəşəm abidələri yaranmışdır. Hələ erkən orta əsrlərdən başlayaraq türk dilində yaranan “Kitabi - Dədə Qorqud”, “Manas”, “Əmsali-Türki”, “Cami ət-Təvarix” kimi eposlar, eləcə də Orhon-Yenisey daş kitabələri dünya mədəniyyətinin ən möhtəşəm yazılı abidələri hesab olunur.
Türklərin dünya mədəniyyətinin inkişafına göstərdikləri əvəzolunmaz xidmətlərdən biri də budur ki, onlar özlərinin siyasi-hərbi üstünlüklərindən istifadə edib, digər dillərə və mədəniyyətlərə qarşı diskriminasiya siyasəti yürütməmişlər. Türklər Şərq sivilizasiyaları ilə qarşılaşdıqda və bu sivilizasiyalarla fəal münasibətlərə daxil olduqda, yerli dilləri və mədəniyyətləri məhv etməyə çalışmamışlar. Əksinə, öz dil və mədəniyyətlərini əminliklə həmin sivilizasiyaların sınaq meydanına çıxarmışlar. Nəticədə türk dili və mədəniyyəti Şərqin mədəni-sivilizasion sistemində öz layiqli yerini tuta bilmiş, Altaylardan Balkanlara qədər uzanan böyük bir coğrafiyada türk dili universal ünsiyyət vasitəsinə çevrilmiş və təbii şəkildə Şərqin mühüm sivilizasiya dili statusunu əldə etmişdir. Və bununla da türklər öz dillərinin ölməzliyini təmin etmişlər.
Türklər ərəb və farsdilli ədəbiyyatın, elmin və ilahiyyatın, fəlsəfə və incəsənətin, ümumən islam mədəniyyətinin tərəqqisində müstəsna rol oynamışlar. Əl-Fərabi, Əl-Biruni, Əbu Əli ibn Sina, Əbdülhəmid ibn Türk, Əl-Qəzali, Əs-Sührəvərdi, Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Cəlaləddin Rumi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əbdürrəhman Cami, Əlişir Nəvai, Al-Buxari Nəkşibənd, Kəmaləddin Behzad... və digərləri İslam mədəniyyətinin türksoylu yaradıcıları olmuş və bu gün də onların adları dünya mədəniyyətinin klassikləri sırasındadır.
Türk mədəniyyətinin universallığından danışarkən Mustafa Kamal Atatürk öz çıxışlarından birində belə demişdi: “Böyük dövlətlər quran əcdadımız – böyük və qapsamlı mədəniyyətlərə də sahib olmuşdur. Bunu aramaq, tədqiq etmək, Türklüyə və cahana bildirmək bizlər üçün bir borcdur... Hər şeydən öncə, millətə tarixini, əsil bir millətə mənsub olduğunu, bütün mədəniyyətlərin anası olan mütərəqqi bir millətin övladları olduğunu öyrətməliyik”. Böyük Atatürkün bu çağırışı klassik türk siyasi mədəniyyəti ilə yeni dövr türk siyasi mədəniyyəti arasında varisliyi təmin edən vacib bir ismarıcdır.
Əsrlər boyu türk mədəniyyətini öyrənən, təbliğ edən və yayan alimlərimiz və elmi institutlarımız olmuş və onlar bu gün də var. Dünya tarixində ilk dəfə olaraq türk dilinin linqvistik mahiyyəti, onun başqa dillərlə müqayisəli qrammatikası, türk dil mədəniyyətinin özəlliyi və universal xüsusiyyətləri təqribən 950 il bundan qabaq böyük türk alimi Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” (XI əsr) əsərində öz əksini tapmışdır. Həmin vaxtlar Avropada hələ heç bir qrammatika kitabı yazılmamışdı.
