İltifat HACIXANOĞLU
Son günlər incəsənəti aləmində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Atabəyləri” filiminin premyerası oldu. Azərbaycan Televiziyası, "Şahdağfilm" və Türkiyənin "İkinciYeni Film" prodüser şirkətlərinin birgə istehsalı olan bu bədii-sənədli filmin ərsəyə gəlməsi milli kinematoqrafiyamızın salnaməsinə qızıl hərflərlə yazıldı və düşünürəm ki, bütün türk dünyasında böyük əks-səda yaradacaq.
Ümumiyyətlə, Azərbaycanda tarixi kinonun ənənəsi güclü və zəngin deyil. İstər keçmiş Sovet dövründə, istərsə də müstəqillik əldə etdiyimiz gündən bəri hesablasaq, barmaqla sayılacaq tarixi filmlər çəkilib ki, bunların da əksəriyyəti bədii-estetik, dramaturji, ssenari, eləcə də, rejissor və aktyor işi baxımından uğursuzdur.
Ümumiyyətlə, erkən Orta Əsrlər Azərbaycan mədəniyyəti, yaşayış tərzi kinolarımızda demək olar ki, öz əksini tapmayıb.
Tariximizin zəif kinosu – kinomuzun zəif tarixi
Bu günə qədər Atabəylər dövləti milli kinematoqrafiyamızın diqqətindən kənarda qalıb. Lakin çox əhəmiyyətli olan və xüsusilə Səlcuqlar dövründə bu coğrafiyaya bu qədər tarixi şəxsiyyətlərin bəyaz pərdəyə çıxması baxımından “Azərbaycan Atabəyləri” filiminin kinematoqrafiyamızda mövcudiyyəti böyük önəm daşıyır.
Həmin dövrlə bağlı yeganə “Nizami” filmi çəkilib. O da Sovet ideologiyasının diqtəsi ilə…
Film barədə qısa məlumat kimi qeyd edək ki, adından göründüyü kimi, sözügedən filmdə 1136–1225-ci illərdə Azərbaycanı, Şərqi Anadolunu, Şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət olan Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın ilk böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur.
Filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və "İkinciYeniFilm"i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Filmdə dünya şöhrətli döyüşçü Şəmsəddin “Eldəniz” rolunda dünya şöhrətli əlbəyaxa döyüş ustası Zabit Səmədov, “Qara Sunqur” rolunda İlqar Mehti çəkiliblər. Digər əsas rollarda isə "Xalq artisti" Mehriban Zəki (Möminə Xatun), "Əməkdar artist" Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər yer alıblar.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Kadrarxası mətni "Xalq artisti" Fəxrəddin Manafov səsləndirib.
Yeni tarixi faktlar
“Azərbaycan Atabəyləri” filmi tariximizə də yeni faktlar gətirib. Bu, Şəmsəddin Eldənizlə Gəncə hakimi arasında əlaqədir. Süjet ayrı-ayrılıqda inkişaf etdirilsə də, filmdə vahid kontekstdə əks olunub.
Filmdə emosional və məzmunca güclü, təsirli səhnələr, dialoqlar təkcə peşəkar akyor oyununun yox, eyni zamanda dəqiq seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı pauzalar, rəssam işi və s. sayəsində baş tutur.
Obrazların lakonik dialoqu, effektiv, dolğun portret planları, psixoloji mizanlar filmin mahiyyətini dəqiq xarakterizə edir.
Ümumiyyətlə, kişi obrazların qəhrəmana, cəngavərə xas xarizması, duruşu, ikinci plandakı mükəmməl oyunları, çətin psixoloji vəziyyətlərdə sükutla, bədən diliylə təmkinli ifa, gözlərlə danışmaq, səsinin, intonasiyasını gücü, soyuqqanlı və emosional vurğuları doğru zamanlaya bilməsi, o cümlədən mükəmməl döyüş səhnələri filmin uğurunu təmin edir.
Məlumdur ki, tarixi filmləri yaddaqalan edən təkcə məzmunu deyil, həm də cəlbedici döyüş səhnələridir. “Azərbaycan Atabəyləri” filmində istər aktyorların geyimləri, özlərini əsl Orta Əsrlərdə yaşamış igidlər kimi göstərməsi, həyacanlı aksion səhnələri yaratmaq qabiliyyətləri və səs effektləri vacib kriteriyalar göz önünə gəlir.
Bu baxımdan filmdə aktyorların kameranın önündə obrazı yaşaması, bu rolları tamaşaçıların yaddaşına o dövrdən gəlmiş həqiqi qəhrəmanlar kimi həkk edir. Xüsusən, Qara Sunqur və Şəmsəddin Eldənizin önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din (dinin günəşi) titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır.
Tariximizi evimizə gətirən film
Son zamanlar Azərbaycan efirlərində milli mentalitet, xüsusən ailə dəyərlərimizə böyük zərbə vuran verilişlərin çoxluq təşkil etməsi, sosial şəbəkələrdə insanların necə “insanlıqdan çıxması”nı demək olar ki, hamımız böyük təəssüf hissi ilə müşahidə edirik.
Filmi seyr etdikcə adam həqiqətən o illərə, ailə dəyərlərinin möhkəm olduğu zamana getmək istəyir. Çünki bu film zəmanəmizin insanını o dövrə aparmaqla yanaşı, bu günki dəyərlərimiz arasında birbaşa bağın mövcud olmasına inandırır.
Bugünkü ictimai-siyasi reallıqlar fonunda kinematoqrafçılarımızın yaratdığı bu cür dəyərli kino əsərləri milli-mənəvi dəyərlərimizin təbliğində və yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti çox böyükdür.
Çünki tarixdə Azərbaycan ilk dəfə Atabəylər dövründə bütövləşib.
Bu mənada filmin ideyası və hədəfi tarixi yaddaşımızın təzələsə də, bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Xüsusi təmkinliklə hadisələrə izahat verilməsi, o dövr barədə əhatəli təsəvvür yaratmaq üçün olduqca vacibdir.
Filmdə diqqəti cəlb edən məsələlərdən biri də Zəngəzur yolu ilə karvanların işləməsini əks etdirən epizodlardır ki, onlar tarixi həqiqət olmaqla yanaşı bu günümüzə verilən ismarıclardır.
Son illər dünya kinematoqrafiyasında tarixi mövzularda çoxlu uğurlu filmlər ərsəyə gətirlib. Xüsusən, qardaş Türkiyədə bu janrda çəkilən filmlərə tamaşa etdikcə içimdə bir həzin qibtə hissi yaranırdı. Ona görə də, tariximizi özündə əks etdirən, yeni dövrdə yeni ənənələrə söykənən filmlərimizin meydana çıxmasını səbirsiliklə gözləyirdim. Baxmayaraq ki, bunun o qədər də asan məsələ olmadığı bir həqiqətdir. Amma əsas ilk addımı atmaq idi. “Azərbaycan Atabəyləri” filmini izlədikdən sonra əmin oldum ki, nəhayət bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq. Bu baxımdan, “Azərbaycan Atabəyləri” olduqca böyük nailiyyətdir. Ona görə də, başda Azərbaycan Televiziyası olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.