Bizim kəndimizdə nə yoxdur, qızım?!


Valeh Qoca Kəlbəcər doğumludur. Yaradıcılığa universitet illərindən başlayıb. Şairin fəlsəfi, sevgi, vətənpərvərlik və digər mövzularda şeirləri vardır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.

Gənc şairin şeirləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən çap olunan “Bölgələrdən səslər-3” antologiyasında (2017), yenə DGTYB-nin təşkilatçılığı ilə qardaş Qazaxıstanda çap olunan “Yeni zaman Azərbaycan şeiri” antologiyasında (2018), habelə “Xəzan”, “Xəzinə”, “Dünya yalan dünyadır”, “Zirvəyə doğru”, “Mənim vətənim” və başqa ədəbi nəşrlərdə çap edilib. Azərbaycan Respublikasının Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən və Dünya Gəncə Türk Yazarlar Birliyi tərəfindən müəyyən diplom və fəxri fərmanlara layiq görülmüşdür. “Eşqim məndən böyükdür”, “Səni unutmağa vaxtım olmadı”, Yarımçıq şəkil” adlı şeirlər kitabının müəllifidir.

Bizim kəndimizdə nə yoxdur, qızım?!

Qızımın Kəlbəcərdəki (Məmmədsəfi) kəndimizdə nə var? Ata? sualına cavab.

Bizim kəndimizdə oyuncaq yeri,

Bizim kəndimizdə səngər yeri var.

Bizim kəndimizdə uşaq beşiyi,

Bizim kəndimizdə əsgər yeri var,

Bizim kəndimizdə nə yoxdur qızım?!

Bizim kəndimizdə günəş də çıxıb,

Bizim kəndimizdə qar da var indi.

Hələ əkilməmiş ağaclar bitib,

Səni yelləməyə yelləncək yeri,

Düşməni asmağa dar da var indi.

Orda qönçələr var dırnağın kimi,

Orda güllər açır əllərin boyda.

Orda damcılar var səndən böyükdür,

Orda şəlalə var tellərin boyda.

Orda zirvəylə çay yanbayandılar,

Dumanın bir ucu buxarındadır.

Bizim kəndimizin düzü, çəməni,

Kəndin dağından da yuxarıdadır.

Orda balıqlar da qızıl gəzdirir,

Orda bəzəyi var quşun üstündə.

Orda dərya çıxır daşın altından,

Orda xına bitir daşın üstündə.

Bizim kəndimizdə nə yoxdur qızım?!

Orda nənələrin yarımçıq nağlı,

Orda babaların qəbri var, bala.

Dayanıb otuz il bizi gözləyib,

Orda qəbirlərin səbri var, bala.

Bizim kəndimizdə şəhid ruhu var,

Qoruyur tufanda, yağışda kəndi.

Mən ordan çıxanda atam mən yaşda,

Mən ordan çıxanda sən yaşda idim,

Sən ora dönürsən mən yaşda indi.

Bizim kəndimizdə nə yoxdur qızım?!

Deyimmi nə yoxdur, deyim, sən də bil.

Bizim kəndimizdə ev yerləri var,

Evlərdə nə divar, nə damlar yoxdur.

Bizim kəndimizdə hər şey var, amma,

Bizim kəndimizdə adamlar yoxdu.

Su bardağı

(30 ildən sonra evimizdən tapdığımız anamın su bardağı məni çox duyğulandırdı)

Bu boyda məhlədən, bu boyda evdən,
Bir səni tapmışam, ay su bardağı.
İndi ciyərim yox, ürəyim yanır,
Yoxmu sahibinə pay, su bardağı?!

Yox idin, ovcumu yerinə qoyub,
Əyilib dağların çayın içmişəm.
Nə xoş halıma ki, ilk dəfə səndən,
Mən də bu yerlərin suyun içmişəm.

Bu evin gülləri solubdur, amma,
Hələ də üstündə gül yeri qalıb.
Ağzında atamın dodaq izləri,
Qulpunda anamın əl yeri qalıb.

Nə yaxşı sakini oldum yolların,
Nə yaxşı çatıbdır qatarım sənə.
O qədər əlindən su vermisən ki,
Gəl indi gözümdən qaytarım sənə.

