Əjdər Hüseyn oğlu İlyasov – 31 dekabr 1962-ci ildə Kəlbəcər rayonunun Milli kəndində, ziyalı ailəsində dünyaya gəlib. 1970-ci ildə ibtidai təhsil almaq üçün Milli kəndində orta məktəbə gedib. Sonralar təhsilini Kəlbəcər şəhər 1 saylı və Sınıqkilsə kənd orta məktəbində davam etdirib.
1980-ci ildə Sınıqkilsə kənd orta məktəbini fərqlənmə attestatıyla bitirib. 1981-83-cü illərdə keçmiş sovet ittifaqı hərbi qüvvələrində hərbi xidmətdə olub. 1984-cü ildə Moskva Ali Ticarət instituna daxil olub və 1989-cu ildə adı çəkilən institutu bitirib. Uzun müddət Rusiya Federaditasında yaşayıb. Müxtəlif məsul vəzifələrdə olub. 1995-2012-ci illərdə Rusiya Federasiyasının Saratov vilayətində Azərbaycan diasporunun vitse prezidenti vəzifəsində çalışıb.
Poeziyaya hələ orta məktəb illərindən meyilli olub. Bir neçə mətbu orqanlarda məqalələri, şeirləri dərc edilib.
Hal-hazırda Bakı şəhərində yaşayır. 4 övlad atasıdır.
Körpülər yolları birləşdirmədi
1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı, doğma Milli kəndini tərk edərkən, Qamışlı körpüsündə düşmənlə üz-üzə gələn an, düşünmədən özünü daşmış dağ çayına ataraq həlak olmuş, Çamalova Zərnişan Kazım qızının əziz xatirəsinə
Körpülər yolları birləşdirmədi,
Körpünün üstündə bağlandı yolu.
Yağıyla üz-üzə gələndə Ana,
Doğuldu dünyaya Qeyrət simvolu.
Aprel səhəriydi, günəşli səhər,
Hər yanı dağların seli yuyurdu.
Tərtər haray salıb gen dərələrə,
Bərəni bağlayıb, yolu yuyurdu.
Bulaqlar göz yaşın yığıb qoynuna,
Dağlardan arana axıb gedirdi.
Namusun, ismətin sıxıb qoynuna,
Analar evlərdən çıxıb gedirdi.
Gedirdi çiynində talenin yükü,
Qoca da, cavan da, qız da, gəlin də…
Burda eyni idi hərənin yükü,
Şərəf aparırdı hər kəs əlində.
O səhər Zərnişan yola çıxmışdı,
Bu yol həyat yolu, sınaq yoluydu.
Bir elin bəxtinə leysan yağmışdı,
İyrənc yağılarla hər yan doluydu…
O ögey deyildi, o yad deyildi,
O mənim kəndimin sonası idi.
Mübarizlər doğan, Poladlar doğan,
O, Türk dünyasının anası idi.
Körpünün üstündə bağlandı yolu,
Daşmış Tərtər çayı hayına çatdı.
Bir an düşünmədən Qeyrət simvolu -
Zərnişan özünü sellərə atdı.
Yağdı arxasınca düşmən gülləsi,
Dağ çayı boyandı insan qanına.
Qayada əks etdi Ananın səsi,
İsmətin qorudu, qıydı canına.
Qarışdı sulara Ana fəryadı,
Qeyrətin qalası oldu Zərnişan,
Tarixə yazıldı o səhər adı,
Yaşadı Qəlblərdə qaldı Zərnişan.
Kəlbəcər oldu
Məni Kəlbəcər doğdu,
Anam Kəlbəcər oldu.
Hansı yana üz tutsam,
Yönüm Kəlbəcər oldu.
Yad eldə yurd daşıyam,
Baharıyam, qışıyam.
Həsrətin göz yaşıyam,
Ünüm Kəlbəcər oldu.
Taleyim göydən düşdü,
Sevinc, kədər tən düşdü.
Saçlarıma dən düşdü,
Dənim Kəlbəcər oldu.
Bir ömürdü sinəmdə,
Getsəm də, hansı səmtə.
Nə libası geysəm də,
Donum Kəlbəcər oldu.
Əslisafdır soyadım,
Adıyla qoşa adım.
Qürbətdə gün sandım,
Sanım Kəlbəcər oldu.
Canı qurban verəydim,
Gül-çiçəyin dərəydim.
Köçəndə, kaş görəydim,
Sonum Kəlbəcər oldu.
Turana salamlar
Əl ver mənəTürkün oğlu,
Turan deyək hər birimiz.