Mahmud Kaşğarinin çağdaşı olmuş Yusif Balasağunlu da elə həmin dövrdə - XI əsrdə türk dövlətləri və cəmiyyətlərinin təşəkkül tarixinə dair “Qutadğu-bilik” kitabını yazmışdı. Oğuznamə üslubunda yazılmış bu kitablar türklərin yaşadığı geniş coğrafiyada türk tarixi və mədəniyyətinin təkamülünü tədqiq edən tarixi-xronolji abidələr kimi ümümdünya əhəmiyyətinə malik əsərlərdir. Fəzlüllah Rəşidəddinin “Cami’ ət-Təvarix”, Əbdülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” və Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərləri - tarixi-xronoloji abidələr olaraq türklərin yaşadığı geniş coğrafiyada türk tarixi və mədəniyyətinin fərqli yanaşmalarla öyrənilməsinin ən parlaq nümunələridir. Tarixi keçmişimizin dərinliklərindən xəbər verən çoxsaylı əsərlər hunlar və göytürklərdən başlamış osmanlılara qədər türklərin həyat tərzi, şəhərsalma və qalaqurma mədəniyyəti, vaxt və tarixin hesablanması, coğrafi istiqamətlərin təyin edilməsi, memarlıq mədəniyyəti, sənətkarlıq mədəniyyətinin bütün incəlikləri, geniş spektrli təsərrüfat mədəniyyəti, təbiətlə davranış, fəsillərə uyarlıq mədəniyyəti, mətbəx mədəniyyəti, tuğ (gerb) və bayraq mədəniyyəti, ordu və hərb mədəniyyəti, dövlət, toplum və ailə əxlaqının təməlləri, xalq musiqisi alətləri və zərif sənət anlayışlarının təkamülü haqqında çeşidli araşdırmaları və müfəssəl qənaətləri bizə təqdim edir.
1991-ci ildə Sovet İttifaqının süqutu Cənubi Qafqaz və Mərkəzi Asiya türk xalqlarının yenidən müstəqilliyə qovuşmasını mümkün etdi. Bu tarixi qlobal siyasi transformasiyanın nəticəsində dünyanın siyasi xəritəsinə türk sivilizasiyasını təmsil edən beş yeni dövlətin adı yazıldı. Uzun müddət ərzində imperiya asılılığına qarşı mübarizə aparan və nəhayət, milli müstəqilliyini və dövlətçiliyini bərpa edən Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və Türkmənistan respublikaları qardaş Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikası ilə birlikdə qlobal miqyasda dünya türklüyünün təmsilçilərinə çevrildilər. Dünya türklüyünün tarixində yeni dövr başlandı: planetar miqyaslı qloballaşma proseslərinin doğurduğu çağırışlar qarşısında türk cəmiyyətlərinin birlik və bərabərliyə can atmasını özündə ehtiva edən spontan və təbii inteqrasiya prosesləri ayılmış vulkan kimi püskürdü. Dünya siyasi sisteminə yenicə qoşulmuş müstəqil türk dövlətləri artıq yüz ildən çox müstəqil dövlət kimi dünya siyasi səhnəsində kifayət qədər möhkəmlənməyə nail olmuş qardaş Türkiyə Respublikası ilə birlikdə inteqrasiya proseslərinə start verdilər. Bu gün müstəqil dövlətlərimiz ən sıx şəkildə əməkdaşlığı nəzərdə tutan çoxsaylı formatlarda qarşılıqlı əməkdaşlıq münasibətlərini günbəgün dərinləşdirirlər. Vahid türk geoplotik məkanını təşkil edən müstəqil türk dövlətlərinin təsis etdiyi Türk Dövlətləri Təşkilatı bu gün dünya türklüyünü qlobal səviyyədə təmsil edir və inteqrasiya proseslərinin dərinləşməsi və sürətlənməsini təmin edir. Ümumtürk həmrəyliyi özünün ən yüksək səviyyəsində ən məhsuldar mərhələsini yaşamaqdadır.
Ümumtürk həmrəyliyi və birliyinin inkişafında və möhkəmləndirilməsində təsirli rol oynayan kifayət qədər mexanizmlər mövcuddur. Bu sırada ədəbiyyatın rolu xüsusi əhəmiyyətə malikdir. İbn Sina, Cəlaləddin Rumi, Nizami, Nəsimi, Füzuli, Nəvai, Məxtumqulu, Abay Kunanbayev, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar və bu kimi onlarla ədəbiyyat korifeyinin bədii irsi mənəviyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirilir və bu çərçivədə ortaq ədəbiyyat türk dünyasının birliyi üçün mühüm vasitə hesab olunur və ortaq mədəniyyət konsepti yaradır.
