Mənsurə Qaçayqızı, şair - publisis
Poeziya... Hisslərin, duyguların, fikirlərin poetik təzahürü... Hadisələrə münasibətlərin poetik təsviri. Sözün poetik etirafı... Könlünü, ömrünü poeziyaya bağlamaq isə bir başqa duygudu. Yanmaq, sözün istisinə yanmaq...
Bu gün Azərbaycan poeziyasında meydan geniş və eyni zamanda müxtəlif aspektlərdən görünsə də , bu meydanda boy göstərən şairlər bir o qədər də çox deyil. Hər şair öz şeirlərinin boyu ilə görünür. Hər şair öz şeiri boydadı. Və hər şair öz şeirinə bənzəyir. Hər şair öz şeirinin rəngindədi. Mənə elə gəlir ki, şairlər yeriyən şeirdi. Şeirinin səsində və nəfəsində. Şairi dindirsən şeir səslənəcək... Getdikləri və getmədikləri məkanlarda, hər yerdə şeirdi bu şeir adamlar... Şeir kimi, seirə çevrilən adamlar...
Faiq Balabəyli... Bu şeir adamlardan biri... Varlığı ilə şair adam. Bir az dalgın, bir az yorgun, bir az narahat şeirdi Faiq muəllim... Zamanın ətəyindən tutub varlığını şeirlərinə hopdurur.
Arada könlümdən
Ağrı dolu ayrılıqları
Yenidən yaşamaq keçir.
Baxmaq istəyirəm
sevdiklərimin əzabıma
necə dözməyimə..
ürəyi qübarlı,
dodağı papiroslu,
üzü tüklü gəzməyimə.
Baxım görüm,
Necə görünürəm ?
Bu şeirin şərhinə ehtiyac duymuram... Bax, şair, yazdığın kimi...
İlk dəfə bir neçə il əvvəl “Burda darixmaq olmaz” adlı şeirlər kitabı ilə tanıdım. Bilmirəm neçenci kitabı idi. Kitabdan bir-iki şeir oxuyub, artıq bu şairi oxumaq olar qənaətinə gəldiyimi hiss etdim. Xasiyyətimdi. Ya bu şairi oxumağa davam etməliyəm, ya yox. İlk qənaətim qərar verməyimə səbəb olur. Şairin şeirləri danışdı Faiq müəllimin şair obrazını, həyata münasibətini, tanıtdı dünyaya baxış bucağını. Şeirləri boy-boy göstərdi şairin düşüncələrini, şair dünyasını.
Faiq Balabəylinin həyata, sevgiyə, cəmiiyətə ünvanladığı bir-birindən fərqli, obrazlı şeirləri oxucunu şeirlə baş-başa qoyur...
Yaxşı, yaxın otur, üşütmə məni,
Görmürsən, hissləri yalın gəlmişəm.
Dərdi yorğan kimi çəkib üstümə,
Kədərdən üst-başı qalın gəlmişəm.
Və ya başqa bir mövzu haqqında...
... Adətən darıxmaq mövzusu poeziyada fərqli və eyni zamanda dəfələrlə işlənib. Bəzən oxucu elə düşünür ki, şairlər ancaq darıxanda şeir yazırlar. Ancaq Faiq Balabəylinin darıxmağı başqa bir darıxmaqdı. Həyatı darıxmaq və bu darıxmağın harda, hansı məqamda olub –olmayacağından asılı olmamasını və gerçək üzünü göstərir. Oxucu ilə söhbət etməyi bacarır, düşündürür.
Hər şey belə qalacaq,
Hər şey belə olacaq.
Alnımıza yazılan
Olmayanların hamısı
Zaman-zaman olacaq...
O şeirlər gözəldi ki, oxuyandan sonra paylasmaq istəyirsən. Basqa insanların da o seirlərin həyat esqinə şahidliyini, şeirlərin nəfəsinə isinməyini istəyirsən. Faiq müəllimin də şeirləri o sıradandı.
Sənə bir söz deyim,
Amma bu sözümü qərib eləmə.
Xəlvəti baxışla üz ürəyimi,
Amma ki,
Dərib eləmə...
Faiq Balabəyli dənizçidi, dəniz oglu, dənizin vurğunudu. Bəlkə də seirlərindəki o tufan, etiraz, Xəzərin dalğalarına səpələnib dənizin havasına qarşmış şair hönkürtüsüdü. “Kəsilməyən həyacan fiti”adlı kitabda dənizçilərin 20 yanvar faciəsi zamanı Xəzərin qoynunda həyacanlı, narahat günlərin ağrısı şairin millətinə, vətəninə nə qədər bağlılığını ortaya qoyur. Şairin şeirləri oxuduqca ürək çırpıntılarını, narahat duyğularının sahid oluruq.
O, həm də gözəl dostdu. Haminin “bizim Faiq”, deyə biləcəyi adamdı. O gözəl jurnalistdi. Həmişə hamının yanındadı. O bir neçə kitab müəllifidi. “Eh, ayrılıq nə yamansan”, “Kəsilməyən həyacan fiti”, “Sənə yazılan şeirlər ”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz ”, “Yaxın uzaq Elazığ”, “Bayıldan bayıra ”...
O böyük ürək sahibidi.
Ancaq uzun illərdən sonra şairin şeirlərini xatırlayanda “Burda darıxmaq olmaz ” adlı şeirlər kitabı ilə yazıya başlayacağımı düşünməmişdim. Yəqin ki, şeirləri ilk dəfə oxuyan oxucunun ürəyinə şairin fikirlərinin, düşüncələrinin yol tapmasının təsirindəndir.
Şair həyatla addım-addım yol gedir və onun baxışında həyat həqqətələri öz poetik təsvirini tapır. Şairin şeirlərində obrazlar özünəməxsus formada canlandırılır. Öz poetik, bədii təsvirləri ilə yadda qalır. Və oxucu məhəbbəti qazanır.
Çağdaş Azərbaycan poeziyasında maraqlı və səmimi imzalardan olan Faiq Balabəyli! Sizə yaradıcılıq uğurları arzulayıram! Gerçəkdən də, sizin şeirlərinizi oxuduqca düşünürsən, nə olur, olsun, darıxmaq olmaz!