Qədim Dərbənd, Ulu Təbriz,
Sizə Turkün salamı var.
Soyuq Altay, yaşıl meşə,
Kəlbəcərdə qan bənövşə,
Borçalıda xallı nərgiz,
Sizə Turkün salamı var.
Qaraçaylar, Başqırd Balqar.
Uyğur, Çərkəz, Macar,
Türk atalar, Türk analar,
Sizə Türkün salamı var.
Zəngəzurdan Naxçıvana,
yollar açın, açın dəhliz.
Göyçə gölü, Qara dəniz,
Sizə Turkün salamı var.
Bayrağımda ayparaya,
Ankaradan Anqaraya.
Gəl ey Türküm, gəl haraya,
Sizə Türkün salamı var.
Qırğız, Qazax, Qaqauzlar,
Türkmən, Tatar, kim harda var.
Turan eli, ey Oğuzlar,
Sizə turkün salamı var!!!
Sizə turkün salamı var!!!
Vətənə etiraf
Vermərəm, incimə Azərbaycanım,
Sevgimi əlimdən ala bilməzsən.
Nəyim var al, apar, qurbandı sənə,
Sevgimi əlimdən ala bilməzsən.
Haqqım yeyiləndə, hərdən inciyib,
Sümbülüm tökülür, dən-dən inciyib.
Özümdən küsürəm, səndən inciyib,
Sevgimi əlimdən ala bilməzsən.
Anamın südüylə gəldi bu sevgi,
Ağzımın dadıyla gəldi bu sevgi.
Yurdumun adıyla gəldi bu sevgi,
Sevgimi əlimdən ala bilməzsən.
Arazı sevirəm, Kürü sevirəm,
Səmanı sevirəm, yeri sevirəm.
Sənin günəşində nuru sevirəm,
Sevgimi əlimdən ala bilməzsən.
Dağların qarına olan eşqimi,
Xəzərə boylanıb, gülən eşqimi,
Mənimlə doğulub ölən eşqimi,
Sevgimi əlimdən ala bilməzsən,
Silkələmə məni Vətən.., oğlunam.
Desəm də doymuşam, daha yorğunam,
Mən sənə ay Vətən, elə vurğunam,
Sevgimi əlimdən ala bilməzsən.
Sevgimi əlimdən ala bilməzsən.
Cənnət Azərbaycanım
Məhəbbətdən yoğrulmuşam,
Bu diyarda doğulmuşam.
Canım Azərbaycanımdır,
Vuran ürəyim Kəlbəcər.
Əzəmətim Murov, Şahdağ,
Məhəbbətim qucaq-qucaq.
Sevgim Azərbaycanımdır,
Nazlı mələyim Kəlbəcər.
Mavi Xəzər ümmanımdır,
Təbiəti loğmanımdır.
Cənnət Azərbaycanımdır,
Gülüm, çiçəyim Kəlbəcər.
Eşqimdə Məcnun kimiyəm,
Gözəlliklər aşiqiyəm.
Duyğum Azərbaycanımdır,
Arzum istəyim Kəlbəcər.
Başda tacım, ruh dərgahım,
Son ünvanım, səcdəgahım,
Andım Azərbaycanımdır,
Dildə diləyim Kəlbəcər.
Nimdaş adamam
Yaşımı soruşma, atam balası,
Mən köhnə kişiyəm, nimdaş adamam.
Dosta sədaqətli, düşmənə düşmən,
Alınmaz qalayam, saldaş adamam.
Çox da fikir vermə, saçımda dənə,
Qəlbim əvvəlkitək, şıltaqdı yenə.
İstəsən həmdəm ol, könül aç mənə,
Sirlər saxlayanam, sirdaş adamam.
Ömrümü illərə verib gedirəm,
Qismətim olanı dərib gedirəm.
Bəxtimin qoluna girib gedirəm.
Küskün taleyimə yoldaş adamam.
Kökümə bağlandım, mən dəyişmədim,
Namərd süfrəsindən su da içmədim.
Düşdü saçlarıma dən, dəyişmədim,
Nə ayaq adamam, nə baş adamam
Soruşma.., bilmirəm.. , yüzdü, əllidir,
Hər günüm özümə bir təsəllidir.
Əjdərəm, əslim saf, soyum bəllidir,
Türkəm, türk oğluyam, qardaş adamam.
Boylanır
Yazı gəlib Kəlbəcərin,
Min ətri var hər səhərin.
Üzu gülür çicəklərin,
Boylanır, günə boylanır.