Müstəqilliyimizin ilk illərindən başlayaraq ali məktəblərdə türk xalqları ədəbiyyatı nümunələrinin tədrisi ayrı-ayrı milli türk ədəbiyyatları (qazax, qırğız, özbək, türkmən və s.) çərçivəsində ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının öyrədilməsinə xidmət etməklə yanaşı, həm də eyni kökə, eyni mənəviyyata, eyni ruha, hətta deyərdim ki, eyni zövqə sahib olan türklərin vahid bir ideya ətrafında birləşməsində, bu birliyin gərçəkləşməsində mühüm rol oynayıb və oynamaqdadır. Təbii ki, bu prosesdə “Türk xalqları ədəbiyyatı”nın bir fənn kimi öyrənilməsi üçün yazılmış dərsliklərin rolu kifayət qədər əhəmiyyətlidir.
Müasir dövrümüzdə türk birliyinin təkamülü proseslərində türk xalqları arasında qurulan mənəvi körpülərin verə biləcəyi faydalar daha böyük təsir gücünə malikdir. Bu baxımdan milli türk ədəbiyyatlarının (Türkiyə, Azərbaycan, qazax, qırğız, türkmən, özbək, tatar və s.) ümumtürk ədəbi dəyərləri kontekstində öyrənilməsi, bu ədəbiyyatların türkçülük estetik prinsipləri daxilində, vahid türk mənəvi bütövlük normaları çərçivəsində təbliğ olunması həm vacibdir, həm də səmərəlidir. Professor Elman Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” dərsliyini bu baxımından dəyərli bir tədqiqat işi və əhəmiyyətli bir tədris vasitəsi hesab edirəm.
Türkologiya sahəsində çalışmaları ilə Azərbaycanda və digər türk ölkələrində yaxşı tanınan professor Elman Quliyevin “Müasir özbək ədəbiyyatı tarixi”, “Türkiyə türk ədəbiyyatı”, “Türk ədəbiyyatının yaradıcılıq problemləri”, “Orta əsrlər türk xalqları ədəbiyyatı”, “Özbək ədəbiyyatı” və s. kitablarının türkoloji estetikası kifayət qədər yüksəkdir. Onun Türkiyədə, Şimali Kipr Türk Cumhuriyyətində, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda və Qırğızıstanda keçirilən Beynəlxalq elmi konfranslarda çıxışları və adı çəkilən ölkələrdə çap olunmuş məqalələri bir tərəfdən yüksək elmi-nəzəri səviyyəsi ilə, digər tərəfdən pedaqoji-praktik əhəmiyyəti baxımından fərqlənir. Professor Elman Quliyevin universitetlər üçün dərslik kimi yazmış olduğu “Türk xalqları ədəbiyyatı” kitabı illərin sınağından çıxan və Azərbaycanın bütün universitetlərinin müvafiq fakültələrində “Türk xalqları ədəbiyyatı” fənninin tədrisi üçün tədris proqramlarının tələblərini ödəyən yeganə kitabdır. Sevindirici haldır ki, rəsmi dərslik statusuna malik olan “Türk xalqları ədəbiyyatı” kitabı digər türk dövlətlərinin universitetlərində də Türk xalqları ədəbiyyatı fənninin tədrisi prosesində dəyərli mənbə kimi istifadə olunur. Professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyinin 2022-ci ildə özbək dilinə tərcümə olunaraq böyük tirajla Daşkənddə, 2024-cü ildə isə Türkiyədə çap olunması geniş mənada türk dünyasında bu kitaba olan sevgi və tələbatın göstəricisidir.Türk dünyamızın əsas mədəni qurumlarından biri olan TÜRKSOY tərəfindən həm bu kitaba, həm də onun müəllifi prof. Elman Quliyevin türkçülük fəaliyyətinə verilən diqqət və qayğını da vurğulamaq yerinə düşərdi. Adı çəkilən qurumun prof. Elman Quliyevi müxtəlif illərdə dörd medalla təltif etməsini türk dünyasına olan xidməti və sevgisi müqabilində tanınmış türkoloqun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Cənab Prezident İlham Əliyev tərəfindən səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Elman Quliyevin 2012-ci ildə “Tərəqqi” medalı və 2021-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltiflərini böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm.