Balaca evlər

Böyük adamlarla dolu olardı,
Bizim kəndimizdə balaca evlər.
Bəmbəyaz günlərin yadigarıydı,
Tüstüyə bürünmüş qaraca evlər.

Yollar da ayrıca bir aləmiydi,
Cığırlar havada kəndir kimiydi.
Bütün kirpiklərdən buz sallanardı,
Bütün nəfəslər də təndir kimiydi.

Onda pərdəliydi qonşular, ancaq,
Evlər arasında hasar yoxuydu,
Evdən böyük idi bu kənddə daşlar,
Amma ki bu boyda divar yoxuydu.

Gəzərdik daş üstə ayağı yalın,
Bərkiyib dönrədik bir dağa onda.
Anam yerimizi yerdən salardı,
Daha yaxın idik torpağa onda.

Mən elə bilirdim, uçmaz, dağlmaz,
Dağa söykəyərdi özünü evlər.
Torpaq tökülübdür pəncərəsinə,
Beləcə yumubdur gözünü evlər.

Yiyəsiz qalıbdır həyət-bacası,
Çölünün dərdinə içi göynəyir.
O dilsiz-ağızsız daş evdən ötrü,
Off! Yenə burnumun ucu göynəyir.

Dünyanın o qədər sirr işi var ki

Dünyanın o qədər sirr işi var ki,
Dünya çox işini sirdə saxlayır.
Torpaq alışsa da, göylər ağlamır,
Göy də göz yaşını dərdə saxlayır.

Büdrəmək, yıxılmaq süqut deyil ki,
Daş məzar ölümə sübut deyil ki,
Göyün üzündəki bulud deyil ki,
Allah adamlarla pərdə saxlayır.

Dünya da iz tutmur, bir izə çıxmır,
Dəryaya yetişmir, dənizə çıxmır,
Qorxur adamlardan təmizə çıxmır,
Təbiət özünü kirdə saxlayır.

Yerdən üzülərdi insanın izi,
Dönərdi lal daşa torpağın üzü,
Xəyallar götürüb qaçardı bizi,
Ayaqlar insanı yerdə saxlayır

Bütün ölümlərdə bir intihar var
Yer göydən, göy yerdən asır özünü,
Yer göylə, göy yerlə intihar edir.
Kimi siqaretlə, kimi şərabla,
Kimi də zəhərlə intihar edir.
Bütün ölümlərdə bir intihar var

Ağaclar özünü odda yandırır,
Hər köz də bir oddan atır özünü.
Şəlalə zirvədən, bulaq qayadan,
Yağış da buluddan atır özünü.

Hər kəsin alnında yazı başqadır,
Hər alın ən gözəl yazıya düşmür.
Adamlar qəzanın üstünə gedir,
Eh! Kimsə boş yerə qəzaya düşmür.

Gecə də götürüb ölüm kəndiri,
Özünü səhərin nurundan asır.
Olmayan körpələr ana bətnindən,
Sevənlər gözünü yarından asır.

Hər yay bir payızla, hər payız qışla,

Hər qış da baharla intihar edir.

Azarın özü də bir intihardır,

Hərə bir azarla intihar edir.

Yollar da ölümə meyilli olur,
Qatarın altına atır özünü.
Ölünün özü də intihar edir,
Məzarın altına atır özünü.
Bütün ölümlərdə bir intihar var.

Kəsmə saçını
Ömrümdən qoparıb qara günləri,
Saçının üstünə atıb gəlmişəm.
Gözüm gözlərinə ilişib, amma,
Özüm saçlarından tutub gəlmişəm.
Kəsmə saçını.

Onsuz da səbirsiz olmuşam bir az,
Bir az da telində səbrim kəsilər.
Ömür yollarımdır sənin saçların,
Saçını kəsərsən, ömrüm kəsilər,
Kəsmə saçını.

"Ay uzun hörüklüm, ay qara saçlım"
Deməyə dodağım, dilim öyrəşib.
Qısa saçlarında ac qalar əlim,
Uzun saçlarına əlim öyrəşib.
Kəsmə saçını

Günəş gözlərini düşəndə birdən,
Saçın kölgə salır, gözünü örtür.
Sən mənlə barışsan, alnını açır,
Sən məndən küsəndə üzünü örtür,
Kəsmə saçını.

