Mustafa Şeyxpur
YUMMA GÖZLƏRİNİ
Gözəlsən Şərq kimi
Ortaşərq
Gözlərinin sürməsini silsən
Bir silah çəksən ortasına və yumsan...
Qatilim olursan.
Sevimlisən Şərq kimi
Üsyan edirsən birdən
Bunu Fələstindən anladım.
Var gücünlə son daşını atırsan bu vətənin
Sulara qarışırsan
Sürgün olursan.
Səni bir anda itirdim
Beyrut gecələrində qaranlıq bir küçədə.
Səni bir anda tapdım bir qatarın uğultusunda
Bir zeytunun yaşıllığı vardır orda
Çoooox uzaqda.
Sənin... Gözlərindəki savaşçı
Ortasında doğulan bu sevgi
Vətən nisgili idi hər ikimizdə
Səni Təbrizdə anlamışdım
“Qatilim olacaq” demişdim bu eşq.
Yumma gözlərini!..
Oğuz Məhəmmədikiya
KÖRPƏ DİNAZOR
Ölülərimi qucaqladım
Üç dəfə döydüm daşını
Çatlağından süzülərək.
Dirilərimi tanımazdan öncə
Dirildirildim ortadoğudan
Avropanı gözümlə.
Baxdım həyatın ənənəvi boyutuna
Damızdırdım bıçaqdan süzən ovucumun qanını.
Barışı sağladım inəklər qəbiləsi ilə
Donuzlar tayfasının arasında
Axan şor dənizi
Və birdən atıldım miladdan sonrakı ilk günə
Qutladq bərabər miladın şərəfinə.
Kılavarı dağından yanan şamı püfləyərək
Tanrının ağzından əsən hava ilə...
Yerlərdə sürüklənən qutsallığı da gördüm
Qardaşlığın ovucdan axan qana hörmətsizliyində.
İndi isə sevişmə törənində
Qırmızı bezin ağapaq qaldırılma anındayam.
Hiroşimaya qan ləkəsi düşməmiş hələ.
Addımladım qadınların başından açılan
Yelin sərinliyində
Və tam mədəniyyətin ortasında
Qaldırdım atamın paslı qılıncını...
Cənnətdən enərkən
Qırılan ayağımı miras buraxmışam
Məndən sonrakı əziklərə.
İlk dəfə gördüyümdə səni
Körpə ilandan ağacın gövdəsinə uzanan
Balıq babanın son dəyişməsi idin təzə
Saçının ucunu da hörmüşdün oysa...
Sevirəm (üstünə basaraq) səni.
Sevmək sözcüyünü quşlardan öyrənmişdim
İlk cınqıltılı samitliyimdə
Və sənə uzanan əlimə
Toxunduğunda anlamışdım dərimdən
Ötə biləcəyimi.
Bax hələ hardasa
Qızıl almadan yeyəcəkdim ilan qadın!
Məni tanrı ilə baş-başa
Buraxma lütfən
Məni sevməz, bilirəm.
Dandırılmışam
Unutdurulmuşam ona.
Altımı doldurduğum günlər idi
Ondan qorxduğum an
Ürəyimə oturmamışdı zatən.
On bir yaşımda bildim
Dəniz mavi olmaz.
Çiynimdəki ağ geyimli mələyin
İftirasını bildim.
On iki yaşımda tanıdım coğrafiyamı
Və tam on beş yaşımda
Qonşunun qızı əmizdirdi
İçimdəki körpə dinazoru.
On altı yaşımda qarğaların
Sevişməsini görməklə
Açıldı gözüm.
İndi islamdan sonra
Min dörd yüzüncü ildəyəm.
Donuzlar inəkləri sağır
Və içimdəki körpə dinazor
Doğulmağa meyilli deyil.
Emin Hacılı
SƏN YOXSAN
Səndən qurtulub röyana başlamşdım
Sən məndən qurtulub başqasının yatağına.
Alt paltarlarını,
Məni
Alt paltarlarındakı izimi
İniltimi
Daşıdığın kimi.
Səni keçmişə daşımışdım deyə
Röyanın keçmişdəki kökünü qazımışdım.
O isə, səni ilk dəfə görürdüm,
Səni.
O isə, çiçəklərin tutumunu qoruyurdu hələ.
O isə, sevdalar üzərinə romanlar yazılırdı.
Gözlərindəki yazar qapını çalıb getmədən öncə
Tanışdırıram.
- Tikan.
- Şair.
Şair,
Tikan,
Qorxunun ölümə olan ziyanını düşündüm
İntiharımdan əvvəl
İntiharımdan sonra ölümün həyata olan ziyanını.
Hahaha
Tanışdırıram
Həyat ölüm və qorxunun naməşru uşağıdır.
Sən isə bağlaclarla yazarın arasındakı məsafəni
Dolduran dinclik.
(Mətnin ardı var)
Sən yoxsan amma
Sən heç bir zaman olmayacaq kimi yoxsan
Və röyan əbədidir
Heç bir zaman getməyəcək kimi
Amma bu əllərdə nə belə?
Yaxama sarılan
Yaxamdan boğazımı
Boğazımdan adını çıxaran
Adından başqa özəlliklərini
Papağından dovşan çıxardır kimi
Çxardan əllərdə nə belə?
Səndən qurtulub röyana başlamışdım
Sən mənə başlamadan əvvəl
Sinə sancağını boynuna asan bir qadın var idi
Keçib gedərdi hər gün röyamdan.
Sərhəddən passportsuz keçən quş kimi
Nə adı oxunardı telsizdən
Nə telsizdən oxunacaq məlum bir adı var idi.
Röya idi üstəlik
Və röyanın həqiqətə olan ziyanı
Həqiqətin sevdaya olan xiyanəti boyda idi.