Prof. Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabında ayrı-ayrı türk xalqlarının görkəmli ədəbi simalarının həyatı və yaratmış olduqları bədii ədəbiyyat nümunələrinin təhlilləri yer alır. Kifayət qədər sadə dildə yazılan və eyni zamanda təhlillərin analitik təfəkkür süzgəcindən keçirildiyi, türkçülük baxışlarının təbliğ edildiyi bu kitabın obyektini türk xalqlarının ən qədim dövrdən çağdaş dövrümüzə qədərki ədəbiyyatları təşkil edir. Bu sırada müəllifin türk dastan yaradıcılıq nümunələrinə, ümumtürk yazılı ədəbiyyatı problemlərinə, türk, özbək, Azərbaycan, türkmən, qazax, qırğız, tatar, iraq-türkman ədəbiyyatlarına orijinal yanaşmaları, eyni zamanda bu ədəbiyyatların ən parlaq şəxsiyyətlərinin ədəbiyyat quruculuğu sahəsində gördükləri işlərin məhz ədəbiyyat tarixçiliyi və türkçülük konsepsiyasının tələbləri daxilində işıqlandırılması müstəqillik və birlik ideallarımızla səsləşir. Kitabda hər bir milli türk ədəbiyyatının özünəməxsusluğu, hər bir fərdi yaradıcının bədii düşüncə tərzi və fərqli yanaşmaları daha çox ümumtürk estetik konsepsiyalarına uyğun təhlilə cəlb edilir. Bu kitabın türkçülük və turançılıq ideyalarına uyğunluq konseptini də xüsusi vurğulamaq lazımdır. Bu baxımdan, kitabda Ziya Göyalp, Mehmet Akif Ərsoy, Namiq Kamal, Çolpan, Hüseyn Cavid, Oljas Süleymenov, Cengiz Dağcı, Çingiz Aytmatov və s. kimi dahilərin yaradıcılıq keyfiyyətlərinin türkçülük və turançılıq müstəvisində təhlili və eyni zamanda təbliğ edilməsi xüsusilə təqdirəlayiqdir. Professor Elman Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” kitabında yanaşma, baxış və konsepsiyalar demək olar ki, yenidir. O, bir tərəfdən İraq-Türkman ədəbiyyatının dörd nümayəndəsini, o cümlədən Cengiz Dağcını, İsmayıl Qaspıralını, Nazim Hikməti və s. ilk dəfə geniş şəkildə Azərbaycan tədris sisteminə gətirir, digər tərəfdən Oljas Süleymenov yaradıcılığını, onun “Az-Ya” əsərini türk milli-estetik baxışlar və milli tarixi prinsiplər daxilində təhlilə cəlb edir, başqa bir istiqamətdə isə Əlişir Nəvai yaradıcılığı əsasında XV əsr türk ədəbiyyatında yer alan dil təəssübkeşliyinə, İsmayıl Qaspıralının simasında isə onun bədii-publisistik yaradıcılığının ana xəttində dayanan mənsub olduğu millətin xoşbəxt gələcəyini müəyyənləşdirməyə hesablanan “nə etməli?” milli idealının təbliğ və tətbiqinə xidmət göstərən məsələlərə önəm verir .
Şübhəsiz ki, Azərbaycan universitetlərində türk xalqları ədəbiyyatının öyrədilməsi istiqamətində 25 ildən çox bir müddətdə dövriyyədə olan, eyni zamanda dərslik statusunda türk dövlətləri universitetlərində də gərəkli mənbəyə çevrilən bu kitabın üstün cəhətləri haqqında çox danışmaq olar. Lakin sadəcə yuxarıda qeyd etdiyim keyfiyyətləri və bu gün Azərbaycanda universitet tələbələrinin və mütəxəssislərin prof. Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabına olan zəruri ehtiyaclarını nəzərə alaraq rəhbəri olduğum “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un layihəsi əsasında kitabın təkmilləşdirilmiş variantının yenidən nəşr olunmasını məqsədəuyğun hesab edirəm. Əminəm ki, yeni nəşr tələbə və mütəxəssisləri, eləcə də bütün oxucuları sevindirəcəkdir.
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru
Mahmud Kaşqari adına
Beynəlxalq Fondun Prezidenti