Nə olsun tacın var, saçın kəsilər,
O uca başına tacın bəs etməz.
Birdən ürəyindən atarsan məni,
Özümü asmağa saçın bəs etməz.
Kəsmə saçını.

Şəkillərin

Xatirənə meh dağılıb,

Toz dəyib şəkillərinə.

Onda yazıydı, bəs niyə,

Buz dəyib şəkillərinə?!

Qalıb şəkildə yoxluğun,

Bu ağ fəsildə yoxluğun,

Hələ sənin soyuqluğun,

Az dəyib şəkillərinə.

Şəkildəki gül əvvəlki,

Göz əvvəlki, əl əvvəlki,

Bu axşam on il əvvəlki,

Qız dəyib şəkillərinə.

Sən yoxsan qəribəm yurda,

Donur xəyallarım qarda.

Orda yaxşısanmı, burda?!

Göz dəyib şəkillərinə.

İLDƏ BİRCƏ DƏFƏ SƏN DƏ QAYIT GƏL

Əvəz elə fəsillərdən birini,

İldə bircə dəfə sən də qayıt gəl.

Bahar ol, payız ol, nə olursan ol,

İldə bircə dəfə sən də qayıt gəl.

Qurbanam səninlə qış gələn günə,

Qar, yağış ömrümə xoş gələn günə.

Qoşul yaşım üstə yaş gələn günə,

İldə bircə dəfə sən də qayıt gəl.

Yenə də bir dağın ətək yerində,

Səni gözləyirəm çiçək yerində.

Gizlən bir çiçəyin ləçək yerində,

İldə bircə dəfə sən də qayıt gəl.

Dərdini sinəmdə bitirən gün ol,

Səni gözlərimdən itirən gün ol.

Elə gedişini gətirən gün ol,

İldə bircə dəfə sən də qayıt gəl.

Gəldiyin addımı say, bayram olsun,

Gəldiyin o həftə, ay bayram olsun.

Mənə də bir dəfə toy-bayram olsun,

İldə bircə dəfə sən də qayıt gəl.

Darıxdım

Bu gecə yadıma sən düşdün bir az,

Bir az da şəklinə baxdım, darıxdım.

Otağın içində gəzişdim bir az,

Bir az da həyətə çıxdım, darıxdım.

Darıxdım, səni də verən olmadı,

Nə də ki, dərdimdən dərən olmadı.

Keçdim zülmət yerə, görən olmadı,

Doyunca gözümü sıxdım, darıxdım.

Elə darıxmağa qarışdı başım,

Bir də baxıb gördüm itib yaddaşın.

Xəbərin olmadı ay qəlbi daşım,

Özümü yandırdım, yaxdım, darıxdım.

Guya nə qazandım qəlbi yaxmaqla,

Gözümü sıxmaqla, şəklə baxmaqla.

Kimə neylədim ki bu darıxmaqla,

Özüm öz evimi yıxdım, darıxdım.

Qayıtmadın

Yastığımı tumarladım saçın kimi,

Qollarımda balınc tutdum, qayıtmadın.

Mürgü məni harda tutdu, orda qaldım,

Hər yerdə bir qulunc tutdum, qayıtmadın.

Öz dərimi, öz əlimlə özüm soydum,

Nə dərd bitdi, nə vaxt yetdi, nə mən doydum.

Gah dilimin arasına şəkər qoydum,

Gah əlimdə qılınc tutdum, qayıtmadın.

Enişdən də, yoxuşdan da umdum səni,

Bir quruca baxışdan da umdum səni.

Yağış nədir, yağışdan da umdum səni,

Hər damlaya ovuc tutdum, qayıtmadın.

Naşı oldum, hər işimi naşı gördüm,

Naşı gördüm gözlərimdə yaşı gördüm.

Görəcəyim ən sonuncu işi gördüm,

Namaz qıldım, oruc tutdum, qayıtmadın.


MANŞET XƏBƏRLƏRİ