Yurd yerində göbələk də,
Yük daşıyan bir böcək də,
Şirə çəkən kəpənək də,
Boylanır, mənə boylanır.
Bülbül yenə gülə aşiq,
Kəklik çəmən-çölə aşiq.
Səksəkəli, dəli aşiq,
Boylanır, yenə boylanır.
Dəlidağda şimşək çaxır,
Hay-harayla Tərtər axır.
Uzunyaldan Günəş baxır,
Dərədə çənə boylanır.
Əjdər heyran bu gedişə,
Dilə gəlib yaşıl meşə.
Xəzəl altdan qan bənovşə,
Boylanır, mənə boylanır.
Bu dünya
Şirin-şirin vədlər verdi hamıya,
Fağırları felə saldı bu dünya.
Sığal çəkdi avamların başına,
Naşıları ələ saldı bu dünya.
Qoymadı ki, kimsə küsə, inciyə,
Gücü verdi dəliqanlı gəncliyə.
Zəhər qatdı rahatlığa, dincliyə,
Qocasına şələ oldu bu dünya.
Göz yaşında boğa-boğa gül dedi,
Yananların qalığına kül dedi.
Gələnlərə qucaq açdı, gəl dedi,
Gedənləri yola saldı bu dünya.
Üşüyür
Qismətim bu, bəxtim budu,
Ahımda naləm üşüyür.
Mən odda qovrulan zaman,
Ətrafda aləm üşüyür.
Məlul-məlul, sərim axır,
Ömürdən günlərim axır.
Dabanımdan tərim axır,
Köksümdə ələm* üşüyür.
Saçımda illərin dəni,
Yaşadır bir güman məni.
Yükləyibdi zaman məni,
Çiynimdə şələm üşüyür.
Ruhu alov, cismi buzam,
Dərdi çox, sevinci azam.
Oturmuşam şeir yazam,
Əlimdə qələm üşüyür.
Burax əlini həsrətin yaxasından
Qızım Günayın toyu ərəfəsində, mərhum həyat yoldaşım Yeganə xanımın məzarı qarşısında qələmə aldığım hisslərim
Bilirsənmi, heç necə,
çətin oldu, bu illər?
Qışda çıxıb getmişdin,
dəyişmirdi fəsillər.
İllərdi ki, solmuşdu,
qəlbimdə arzular da.
Hər şey orda qalmışdı,
gəlməyən bir baharda.
Məzarın üstündəyəm,
yenə qonaq gəlmişəm.
Soyuq baxma Əzizim,
qara daş axrxasından.
Sənə qonaq gəlmişəm,
burax zərif əlini,
həsrətin yaxasından.
Bu gün ayrı bir gündür,
ruhun şad olsun bir az.
Analar ağlayırlar,
qızlar gəlin köçəndə.
Gözlərin dolsun bir az,
sevincdən ağla sən də.
Qədər bu, qismət buymuş,
vaxtsız oldu, tez oldu,
dünyadan sənin köçün.
Gözlərin aydın olsun.
Oğlumuz böyüyübdü,
qızımız gəlin köçür.
Çağ, o çağ deyil
Uşaqlıq illərim ayrı cür idi,
O illərdə ayrı dünya var idi.
O vaxt qışda hər yan düm ağ qar idi.
İndi qış da bəyaz deyil, ağ deyil.
Zaman dəyişibdi, çağ, o çağ deyil.
Baharın ətrini sel kəndimizə,
Gətirərdi açan gül kəndimizə.
Nağıl danışardı nənələr bizə,
Kəndimiz dağılıb, nənəm sağ deyil,
Zaman dəyişibdi, çağ, o çağ deyil.
Papaq saxlayardı başda babamız,
Yerindəydi o vaxt bizim obamız.
Bütün kəndi isidərdi sobamız,
Babam yoxdu, yanan o ocaq deyil,
Zaman dəyişibdi, çağ, o çağ deyil.
Geniş məhləmiz də dar görünərdi,
Dağlara baxardıq, qar görünərdi.
Qartal qıy vurardı, sar görünərdi,
Quşlar uçub gedib, dağ, o dağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.
O xoş günlərimiz qaldı dünəndə,
Bayramlar qurulur matəm günündə.
Vətən qarşısında, torpaq önündə,
Üzümüz qaradı, indi ağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.
O vaxt təmiz idi bütün arzular,
Yox idi əlçatmaz, çətin arzular.
Nağıl danışardı, nənələr bizə,
Almalar düşərdi qismətimizə.
İndi nağıl başqa, bağ, o bağ deyil,
Zaman dəyişibdi, çağ o çağ deyil.