Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib


Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası, Şura sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovun sədrliyi ilə dekabrın 14-də
keçirilib.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında toplaşan Şuranın bu dəfəki iclasında Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov da iştirak edib.

Giriş sözü söyləyən İctimai Şura sədri, akademik Nizami Cəfərov
ötən müddət ərzində həyata keçirilən tədbirlər, 2024-cü ilin başa çatması ilə əlaqədar illik hesabatın hazırlanması və qarşıda duran digər cari məsələlər barədə məlumat verib.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı və Vüqar Qədirov öz çıxışlarında indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionlarda ictimai dinləmələrin təşkil olunmasının önəmini vurğulayıb, habelə bir sıra həllivacib məsələlər haqqında fikir bildiriblər.

Geniş diskussiya ortamında keçən iclasda, Şura üzvləri - Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva çıxış edərək Şuraya edilən müraciətlər, qaldırılan problemlər, təşəbbüs və təkliflər barədə danışıblar.

Nazir müavini Fərid Cəfərov iclasın sonunda çıxış edərək, çıxışlarda toxunulan məsələlərə, qaldırılan problemlərə və irəli sürülən təkliflərə münasibət bildirib.


MANŞET XƏBƏRLƏRİ